Məhkəmə qərarları › İş №2-1(112)-2424/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2424/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2424/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixindən etibarən müddətsiz İİ qrup gözdən əlildir. Bir gözündəki görmə 0,03-dür. Onun sonuncu əlillik müddəti xx.xx.2021-ci il tarixində bitib. Bu ona müəyyən olunduqdan sonra noyabr ayında o, X3 adına Milli Oftalmologiya Mərkəzinə müayinə üçün müraciət etmişdir. xx.xx.2022-ci il tarixində ona tibbi rəy verilmişdir. Ona bildirilmişdir ki, bu məlumatlarını sistemə yerləşdirmək və pensiyasını bərpa etmək üçün qeydiyyatda olduğu 16 saylı Poliklinaya müraciət etsin. Oraya müraciət edəndən sonra sənədlərini qəbul etmişlər. O, onlardan nəticəsi barədə məlumat alan zaman bir neçə dəfə ona bildirdilər ki, sistem işləmir. O, orada 6 ay ərzində məlumatlarının sistemə daxil edilməli olduğunu bildirmiş, çünki həmin ayların pensiyasının ala bilməmişdir. Orada isə ona bildirilmişdir ki, bu sistemin səhvi olduğuna görə nəzərə alınır. Sonda onun məlumatlarını xx.xx.2022-ci il tarixində sistemə yerləşdirmişlər, lakin bu zaman da onun görməsini 0,03 (yüzdə üç) yerinə 0,3 (onda üç) kimi yazmışlar. Rəqəmlə olan hissəsində səhv yazmışlar, sözlə isə düz yazılmışdır. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi imtina yazmış və səhvin düzəldilməsini bildirmişdir. Ona görə də, ikinci dəfə onun məlumatları sistemə daxil edilmişdir. Lakin, bu dəfə də, səhv daxil edilmişdir. Buna görə yenidən imtina olunmuş və onun adı ümumiyyətlə sistemdən çıxarılmışdır. Nəticədə o, yenidən müayinə olunmuş və sənədlər hazırlamışdır. Yekunda onun əlilliyi xx.xx.2022-ci il tarixində təyin edildi. O, ortada ala bilmədiyi 7 ay yarımın pensiyası üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin onlar xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina etmişlər. İmtina səbəbi kimi təkrar əlilliyin müəyyən edilməsi zamanı 6 ay müddətin keçməsini göstərmişlər. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, 2022ci ilin yanvar ayında Tibbi Rəy ilə müraciət etmişdir, lakin poliklinaya yönləndilmişdir. Onun əlilliyi onsuz da, müddətsizdir. Sadəcə müayinə məlumatlarını səhv yerləşdirdiklərinə görə o, pensiyasından məhrum olur. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsinin əsasları kimi ona 2012-ci il tarixdən İİ qrup gözdən əlillik dərəcəsi müəyyən edildiyini, sonuncu əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini qeyd etmişdir. Belə ki, təkrar müayinədən sonra İddiaçı əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. İddiaçı ödənilməyən 7 ay yarımın ödənişinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilsə də, müraciət etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bildirirlər ki, yuxarıda qeyd olunan dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. “Əliliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6- bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Araşdırma məlumatına əsasən bildirirlər ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi İddiaçı əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021 -ci il tarixdə dayandırılıb. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” Alt sistemi vasitəsi ilə həyata keçirilir. İddiaçı əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən yeni İİİ dərəcə əlillik müəyyən edilib. Qeyd olunanlara əsasən, İddiaçı pensiya ödənişi xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. İddiaçının müraciət etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan aydın olduğu kimi, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vərərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktuba əsasən iddiaçının əlilliyinə görə müavinətin ödənilməsi barədə məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-cii l tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2750003AAGH6 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Onun axırıncı qüvvədə olan əlillik vəziyyəti xx.xx.2021-ci ildə bitib. Növbəti əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə təyin olunmuşdur. Yeni təyinat tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 07 dekabr 2022-ci il tarixli, ********** nömrəli məktuba əsasən iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılr. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.31-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddə də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Araşdırma məlumatına əsasən bildirirlər ki, əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılıb. Əlilliyin qiymətlndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixindən yeni İİİ dərəcə əlillik müəyyən edilib. Qeyd olunanlara əsasən onun pensiya ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən İddiaçı barəsində Bakı şəhəri 16 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş göndəriş əsasında 30 dekabr 2021-ci il tarixli tibbi rəy verilmişdir. - 16 nömrəli Şəhər Poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına 0085003AAEE6 nömrəli göndəriş verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən **********3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinə əsasən, İddiaçı 36 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin mövcud əlamətləri üzrə xx.xx.2012-ci il tarixdə tibbi nəzarətə götürülmüş, xx.xx.2013-cü il tarixdə onun barəsində göndəriş verilmiş, xx.xx.2013-cü il tarixdə müayinə olunmuş, 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmmiş, əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2014-cü il müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək 1 il müddətinə yenidən ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş, əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il müəyyən edilmiş, xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək 1 il müddətinə yenidən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2017-ci il tarixdə qiymətlədirilərək 5 il müdətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasında tibbi nəzarətə götürülmüş, xx.xx.2022-ci il tarixdə göndəriş verilmiş, xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək, göndərişin natamam doldurulması, əsas diaqnozun səthi və keyfiyyətsiz qeyd olunması, gözün görməsinin dəqiqləşdirilməsi səbəbindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə yenidən göndəriş tərtib olunmuş, xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək iddiaçıya 3-cü dərəcə, müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2012-ci il tarixdən etibarən ikinci dərəcəli gözdən əlildir. Ona təyin edilmiş əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı 16 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə X3 adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicədə olmuş, sonuncu tərəfindən onun barəsində 30 dekabr 2021-ci il tarixdə tibbi rəy verilmişdir. Həmin tibbi rəy əsasında 16 nömrəli Şəhər Poliklinikası tərəfindən 0085003AAEE6 nömrəli, xx.xx.2022-ci il tarixli göndəriş tərtib olunmuş, həmin göndəriş əsasında onun əlillik vəziyyəti tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması, əsas diaqnozun səthi və keyfiyyətsiz qeyd olunması, gözün görməsinin dəqiqləşdirilməsi səbəbindən imtina edilmişdir. Bundan sonra 16 nömrəli Şəhər Poliklinikası tərəfindən yenidən göndəriş tərtib olunaraq tibbi sosial ekspert komissiyasına yenidən təqdim olunmuş cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi qiymətləndirilərək ona xx.xx.2022ci il tarixdən 3-cü dərəcə, müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçının əvvəlki 2-ci dərəcə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra müvafiq olaraq xx.xx.2022-ci il tarixdə müalicə aldığı müəssisə tərəfindən onun barəsində tibbi rəy verilməsinə baxmayaraq, 16 nömrəli Şəhər Poliklinikası tərəfindən onun barəsində göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, həmin göndəriş də, sonuncu tərəfindən natamam doldurulmuş, əsas diaqnoz səthi və keyfiyyətsiz qeyd olunmuş, gözün görməsi dəqiqləşdirilməli olmuşdur. Həmin çatışmazlıqlar 16 nömrəli Şəhər Poliklinikası tərəfindən aradan qaldırılaraq, yenidən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli göndəriş tərtib olunaraq tibbi sosial ekspert komissiyasına təqdim edilmiş, sonuncu tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilmişdir. İddiaçıya müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı yenidən müddəsiz əlillik dərəcəsi almaq hüququna malik olan şəxs hesab edildiyi halda, tibb müəsissəsi tərəfindən iddiaçı barəsində göndərişin vaxtında və düzgün doldurulmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu hal onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»: bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin”: bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; bənd 2.1. Strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; bənd 3. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17.Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə məhkəmə işin faktiki hallarını qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından tətdiq edərək hesab edir ki, iddiaçının əlilliyinin əlillik müddəti bitdikdən sonra 6 ay ərzində qiymətləndirilməməsi onun təqsiri ucbatından olmadığından və tibbi sosial ekspert komissiyası tərəfindən ona yenidən müddətsiz əlillik dərəcəsi təyin edildiyindən, yəni iddiaçı faktiki olaraq ötən 6 ay ərzində də, əlilliyi olan şəxs olduğundan, onun sosial təminat hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə İ bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar