Məhkəmə qərarları › İş №2-1(112)-2431/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2431/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2431/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi 37,4 kv.m olan üç otaqdan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən , 3 saylı evin 4 saylı mənzili Bakı şəhər XDS İcraiyyə Komitəsinin 170786 saylı , xx.xx.1991-ci il tarixli orderi ilə qeyd edilən sıxlaşdırılmış mənzilin yaşayış sahəsi 27,4 kv.m olan 2 otağı 3 nəfər ailə üzvü olmaqla iddiaçının istifadəsinə verilmişdir. Yaşayış sahəsi 11,77 kv.m olan digər otaq Nadejda Nəsirovanın istifadəsində olmuşdur və N.Nəsirova 1983-cü ildə başqa yerə köçdüyü üçün həmin vaxtdan sıxlaşdırılmış otaq iddiaçının istifadəsində qalmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən 3 saylı evin 4 saylı sıxlaşdırılmış mənzilin yaşayış sahəsi 11,77 kv.metr olan 1 otağı yaşadığı iki otağa birləşdirilməklə, yaşayış sahəsi 39,17 kv.metr olan 3 otaqdan ibarət 4 saylı mənzilə 2 nəfər ailə üzvü ilə iddiaçının adına daimi kirayə müqaviləsi bağlanmış və həmin mənzilin kirayəçisi hesab edilmişdir .Bakı şəhəri 113 saylı MKİS-lə xx.xx.2022-ci il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Ailə üzvləri və iddiaçı müvafiq olaraq bu ünvana pasport qeydiyyatına alınmışlar. İddiaçı mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir və bu barədə xx.xx.2022-cu il tarixdə imtina barədə bildiriş verilmişdir. Mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsaslar mövcuddur, cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermişdir və çıxarışın verilməsi iddiaçının yaşayış sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbində qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26 saylı sərəncam) xx.xx.2022-ci il tarixdə verilmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********64 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanlar” nəzərdə tutulur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşıdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı xx.xx.2023-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 2 ünvanında yerləşən ölçüsü 40,9 kv.m olan 3 otaqlı 4 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 170786 nömrəli xx.xx.1979-cu il tarixli orderden görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən 3 saylı evin 2 otaqlı, 27.4 kv.m ölüçdə 4 saylı mənzili İddiaçı, 3 nəfər ailə təkibində (özü. arvadı Kərimova Fəridə Q., Kərimov Rövşən A. oğlu) Kirov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarilxi 33 nömrəli qərarı ilə ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2022-ci il tarixli, 26 nömrəli Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsi, 3 saylı evin 4 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən 3 saylı evin 4 saylı sıxlaşdırılmış mənzilin yaşayış sahəsi 11,77 kv.metr olan bir otağı İddiaçı yaşadığı iki otağa birləşdirilməklə, yaşayış sahəsi 39,17 kv.metr olan 3 otaqdan ibarət 4 saylı mənzilə 2 nəfər ailə üzvü ilə (özü və arvadı) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması qəarra alınmış və o, həmin mənzilin kirayəçisi hesab edilmiş, qeyd olunan mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanması və yeni şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmış və sərəncamın surətinin 2 saylı Xüsusi Təyinatlı MKTB, 113 saylı MKİS-ə və vətəndaş İddiaçı göndərilməsi Departamentin Ümumi şöbəsinə tapşırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarilxi BA-06078-2022 saylı məktubu ilə göndərilmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi İH) xx.xx.1979-cu il tarixli 33 saylı protokoluna əsasən 1974-cü ildən uçotda olan yataqxanada yaşayan Kərimov A-nın istifadəsinə 3 nəfər ailə tərkibində (özü, arvadı, oğlu) boşalmış Biləcəri qəsəbəsi, Bauman küçəsi, ev 3, mənzil 4 verilmişdir. İş materiallarına əlavə edilmiş X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmununda bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayev küçəsi, ev 3 ünvanında yerləşən 4 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və Çıxarış və Texniki pasport alınmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən 0.05.1948-ci il təəvllüdlü İddiaçı Allaverdi oğlu, xx.xx.1953-cü il təvəllüdlü X10 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsi, ev 3, 4 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2022-ci il tarixli, 890 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -X4 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmununda bildirmişdir ki, o, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayev küçəsi, ev 3 ünvanda yerləşən 4 saylı mənzilin kirayə müqaviləsinin əri İddiaçı adına bağlanılmasına etiraz etmir. -Azərbaycan Respublikasi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2022-ci il tarixli, 164 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı X.Ağayev küçəsindəki 3 nömrəli 4 mənzilinin 2-ci mərtəbəsində 39,17 kv. metr sahəsi olan3 otaqlı 2-ci mərtəbəli binada yaşayır. Mənzilin kommunal şəraiti var. Bina M.K.T.D. məxsusdur. Daimi qeydiyyatda olanlar: İddiaçı 1980ci ildən, X10 1980-ci ildən qeydiyyatdadırlar. -113 saylı MKİS-nin sahə nəzarətçisi Babayev Z.Ə.-nin imzası və 113 saylı Mənzil Kommunal İstismar sahəsinin möhürü ilə təsdiq edilmiş mənzilin sexminə əsasən 16.12 kv.m, 11.77 kv.m, 11.28 kv.m yaşayış otaqları, digər sahələr 4.90 kv.m, 4.48 kv.m, 6.83 kv.m göstərilmişdir. -113 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 164 nömrəli arayışına əsasən X6 14 aprel 1999-cu ildə hərbi xidmətdə olduğu üçün ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmışdır. -Azərbaycan Dəmir Yolları distansiyasının 1983-cü il tarixli Forma 2 arayışına əsasən Nəsirova Nadejda yaşamış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən 11,77 kv.metr olan bir otağı X7 verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-7500/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1948-ci il təvəllüdlü Kərimov X1 RPİ tərəfindən xx.xx.2003-cü il tarixdən ünvan 4 ünvanına qeydiyyata alınmışdir. Vət. A. Kərimovun yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********17 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binası ünvan 6str nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 14 saylı notariat kontorunun 4Ə-491 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. ünvan 7 ünvanı Bakı şəhəri 41 saylı ıotariat kontorunun 4Ə/1-15 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanı Bakı şəhəri 20 saylı notariat kontorunun 4Ə-2-277 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə İddiaçı Allhverdi oğlunun adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 20 saylı notariat kontorunun 4Ə-1-19 reyestı nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Məmmədov Elçinin adna özgəninkiləşdirilmişdir. Həmçinin bildiririk ki, İddiaçı Allhverdi oğlunun adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 492 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, o, X.Ağayev küçəsi, 3 saylı, 4 nömrəli mənzilində qeydiyyatdadır. Göstərilən ünvanda 1980-ci ildən qeydiyyatdadır və ona aid olan mənzilə yaşayış sahəsindən istifadə və məişət tullantılarının daşınması haqqına görə borcu yoxdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 11 ünvanının otaqların sayı: hüquqmüəyyənedici sənəd üzrə 3 otaq və faktiki 3 otaq, ümumi sahəsi: faktiki – 60.0 kv.m + 6.2 kv.m əlavə sahə, yaşayış sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 39.2 kv.m, faktiki – 40.9 kv.m. İcazəsiz tikililər: əlavə olaraq 6,2 kv.m bağlı eyvan inşa olunmuşdur. kordinat 399188,4476189. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1/2-5693/2023 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyətin arxiv bölməsinə mənzillə bağlı hər hansı bir sənəd təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********76 nömrəli məktubu ilə göndərilmiş mənzilə dair cizgidən görünür ki, 2/2 mərtəbədə otaq 11.8 kv.m, otaq 17.6 kv.m, otaq 11.5 kv.m, digər köməkçi sahələr 5.1 kv.m, 3.8 kv.m, 7.0 kv.m, 3.2 kv.m. , eyvan 10.5*0.3=3.2 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********64 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilin 1 (bir) otağına dair adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş qeyd olunan mənzilin 1 (bir) otağına dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Ağayeva küçəsi 3 saylı evin 4 saylı mənzilinin istifadəsində olduğunu, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26 saylı sərəncamı xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin mənzilin kirayəçisi hesab edildiyini əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət təmin olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçı hazırkı iddia üzrə mübahisəli mənzilin kirayəçisi hesab edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamı xx.xx.2022-ci ildə verilsə də, həmi mənzildə 1979-cu ildən yaşadığını, mənzil münasibətlərinin Mənzil Məcəlləsi qüvvəyə minməzdən xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyini nəzərə alaraq mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olub-olmadığının müəyyən edilməsindən ibarətdir. Azərbaycan Dövlət Dəmir Yolu Rəisinin xx.xx.2001-ci il tarilxi 46/H nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Bakı şəhəri ərazisində yerləşən mənzil və onlara xdmət edən sahələri Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Binəqədi, Qaradağ, (....) şəhər rayonlarının ərazisində yerləşən sahəsi 300263 kv.m olan mövcud yaşayış fondu Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 709 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 113 saylı Qərarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 06 saylı sərəncamına 2 nömrəli əlavədə göstərilən F.Xoyski küçəsi, 130 saylı ünvanda yerləşən yataqxana və ona aid olan vəsaitlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti siyahıya daxil edilmiş sosial-mədəni və məiçət-kommunal təyinatlı obyektlərin mövcud vəziyyətdə əvəzsiz olaraq balansa götürülmısi və onların özəlləşdirilməyə hazırlanması üçün müvafiq təşkilati tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, mübahisəli mənzil ilkin olaraq idarə mənzil fonduna-Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş, xx.xx.2001-ci il tarixdə mübahisəli mənzil dövlət mənzil fonduna daxil edilməklə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, hazırda da sonuncunun balansındadır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ 2022ci ildən əvvəl yaranmışdır. İddiaçıya Kirov rayon XDS İK-nin (indiki Binəqədi İH) xx.xx.1979-cu il tarixli 33 saylı protokoluna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləsəri qəsəbəsi, Xurşud Ağayeva küçəsi, 3 saylı evin 4 saylı 2 otaqlı mənzilin, daha sonra 1983cü ildən sıxlaşdırılmış 11.77 kv.m ölçüdə 1 otağın verilməsi və Bakı şəhər MKTD tərəfindən 2022-ci ildə iddiaçının ümumilikdə 3 otaqlı mənzilin kirayəçisi hesab edilməsi iddiaçının sözügedən mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsinə mane olmur. Belə ki, 1979-cu ildə mənzilə order verilən vaxt qüvvədə olan və mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299-cu maddəsinin (1966-cı il 23 dekabr tarixdən qüvvədə olan redaksiyada) İ hissəsinə əsasən yerli X3 evlərində mənzillər yerli Sovetin İcraiyyə komitəsi tərəfındən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsı tərəfındən təsdiq edilən birgə qərarı ilə verilir, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Həmin Məcəllənin 301-ci maddəsinin İ hissəsinə əsasən evlər idarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Həmin maddənin İİ hissəsinə əsasən, yerli X3 evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. ... Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -43-cü maddəsinə əsasən mənzildə başqa icarədarın yaşayış sahəsindən təcrid olunmayan yaşayış sahəsi boşalarsa bu yaşayış sahəsi onun istifadəsinə verilməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X9 icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. -53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Belə ki, qeyd edildiyi kimi Kirov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarilxi 33 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən 3 saylı evin 2otaqlı 4 saylı mənzili 1974-cü ildən mənzil uçotunda olan İddiaçı 3 nəfər ailə tərkibində (özü, arvadı, oğlu) istifadəsinə 170786 nömrəli xx.xx.1979cu il tarixli orderlə verilmişdir. Həmin 2 otaqlı mənzilə bitişik yaşayış sahəsi 11.77 kv.m olan digər 1 otaq Nadejda Nəsirovanın istifadəsində olmuş və N.Nəsirova 1983-cü ildə başqa yerə köçdükdən sonra həmin otaq Azərbaycan Dəmir Yolu Mülki Qurğular Distansiyasının Evlər İdarəsinin maliyyə hesab vərəqəsinin açılması barədə xx.xx.1983-cü il tarixli arayışa əsasən həmin vaxtdan sıxlaşdırılmış otaq olaraq yuxarıda qeyd eidlən qüvvədən düşmüş Mənzil Məcəlləinin 43-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının 2 otağına birləşdirilməklə onun istifadəsində qalmışdır. İddiaçı Mənzil İstismar İdarəsinin məlumatına əsasən 1980-ci ildən həmin ünvanda yaşayır. Qeydiyyat məlumatlarına əsasən xx.xx.2003-cü il tarixdən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Hazırkı halda dövlət mənzil fondunun idarəedicisi olan Bakı şəhər MKTD hər 3 otağın 1983-cü ildən iddiaçının istifadəsində olduğunu qəbul edir və hər 3 otağa dair iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncam vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, icarədar kimi iddiaçının istifadəsində olan mənzilə keçmiş Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq kirayə müqaviləsindən irəli gələn istifadə hüquqları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia olunan mənzilə dair hazırkı balansaxlayıcı ilə kirayə müqaviləsinin bağlanması sərəncamının 2022-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yalnız yazılı formada təsbit etmiş, tərəflərin mənzil münasibətlərindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməmişdir. Həmçinin qeyd edilməldiir ki, sözügedən mənzildə qeydiyyatda olan şəxs mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qayadada razılıq ərizəsini təqdim etmişdir. Başqa sözlə, iddiaçı hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olan mənzil qanunvericliyinə uyğun olaraq mənzilin özəlləşdirilməsi hüququnu qazanmışdır. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X12 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X11-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına verilmiş sərəncamda, mənzil istismar sahəsinin mütəxəsisi tərəfindən tərib edilmiş mənzilin sxemində mənzilin 3 yaşayış otağı ümumilikdə 39.17 kv.m (16.12+11.77+11.28 kv.m) olaraq göstərilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi mənzilin sxemində yaşayış sahəsi 3 otaq olmaqla 40.9 kv.m (17.6+11.8+11.5 kv.m) olduğu əks etdirilmiş və eyni zamanda cavabdehin qeyd etdiyi əlavə artırılmış eyvan sahəsinin həmin 3 yaşayış otağının tərkib hissəsi olmadığı, otaqdan təcrid olunmaqla yerləşdiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya verilmiş mənzil 3 yaşayış otağından ibarət olduğu qeyd edilmiş, əlavə artırılmış eyvan sözügedən otağın tərkib hissəsinə aid edilməklə sahəsi artırılmamış, iddiaçı da hazırkı iddiasında əlavə artırılmış 6.2 kv.m eyvana deyil, məhz faktiki ölçüsü 40.9 kv.m 3 yaşayış otaqlı mənzilə hüquqlarının qeydiyyatını mübahisələndirir, bu halda əlavə artırılmış eyvan sahəsi ilə bağlı hüquqi qiymətləndirilməyə də zərurət yoxdur. Bundan əlavə daşınmaz əmlakın dövlət reyestrindən əldə eidlmiş məlumatlara istinadən məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçının sözügedən mənzilin özəlləşdirməsini istisna edəcək digər hal, o cümlədən indiyədək dövlət mənzil fondunun özəlləşməsi hüququndan 1 dəfə də istifadə edərək hər hansı mənzilə mülkiyyət hüququnun əldə etməsi halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2022-ci il tarixli, 26 nömrəli sərəncamını, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını, mənzildə yaşayan şəxsin özəlləşməyə razılıq ərizəsini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin ölçüsü 40,9 kv.m olan 3 otaqlı 4 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin ölçüsü 40,9 kv.m olan 3 otaqlı 4 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar