Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2430/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla Daşınmaz əmlakın Dövlət reyestrində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 №-li evin 85 saylı mənzilinə dair adına mülkiyyət hüququnu təsdiq edən “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 14 №-li evin 85 saylı mənzilinə dair iddiaçı- İddiaçı istifadə hüququnun ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz əmlak Dövlət Reyestrində 3519 №-li reyestr kitabının 330066 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, həmin mənzilə dair onun yəni- İddiaçı xüsusi mülkiyyət hüququnun qeydə alınmaqla, buna dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********32-05101-091001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 12 avqust 2020-ci il tarixli "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxanşı"na əsasən ümumi sahəsi 34 kv. metr olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 85 saylı mənzili onun istifadəsindədir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının 12 saylı, 17 yanvar 2020-ci il tarixli Sərəncamına əsasən onunla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 85 saylı mənzilinə dair 001 saylı, 31 yanvar 2020-ci il tarixli "Kirayə müqaviləsi" bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən istifadəsində olan mənzili adına özəlləşdirilməsi məqsədi ilə 11 avqust 2021-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, sonuncunun **********24 saylı, 26 avqust 2021-ci il tarixli məktubu ilə İdarə onun istifadəsində olan mənzili adına özəlləşdirilməsindən əsassız və qanunsuz olaraq imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 11.10.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Bakı şəhəri Yasamal rayon Məzil Kommunal Təsərrüfatı Birliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 23.11.2021-ci il tarixli **********1 saylı iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, qeyd olunan mənzilə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması haqqında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.01.2020-ci il tarixli, 12 saylı sərəncamı əsasında iddiaçının İdarəyə ********** qeydiyyat nömrəli, 24.07.2020-ci il tarixli ərizəsi icra olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Yem Yasamal-1 küçəsi, 14 saylı evin, 85 saylı mənzil üzərində istifadə hüququ qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçının qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1952-ci ildə Şuşa rayonu, Turşsu kəndində doğulmuş İddiaçı Şuşa rayonu, Turşsu kəndində qeydiyyatdadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli 2-1(81)- 3971/2019 №li qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 85 saylı mənzilinə dair onunla icarə müqaviləsi bağlanması vəzifəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 08.10.2019-cu il tarixli 2-1(81)-3971/2019 №li qərarı ilə iddia tələbinin təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 saylı evin, 85 saylı mənzilinə dair İddiaçı ilə icarə müqaviləsi bağlanması vəzifəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin 85 saylı mənzilinə dair 12.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı istifadə hüququ Daşınmaz əmlakın dövlət reyestrində 3519 nömrəli reyestr kitabının 330066 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********24 №li 26.08.2021 tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan mənzilə dair adına verilmiş icarə müqaviləsinin bağlanması haqqında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.01.2020-ci il tarixli, 12 saylı sərəncamı əsasında ********** qeydiyyat nömrəli, 24.07.2021-ci il tarixli ərizəsi icra olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 saylı evin, 85 saylı mənzili üzərində istifadə hüququ qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 10.11.20021-ci il tarixli **********52 №li məktubu ilə ünvan 3 ünvanının İddiaçı adına istifadə hüququ ilə qeydiyyata alınmasına əsas olmuş ********** qeydiyyat nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş aşağıdakı sənədlərdən: Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 17.01.2020-ci il tarixli 12 nömrəli Sərəncamının surətindən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3971/2019 nömrəli, 08.10.2019-cu il tarixli Qərarına əsasən ünvan 4 ünvanına dair İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanılması; sərəncamın surətinin müvafiq MKİS-ə gönərilməsi; İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanmasının müvafiq MKİS-ə tapşırılması qərara alınmışdır. 31 yanvar 2020-ci il tarixli Xüsusi Təyinatlı Yaşayış X2 surətindən müəyyən olunur ki, Yasamal rayonu 19 saylı MKİS bir tərəfədən və vətəndaş İddiaçı (bundan sonra kirayəçi adlandırılacaq) digər tərəfdən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında 17.01.2020-ci il tarixli 12 nömrəli qərar əsasındda Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq aşağıdakı şərtlər daxilində bağlanmışdır: Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə kirayəyə verən Yasamal rayonu Yeni Yasamal 1 küçəsi 14 nömrəli evdə 85 nömrəli mənzildə yerləşən MKTB mənzil fonduna aid, ümumi sahəsi 31,59 kv. metr yaşayış hissəsi 16,59 kv. metrdən ibarət 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Məzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə dami müddətə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 07.02.2022-ci il tarixli 161/g saylı məktubunda qeyd olunmuşdur ki, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 14 nömrəli evin 85 saylı mənzili Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və xüsusi təyinatlı deyil. İddiaçı hazırda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 14 №-li evin 85 saylı mənzilinə onun istifadə hüququnun ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz əmlak Dövlət Reyestrində 3519 №-li reyestr kitabının 330066 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, həmin mənzilə dair onun xüsusi mülkiyyət hüququnun qeydə alınmaqla, buna dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçının istifadəsində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1 -ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 17.01.2020-ci il tarixli 12 nömrəli Sərəncamına və həmin sərəncam əsasında iddiaçı ilə Yasamal rayon MKTB 19 saylı MKİS arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli kirayə müqaviləsinə əsasən, mübahisəli mənzilin Xüsusi təyinatlı yaşayış sahəsi olması əsası ilə iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqları əvəzinə, istifadə hüququnun qeydiyyata alınmasına dair Daşınmaz əmlak Dövlət Reyestrində qeyd aparılmışdır. Məhkəmə araşdrıması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan mənzili Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və xüsusi təyinatlı deyil. Cavabdehin digər dəlilinə (iddiaçının qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmaması) gəldikdə isə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 14 saylı evin 85 saylı mənzilinə dair İddiaçı istifadə hüququnun ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz əmlak Dövlət Reyestrində 3519 №-li reyestr kitabının 330066 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, həmin mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüququnun qeydə alınmaqla, buna dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2430/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2430/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver