Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2428/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil növbəsinə götürülməyim barədə cavabdehə müraciət edilsə də müraciət təmin edilməmişdir. Bununla bağlı müvafiq arayış təqdim edilsə də, nəzərə alınmamışdır. Halbuki, ədliyyə orqanlarında məhz hərbi qulluqçu kimi xidmət etmişdir. Daha sonra iddia tələbinə iddiaçı dəqiqləşmə verərək cavabdehə müraciət etdiyi 2014-cü il tarixdən mənzil növbəsinə götürülməsi və kirayə pulunun həmin ildən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə yenidən dəqiqləşmə barədə ərizə təqdim edərək o və 3 ailə üzvünün nəzərə alınmaqla mənzil növbəsinə götürülməsinin və kirayə haqqının ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, hazırkı iddia tələbinə münasibətdə cavabdehə öncədən müraciətinin olmasına münasibətdə də məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özündən əlavə digər 3 ailə üzvünün də mənzil növbəsinə götürülmə zamanı nəzərə alınması və kirayə haqqının ödənilməsinə münasibətdə mümkünlük şərtləri də ödənilmişdir. Belə ki, iddiaçının mənzil növbəsinə götürülmədən imtina əsasları ilə əlaqədar cavabdehin mövqeyi dəyişməz qalır ki, həmin hala istinad edildiyi müddətdə digər 3 ailə üzvnünün də nəzərə alınmaqla mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsindən imtina ediləcəyi aşkar müəyyən edilir. Bu səbəbdən də yeni müraciətin cavabdehə təqdim edilməsinin zərurət kimi müəyyən edilməsini məhkəmə prosessual qənaət prinsipi ilə uzlaşmaması və formal qəbul edilənliyi qənaətindədir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun:
12. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İşin faktiki hallarından da müəyyən edilir ki, hazırkı inzibati mübahisənin yaranma əsası iddiaçının hərbi qulluqçu kimi ədliyyə orqanlarında xidmət keçib-keçməməsi ilə bağlıdır. Belə ki, iddiaçı onun xidmətinin hərbi qulluqçu kimi xidmətlə əlaqədar olduğunu, cavabdeh isə yalnız iddiaçının 24 avqust 1995-ci il tarixədək hərbi hissədə xidmət keçməsinə istinad edərək ondan sonrakı xidmətinin hərbi qulluqla əlaqədar olmadığını iddia edir. Məhkəmə isə, cavabdehin həmin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iddiaçının 24 avqust 1995-ci il tarixdən sonrakı xidməti də məhz hərbi qulluqla əlaqədar olmuşdur. Bununla əlaqədar iş materiallarında olan ziddiyyətli məlumatların dəqiqləşdirilməsi zərurəti olmuş və məhkəmə aşağıdakıları müəyyən etmişdir. Belə ki, 04 oktyabr 2019-cu il tarixli əmrdə iddiaçının ümumi qulluq xüsusiyyəti ilə bağlı məlumat qeyd edilmiş və iddiaçının tutduğu vəzifədən azad edildiyi göstərilmişdir. Pensiya orqanın 05 may 2021-ci il tarixli arayışında da iddiaçıya təyin edilən pensiyanın hərbi qulluqçu, yoxsa xüsusi rütbəli əməkdaş kimi təyin edilməsi müəyyən edilməmişdir. Belə ki, həmin arayışda hər iki ifadədən istifadə edildiyi aşkar edilir. Mühafizə Alayının 18 may 2021-ci il tarixli arayışında isə onun 2006-cı ildən sonra xüsusi rütbəli əməkdaş kimi xidmət etdiyi qeyd edilmişdir. Məhkəmə də iddiaçının hərbi qulluqçu və xüsusi rütbəli əməkdaş olması barədə iş materiallarında olan məlumatlarla kifayətlənməmiş, bununla əlaqədar həm Penitensiar Xidmətə, həm də Mühafizə Alayına sorğular göndərmişdir. Mühafizə Alayı 07 dekabr 2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, iddiaçı 25 oktyabr 1995-ci il tarixdə hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, o, 04 oktyabr 2019-cu il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. 04 oktyabr 2019-cu il tarixli tarixli əmrdən əlavə olaraq o da müəyyən edilir ki, iddiaçı 01.01.2019-cu il tarixdən 04.10.2019-cu il tarixədək döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına görə üzərində düşən birdəfəlik pul mükafatının verilməsinə layiqdır. Əmrdən, həmçinin o da müəyyən edilir ki, iddiaçının təqvim hesabı ilə qulluq müddəti 25 oktyabr 1995-ci il tarixdən fasiləsiz 27 il 08 ay 09 gün olmuşdur. Bundan əlavə, Penitensiar Xidmət tərəfindən də məhkəmə tərəfindən verilən sorğu əsasında 23 dekabr 2021-ci il tarixdə məhkəməyə məktub ünvanlanmışdır. Lakin, həmin məktubda ədliyyə orqanlarında xidmət keçmə ilə bağlı qanunvericiliyin müddəaları sadalanmış, iddiaçının konkret olaraq xüsusi rütbəli əməkdaş, yoxsa hərbi qulluqçu olmasına münasibət bildirilməmişdir. Həmin sorğuya isə iddiaçı barəsində qəbul edilmiş 24 avqust 1995-ci il tarixli əmrindən çıxarış əlavə edilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, iddiaçı müddətdən artıq həqiqi hərbi xidmət etmək haqqında əsasnaməyə uyğun olaraq 2 il müddətinə həqiqi hərbi xidmət etmək üçün vəzifəyə təyin edilir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən təkrarən sorğu ilə müraciət edilmiş, bundan əlavə həmin məktubda qeyd edilən nömrə ilə əlaqə saxlanılmış, məktubun icraçısına məhkəmənin hansı məlumatı əldə etmək istədiyi diqqətlərinə çatdırılmış 24 avqust 1995-ci il tarixli əmrin həqiqi hərbi xidmətə qəbul ilə bağlı olması, iddiaçının xüsusi rütbəli əməkdaş olub-olmaması ilə bağlı dəqiqləşdirici arayışın təqdim edilməsi istənilmişdir. Lakin,Penitensiar Xidmətin təqdim etdiyi sorğuya cavab məktublarıda iddiaçının xüsusi rütbəli əməkdaş olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin məktubların əksinə iddiaçının hərbi qulluqçu olması aşkar surətdə görünür. Bununla əlaqədar aşağıdakıların qeyd edilməsi zəruridir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun: 4.10. Penitensiar xidmətə qulluğa qəbulun xüsusiyyətləri bu Qanunun 34-cü maddəsi ilə müəyyən edilir. 33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. 33.4. Hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. 35.2. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir. Göründüyü kimi Penitensiar xidmətdə xüsusi rütbəli şəxslərdən savayı məhz penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində hərbi qulluqçuların xidmət etməsi nəzərdə tutulmuşdur ki, iddiaçının da xidmətin xüsusiyyətləri məhz bununla əlaqədar olmuşdur. Bu səbəbdəndir ki, iddiaçı 24 avqust 1995-ci il tarixli əmrlə məhz müddətdən artıq həqiqi hərbi xidmət etmək haqqında Əsasnaməyə uyğun olaraq məhz müddətdən artıq həqiqi xidmətə qəbul edilmiş, onun xidmətinin xüsusi rütbəli əməkdaşların xidməti ilə hər hansı bağlılığı olmamışdır. Məhkəmə sorğularına əsasən təqdim edilən cavab məktubları ilə də onun həqiqi hərbi xidmətinə xitam verilməsi, məhz xüsusi rütbəli əməkdaş kimi xidmətə davam etdirilməsi ilə bağlı hər hansı sənədləşmənin müəyyən edilməsi də aşkar edilməmişdir. Belə ki, 2006-cı il tarixdən yeni qanunun qəbul edilməsi də iddiaçının xidmətkeçməsinin hərbidən xüsusiyə dəyişməsi ilə nəticələnməsini də məhkəmə qəbul etmir. Halbuki, “Hərbi xidmətkeçmə haqqında» Əsasnamə” şəxsin hərbi qulluqçu kimi xidmət etməsi, hərbi qulluqçu kimi statusunun hansı hallarda itirildiyi konkret olaraq tənzimləmişdir. Belə ki, Əsasnamənin: 13.«Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən; ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ailə vəziyyətinə görə — qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa; hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər; törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə.
16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün;
20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; Eyni zamanda qeyd olunmalıdır ki, Əsasnamənin 6-cı Fəsli Vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmə ilə əlaqədardır. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi qulluqçunun hərbi qulluğa konkret başladığı və bitirdiyi günün müəyyən edilməsi mexanizmi öz təsbitini tapmış, eyni zamanda Əsasnamənin adıçəkilən Fəslində və digər aidiyyəti maddələrində hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılmadan hər hansı sənədləşmə olmadan xüsusi rütbəyə və ya mülki işə keçirilməsinin keçirilməsinin mümkünsüzlüyü müəyyən edilmişdir. Qeyd olunan səbəbdəndir ki, məhkəmə 24 avqust 1995-ci il tarixli əmr də nəzərə alınmaqla hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətə daxil olmuş və istər 2006-cı il, istərsə də həmin tarixdən sonra, yəni Yeni Qanundan sonra da hərbi qulluqçu kimi xidmətdə olmuşdur. Belə ki, 24 avqust 1995-ci il tarixdə iddiaçının hərbi xidmətə daxil olmasından sonra onun Yuxarıda adıçəkilən Əsasnamənin 20-ci hissəsində qeyd olunan tələb daxilində hərbi xidmətinin son müddəti 04 oktyabr 2019-cu il tarixli məhz şəxsi heyətinin siyahısından çıxarıldığı gün olmuşdur. Onunla bağlı həmin müddət ərzində hərbi qulluğuna xitam verilməsi, xüsusi rütbəli əməkdaş kimi xidmətə qəbul edilməsi ilə əlaqədar əmr olmamış, iddiaçı 27 il 08 ay 09 gün məhz hərbi xidmət keçən ədliyyə qulluqçusu olmuşdur. Qeyd olunan hallar cavabdeh tərəfindən nəzərə alınmamış, Penitensiar Xidmət tərəfindən sorğuya cavab məktublarında isə heç bir əsas göstərilmədən, məhkəmənin qənaətinə görə 24 avqust 1995-ci il tarixli əmrin iddiaçının hərbi xidmətə daxil olması ilə bağlı olması nəzərə alınmadan onun həmin tarixdən bugünədək xüsusi rütbəli əməkdaş olması qənaətinə gəlinmişdir. Halbuki, iddiaçının xüsusi rütbəli əməkdaş hesab edilməsi ilə bağlı onun hərbi qulluğuna xitam verilməsi və bundan sonra məhz xüsusi rütbəli əməkdaş kimi xidmətə qəbulu ilə bağlı sənədləşmənin mövcudluğu mütləq idi. Bu səbəbdən də iddiaçının 24 avqust 1995-ci il tarixli əmrdə hərbi qulluqçu göstərilməsinə baxmayaraq avtomatiq olaraq xüsusi rütbəli əməkdaşa keçidinin əsaslandırılmaması istər cavabdehin istərsə də Penitensiar Xidmətinin hazırkı mübahisə üzrə mövqeyinin düzgün olmaması öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının hərbi qulluqçu olması, onun pensiya hüququnun tanınmasına münasibətdə də öz təsbitini tapması qənaətindədir. Belə ki, iddiaçı 26 avqust 1973-cü il təvəllüdlü olmaqla qulluq illərinə görə pensiyaya çıxılmaqla 04 oktyabr 2019-cu il tarixdə onun qulluq keçməsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun: 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Göründüyü kimi iddiaçının pensiya hüququ da xüsusi rütbəli əməkdaş yox, məhz hərbi qulluqçu olması ilə əlaqədar yaranmış, 35 il qulluq stajına aid xüsusi rütbəli əməkdaşlar üçün ödənilməli olan şərt ödənilməsə də iddiaçı məhz hərbi qulluqçu hesab edildiyindən 27 il 08 ay 09 gün xidmət müddəti pensiyanın təyini üçün kifayət etmişdir. Məhkəmə, iddiaçının ailə üzvləri də nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin də buna uyğun olaraq ödənilməsinə münasibətdə iddianın təmin edilməli olması ilə əlaqədar aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara xidməti mənzil, yşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsinin verilməsi həyata keçirilirkən hərbi qulluqçunun ailə üzvləri də nəzərə alınır. Belə ki, qanunvericilik təkcə hərbi qulluqçuya deyil, həmçinin onun ailə üzvlərinə xidməti mənzil alanadək və ya yaşayış sahəsi ilə təmin edilənədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyasının ödənilməsini şərtləndirmişdir. İşin faktiki hallarından görünür ki,iddiaçı ailəlidir və iki övladı var. Bu səbəbdən də həmin şəxslərin də mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin ödənilməsini iddia edir. Yuxarıda da qeyd olunduğu kimi ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu təkcə özünə deyil, həmçinin ailə üzvünün mənzil növbəsinə götürülməsini və kirayə xərcinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarının 1-ci bəndində yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi təsbit olunmuşdur. Bu kompensasiyanın ödənilməsi isə təkcə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuya deyil, həmçinin onun ailə üzvlərinə də şamil olunur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi hüquqları olduğundan, onlara münasibətdə kirayə xərclərinin ödənilməsi də təmin olunmalıdır. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, iddiaçının adına hər hansı əmlak da aşkar edilməmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı və digər 3 ailə üzvünün (X3, X4, X1) mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov