Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2432/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndələri X5 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “oğluna şəhidlik statusunun verilməsi barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək oğlu X11 şəhidlik statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X11 şəhidlik statusu verilməsi ilə əlaqədar 8 ildən artıq müddətdir ki müracət etməyinə baxmayaraq bu günə kimi ona şəhidlik statusu verilməmişdir. Bu səbəbdən məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya yazılı münasibətində iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş olunmuşdur. Yazılı münasibət onunla əsaslandırılmışdır ki, şəhid statusunun verilməsinə əsas olan hallar qanunvericilikdə birbaşa müəyyən edilmişdir və iddiaçının Latviyada həlak olan mərhum oğlunun həlak olma şəraiti qeyd edilən hallardan birinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olma” məfhumuna aid hesab edilməməkdədir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, X13 Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisəsində təhsil almış və təqribən 1993-1994-cü illərdə uğurla imtahan verərək Latviya Respublikasının Riqa şəhərinə hərbi təyyarəçilik təhsili almaq üçün göndərilmişdir. Təhsil aldığı müddətdə həmin ölkədə erməni millətçiləri ilə azərbaycanlı hərbçilər arasında qarşıdurma yaranmışdır. Həmin qarşıdurma zamanı X13 erməni hərbçiləri tərəfindən öldürülmüşdür. O, dövlət tərəfindən şəhid kimi ölkəyə gətirilmiş və burada dəfn edilmişdir. Lakin, sonradan ona şəhid statusu verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün hesab edilərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X7 iddia ərizəsini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində X11 şəhidlik statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı ona əsaslanır ki, X13 Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisəsində təhsil almış və təqribən 1993-1994-cü illərdə uğurla imtahan verərək Latviya Respublikasının Riqa şəhərinə hərbi təyyarəçilik təhsili almaq üçün göndərilmişdir. Orada o, ermənilərlə qarşıdurma zamanı öldürülmüşdür və şəhid olaraq Azərbaycana gətirilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaların 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, X8, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədi ilə maraqlı şəxs şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əliliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilərlər. Göründüyü kimi, qanunvericilyin tələbinə əsasən, şəxsin şəhid və şəhid ailəsi hesab edilməsi üçün müvafiq arayış yalnız zabit və gizir heyətinə münasibətdə Müdafiə Nazirliyi tərəfindən verilir, digər hallarda isə arayış yuxarıda adı çəkilən Qaydalarda sadalanan müvafiq qurum tərəfindən təqdim olunur. İddiaçı onun oğlunun kursant kimi dövlət xətti ilə təhsil almaq üçün Latviya Respublikasına göndərildiyini iddia edir. Bu səbəbdən qeyd edilən halın araşdırılması, yəni iddia tələbinə cavab verməli orqanın məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olub-olmamasınn araşdırılması üçün məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına sorğular verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin cavab məktubunda Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrində X13 adlı kursantın təhsil almadığı və Latviya Respublikasının Riqa şəhərinə hərbi təyyarəçilik təhsili alması üçün göndərilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunda isə bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli 242 №-li əmrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və «АВАНД» X4 müqaviləsi əsasında, Riqa Aviasiya Universitetinə 1993/1994-cü tədris ili üçün xx.xx.1993-cü il tarixindən bir qrup tələbələrin göndərilməsi qeyd olunmuş, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. X1 oxuduğu müəssisənin adı və ya xidmət etdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən barəsində əlavə araşdırma apara bilmirik”. Məhkəmə iclaslarında iddiaçının nümayəndələri X10 təhsil alıdığı müəssisə barədə tam məlumat verə bilməmişlər. İşdən göründüyü kimi iddiaçının oğlu X10 həqiqətən hansısa təhsil müəssisəsində hərbi təhsil alması, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Latviya Respublikasının Riqa şəhərinə təhsil almaq üçün göndərilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyən edilmir. Yuxarıda qeyd edilən məsələ öz təsdiqini tapmadığı üçün hazırkı iddiaya cavab verməli orqanın müəyyən edilərək iddiaçıya müvafiq hüquqi yardımın göstərilməsi də mümkün deyildir. Belə ki, öncə X10 hansı qurumun nəzdində təhsil alması və həqiqətən müvafiq qurumun xətti ilə təhsil almaq üçün göndərilməsi müəyyən edilməli və bundan sonra əsl olmayan cavabdehin əvəz edilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməli idi. İddianın əsaslı və ya əsassız olması məsələsi isə bundan sonra araşdırılmalı məsələdir. Lakin, iddiaçının bildirdiyi faktlar məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün iddianın mahiyyəti üzrə əlavə araşdırma aparılması mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “oğluna şəhidlik statusunun verilməsi barədə arayışın verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2432/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2432/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver