Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2423/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 və qeyrisinin Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və qeyrisi Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətlərndə Z.Adıgözəlov küçəsi 3 ünvanında yaşayış sahəsi olmuş, həmin sahə dövlət ehtiyacları baxımından cavabdehə satılmışdır. Lakin, bu zaman torpaq sahəsinə görə kompensasiya ödənilməmiş, İddiaçılar qeyd edir ki, evin birinci mərtəbəsində 10 kv.m, zirzəmi, evin arxasında 18 kv.m otaq, kuxna, otağın üstündə 18 kv.m balkon, evin arxasında 1 sot sahə olmuş, həyətyani sahəs 132 kv.m olmuşdur. Evin altında yerləşən torpaq sahəsi və həyətyani sahəyə kompensasiya hesablanmamışdır. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Razılaşma aktından görünür ki, dövlət ehtiyacları üçün alınmış Z.Adıgözəlov küçəsi 3 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan sahəyə dair kompensasiya ödənilməsi razılaşdırılmışdır. Razılaşma aktında göstərilmişdir ki, vəsaitin köçürüldüyü andan etibarən həmin yaşayış sahəsi ilə əlaqədar hər hansı digər tələbinin olmayacağı, iddia qaldırılmayacağı barədə iddiaçılar öhdəlik götürür. Alqı-satqı müaviləsindən görünür ki, adıçəkilən əmlak iddiaçılar tərəfindən cavabdehə satılmışdır. Çıxarışlardan görünür ki, Adıgözəlov küçəsi 3 ünvanda yerləşən yaşayış sahəsi iddiaçıların mülkiyyətində olmuşdur. Notariat işində olan ərizələrdən görünür ki, iddiaçılar əmlakın satılmasına, kompensasiyanın alınmasına razılıq vermiş və bununla bağlı gələcəkdə hər hansı iddia olmayacağı barədə iradə ifadəsi göstərmişdir. Qiymətləndirmə cədvəllərindən görünür ki, əsas sahə, köməkçi sahə, açıq eyvan, pilləkən, anbar, zirzəmi, aqlay döşəmə və iki aylıq kirayə haqqı nəzərə alınmaqla ödəniş cədvəlləri tərtib edilmişdir. Qeyd olunmalıdır ki, İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, subyektiv hüququn iddiaçılara münasibətdə mövcud olmaması, iddianın da mümkün olmaması anlamına gəlir. Hazırkı iş üzrə də məhz iddiaçılar iddia tələbinə münasibətdə subyektiv hüquqa malik olmamışdır. İddia tələbinin məzmunundan görünür ki, iddiaçılar əvvəllər mülkiyyətində olmuş yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi və digər sahələrə dair əlavə kompensasiyanın ödənilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıların ümumiyyətlə adıçəkilən yaşayış sahəsinin nə özünə, nə onun əlavə sahələrinə, eləcə də yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə, həyətyani sahəyə hər hansı hüququ mövcud olmamış, daha doğrusu mövcud olmuş hüquqları alqı-satqı müqaviləsi əsasında cavabdehin xeyrinə olmaqla itirilmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçılarla cavabdeh arasında alqı-satqı münasibətləri olmuş, həmin münasibətlər zəminində iddiaçılar mülkiyyətində olan yaşayış sahəsini cavabdehə satmış, sonuncu tərəfindən də yaşayış sahəsinin dəyərini ödəmişdir. Göründüyü kimi, əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam hüquqları, Bakı şəhəri Cavabdehnə məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi alqı-satqı müqaviləsi çıxış edir. Həmin hüquq isə ona köhnə mülkiyyətçidən (iddiaçılardan) keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan haqq müqabilində imtina edərək onun Cavabdehnə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Göründüyü kimi iddiaçıların torpaq sahəsinə, yaşayış sahəsi ilə bağlı digər hissələrə münasibətdə mülkiyyət hüquqlarının olub-olmamasının müəyyən edilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. AR MM-nin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, yaşayış sahəsinin yerləşdiyi və həyətyani torpaq sahəsi və onunla bağlı olan yaşayış sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların mülkiyyətinə verilir. Nəzərə alınmalıdır ki, şəxs mülkiyyətində olan yaşayış sahəsini mülki əqd əsasında digər şəxsə satılmasını həyata keçirərsə bu zaman yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi, ona xidmət edən həyətyani sahə və həmin yaşayış sahəsi ilə bağlı iddia ərizəsində göstərilən digər sahələrə hüquqları itirmiş olur. Başqa sözlə desək şəxs həmin hüquqlarından haqq müqabilində imtina edərək sahiblik, istifadə və sərəncam hüquqlarının yeni mülkiyyətçiyə keçirilməsində iradə ifadəsini nümayiş etdirir. Bununla bağlı Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci maddəsini əsas gətirməyi zəruri hesab edir. Həmin maddəyə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin edən Mülki Məcəllənin müddəalarından görünür ki, torpaq sahəsində yerləşən yaşayış sahəsinin (fərdi yaşayış evinin) mülkiyyət hüquqlarının digər şəxsə keçirilməsi həyata keçirilirkən həmçinin torpaq sahəsinə və digər hissələrə hüquqlarının keçməsi həyata keçirilir. Beləliklə Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçılar tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir, lakin iddiaçılar həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür. Halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da əmlakı qəbul etdiyindən Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinin tələbləri baxımından tərəflərin üzərinə götürdükləri öhdəliklərinə artıq xitam verilmişir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış razılaşmadan da göründüyü kimi, iddiaçılar dövlət ehtiyacları üçün alınanaək sahibi olduğu yaşayış obyekti və bu Razılaşmanın predmeti ilə əlaqədar onun hüquqlarını müdafiə edən müvəkkillər tərəfindən də hər hansı bir iddia təli irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kim iddiaçı mübahisə predmetinə təşkil edən əmlaka münasibətdə iddia irəli sürməməsi öhdəliyini götürmüşdür ki, sözügedən fərdi yaşayış evinin tərkib hissəsi olan, sahələrə münasibətdə də iddia irəli sürülməsi istisna olunmuşdur. Nə qədər ki, adıçəkilən müqavilələr və razılaşma aktları mübahisələndirilməmiş, ləğv edilməmişdir iddia olunan sahələrə münasibətdə iddiaçıların mövcud olmuş hüquqları itirilmiş hesab edildiyindən itirilmiş hüquqlara dair əlavə tələbin irəli sürülməsinin məhkəmə subyektiv hüququn mövcud olması baxımından mümkün hesab etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-822/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçının yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd olunan ümumi istifadədə olan binanın dəhlizi, pilləkanları, lift, su anbarı, balkonlar, işıq tranformatoru və otağı, həyətyanı sahə və sair sahələrə görə kompensasiyanın ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqısatqısına dair bağlanmış müqavilə ilə öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş, bununla da üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən olunmur.” Bu mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-849/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-1320/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarında da əks olunmuşdur. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin “dövlət ehtiyacları üçün alınmiş daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi” növündə iddiaları üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər daşınmaz əmlaka münasibətdə vətəndaş ilə inzibati orqan arasında alqı-satqı müqaviləsi bağlanarsa və həmin müqavilə qüvvədə olarsa, şəxs həmin əmlaka və ya onun tərkib hissəsi olan sahələrə (həyətyanı sahə və s.) münasibətdə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmur. Bu yanaşma eyni ilə hazırki iddia üzrə də keçərlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2423/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2423/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver