Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2427/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.04.2021-ci tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasından qanunsuz tutulmuş pulların geri qaytarılması və Filialın qanunazidd hərəkətlərinin qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərarın etibarsız hesab edilməli, qeyd olunan qərar əsasında onun əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi və məhkəmə qərarı və ya onun razılığı olmadan pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23.04.2021-ci tarixli **********5 nömrəli qərarı ilə onun əmək pensiyasından 3.161,34 manat məbləğində pul tutulması qərara alınmışdır. Həmin qərarın təsviri hissəsi “ilkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsinin düzgün nəzərə alınmaması nəticəsində vətəndaş İddiaçı əmək pensiyasına 18.10.2008-ci il tarixdən 01.05.2021-ci il tarixə kimi 3161,34 manat məbləğində artıq ödəniş edilməsilə” əsaslandırılmışdır. Qeyd edilən qərar aşağıdakı səbəblərə görə ləğv edilməli, onun əmək pensiyasından qanunsuz tutulmuş pullar geri qaytarılmalı və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın qanunazidd hərəkətləri qadağan edilməlidir. İlkin pensiya təyinatı 13 il bundan əvvəl 2008-ci ildə olmuşdur. Bu zaman pensiyanın sığorta hissəsinin düzgün nəzərə alınmamasında dövlət orqanının səlahiyyətli və ya vəzifəli şəxsləri səhvə yol veriblərsə bu səhvə görə 13 ildə hissə- hissə yığışmış zərərin məbləği, 13 ildən sonra məhkəmə qərarı olmadan ondan tutula bilməz. Bu qərar tam qanunsuz qərardır. Bilərəkdən belə bir hərəkətin edilməsi isə vəzifə səlahiyyətlərini aşmadı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət”dən bəhs edən 1100-cu maddəsinə əsasən “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir”. “İlkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsinin düzgün nəzərə alınmaması” inandırıcı deyil. Bu onun pensiyanın düzgün hesablanmamasına dair 30.03.2021-ci il tarixli müraciətindən (1968-1973-cü illərdə təhsil aldığı dövrün sığorta stajına əlavə edilməsi barədə) sonra Mərkəzi Filialının yeni fiktidir. Odur ki, iş üzrə müvafiq ekspertiza keçirilməli və ya aidiyyəti mütəxəssis cəlb edilib bu məsələlərə tam aydınlıq gətirilməlidir. Bundan əlavə, hər hansı işçi və ya vəzifəli şəxs tərəfindən 13 il bundan əvvəl “ilkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsinin düzgün nəzərə almamasına” görə onun üzərinə heç bir cavabdehlik və ya məsuliyyət qoyula bilməz. Hətta bu hallar həqiqət olsa belə (ekspertiza rəyindən və ya mütəxəsis araşdırmasından sonra dəqiq məlum olacaq) guya hər ay artıq ödənmiş “5 manat” pul ondan deyil, həmin işçidən tutula bilərdi. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş iddia tələbinə dair 11 yanvar 2022-ci il tarixli **********2 saylı yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, İddiaçı 01.01.2006-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Onun əmək pensiyasının növü 18.10.2008-ci il tarixli müraciəti əsasında dəyişdirilmiş və əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Həmçinin iddiaçının 30.03.2021-ci il tarixli təhsil illərinin sığorta stajına daxil edilməsi ilə bağlı müraciəti əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Onun yaşa görə əmək pensiyası 01.09.1968- 30.06.1973-cü illər təhsil aldığı dövr, 08.10.1973-31.01.1983-cü illər, 10.02.1983- 27.10.1993-cü illər, 01.11.1993-31.12.2005-ci işlədiyi illər üzrə ümumi 37 il 9 gün sığorta stajı əsasında yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 589 manat 69 qəpik müəyyən edilmişdir. İlkin pensiya təyinatı zamanı təhsil illəri sığorta stajına daxil edilmişdir. Yenidən hesablama zamanı İddiaçı əmək pensiyasına 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək 3161,34 manat artıq ödəmə məbləği müəyyən edilmişdir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi” haqqında 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən İ və İİ qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara 6 manat aylıq müavinət verilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman qeyd edilən müavinət əmək pensiyasının sığorta hissəsinə əlavə edilərək, ödənilirdi. Lakin yaşa görə əmək pensiyasına keçən zaman onun əmək pensiyası sığorta hissəsinə 6 manat əlavə edilərək hesablanmağa davam etmişdir. İddiaçının təqdim etdiyi 17.10.2017-ci il tarixli “sığortaolunanın fərdi uçot məlumatlar əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa əsasən İddiaçı 01.03.2006-cı il tarixindən 01.01.2017-ci il tarixinədək 10 il 10 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7932.89 manat pensiya kapital, 06.11.2017-ci il tarixli arayışa əsasən 01.03.2006-cı il tarixindən 01.01.2017-ci il tarixinədək 14.279,2 manat pensiya kapitalı, 23.04.2018-ci il tarixli arayışa əsasən isə 01.03.2006-cı il tarixindən 01.09.2017-ci il tarixinədək 16215.1 manat pensiya sığorta kapitalı müəyyən olunmuşdur. Həmin arayışlarda 01.01.2006-cı il tarixindən 01.11.2008-ci il tarixinədək olan pensiya sığorta kapitalı istifadə edildiyi halda əmək pensiyası yenidən hesablanarkən həmin illər üzrə pensiya kapitalı təkrar nəzərə alınmışdır. Nəticədə İddiaçı yaşa görə əmək pensiyası 12598,90 manat əvəzinə 16215,10 manat pensiya kapitalı əsasında yenidən hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci, 28.1.2-ci, 63.1-ci və 64.1-ci maddələrinə əsasən İddiaçı əmək pensiyasına 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək 3161,34 manat (yuxarıda qeyd olunan cədvəldə qeyd olunmuş hesablanmayadək olan məbləğlərlə uyğun olaraq hesablandıqdan sonra olan məbləğlər arasındakı fərq məbləğinin cəmi) artıq ödəmə məbləği müəyyən edilmişdir. Həmin məbləğ bölünərək 01.07.2021-ci il tarixindən 31.10.2023-cü il tarixinədək hər ay 112.90 manat olmaqla onun əmək pensiyasından Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: “ASAN 1” tərəfindən 08.02.2014-cü ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23.04.2021-ci il tarixli **********5 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək artıq ödənilmiş 3161,34 manat məbləğində əmək pensiyasının artıq ödənilməsinə dair sənədlər nəzərdən keçirilərək, xx.xx.1951-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan İddiaçı ödənilmiş 18.10.2008-ci il tarixindən 01.05.2021-cl il tarixinədək 3161,34 manatın hər ay əmək pensiyasından tutulması qərara alınmışdır. İddiaçının müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş 06.07.2021-ci il tarixli **********9 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi ilə 01.11.2008-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı ona təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. Onun 30.03.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanmışdır və 01.09.1968-30.06.1973-cü illər təhsil aldığı dövr sığorta stajına əlavə edilmişdir. Qnunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Yenidən hesablanma zamanı məlum olmuşdur ki, ilkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsi düzgün nəzərə alınmadan ödənilmişdir. Nəticədə 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək 3161,34 manat artıq ödəmə məbləği aşkarlanmışdır. Qeyd olunanlar nəzərə alınaraq Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın **********5 saylı 23.04.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və 01.01.2021 -ci il tarixindən 589,69 manat müəyyən edilmişdir. Bu səbəbdən, 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək artıq ödənilmiş 3161,34 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “Əmək Pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi- əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsi əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Mübahisələndirilən inzibati orqan tərəfindən artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qəbul olunmuş qərardan görünür ki, həmin qərar əmək pensiyaçısının razılığı, ümumiyyətlə xəbəri olmadan qəbul edilmişdir ki, bu da qanunvericiliyin (Əmək Pensiyaları haqqında Qanun) yuxarıda qeyd olunan tələblərinə ziddir. Eyni zamanda, məhkəmə cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarının qəbulu ilə bağlı prosessual pozuntulara yol verilməsi ilə bağlı da aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən 23.04.2021-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərar etibarsız hesab edilməli, qeyd olunan qərar əsasında İddiaçı əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməli və məhkəmə qərarı və ya iddiaçının razılığı olmadan sonuncunun pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərar etibarsız hesab edilsin, qeyd olunan qərar əsasında İddiaçı əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilsin və məhkəmə qərarı və ya iddiaçının razılığı olmadan sonuncunun pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsi cavabdehə qadağan edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2427/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2427/2022
14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver