Məhkəmə qərarları › İş №2-1(112)-2426/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2426/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2426/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixindən hərbi qulluqçunun ailəsi olaraq ailə başçısını itirən kimi aldığı əmək pensiyasınının yenidən hesablanması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X1 həyat yoldaşı olmuşdur. Həyat yoldaşı 2014-ci ildə vəfat etmişdir. Həmin ildən ailə başçısını itirməyə görə pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla edilmiş dəyişik xx.xx.2017-ci il tarixindən qüvvəyə minməsinə baxmayaraq onun pensiyası mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində hesablamalı olduqları halda bunu etməmişlər. Ona görə də xx.xx.2020-ci il tarixində Mərkəzi Filialın rəisinə ərizə ilə müraciət edərək pensiyanın da xx.xx.2017-ci il tarixindən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində hesablanmasına və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsinə göstəriş verməsini xahiş etmiş, Mərkəzi Filial onun pensiyasının xx.xx.2017-ci il tarixindən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində hesablandığını, yaranmış fərq məbləğinin 18 231 manat olduğunu və onu da 38 aya bölərək hissə-hissə ödəyəcəklərini bidirmişdilər. Pensiyasının hesablanmasına cavabdeh tərəfindən vaxtında baxılmadığı üçün gecikdirilmişdir. Buna görə də yaranmış fərq məbləğinin ona birdəfəlik ödənilməsinə köməlik göstərilməsini xahiş edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi təqdim edilmiş etirazı müdafiə edərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin rəisinə ünvanladığı xx.xx.2020-i il tarixli ərizəsindən görünür ki, iddiaçı 2014-cü ildən Hərbi qulluqçusunun ailəsi kimi ailə başçısını itirməyə görə pensiya alır və o, müraciət edərək, 2017-ci ilin iyul ayının 1-dən həyat yoldaşının əmək haqqının 80%-i məbləğində hesablanmasına və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsinə göstəriş verilməsini xahiş etmiş. Cavabdeh tərəfindən təqdim edilmiş etiraza əlavə edilmiş sənədlərdən görünür ki, - AZ-İ № 656391 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. - 14/819 saylı, xx.xx.2014-cü il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 301,74 manat əmək pensiyası təyin edilmişdir. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, 988,68 manat məbləğində müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ötən dövrlər üzrə alınmamış pensiya məbləği hissə-hissə 476,76 manat aylıq ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdə 20.17.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2014-cü il tarixdə ona təyin edilmiş pensiya yenidən hesablanaraq, keçmiş müddətə, yəni xx.xx.2017-ci il tarixdən 18.231 manat fərq məbləği hesablanmış və 38 aya bölünərək hissə-hissə ödənilməkdədir. Lakin iddiaçı ötən dövrlər üzrə yaranmış pensiya fərq məbləğinin ona hissə-hissə deyil, birdəfəlik ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçıya hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, cavabdehin imtinası haqlı olmuşdur. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar