Məhkəmə qərarları › İş №2-1(112)-2433/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2433/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2433/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X13 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “Z14” saylı torpaq sahəsinə mülkiyyət hüqunu təsdiq edən sənədin - çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “Z-14” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Z 14" saylı torpaq sahəsini 1996-ci ildə əldə etmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüqunu təsdiq edən çıxarışı almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh “Azerelektroterm" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvrlərinin siyahısında iddiaçının adının aşkarlanmadıgını əsas gətirərək ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda qeyd olunan X6 adı aşkar olunmamışdır. Bundan başqa torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 250 kv.m qeyd edilsə də, faktiki 230 kv.m təşkil edir. Bu səbəblərdən müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2022-cu il tarixli **********81 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda qeyd olunan X6 adı aşkar olunmamışdır. Bundan başqa torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, sənəd üzrə torpaq sahəsinin ölçüsü 250 kv.m qeyd edilsə də, faktiki 230 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - İddiaçının təqdim etdiyi “Azərelektroterm” EİB Bağçılıq-yoldaşlığı İdarə heyətinin xx.xx.1996-cı il tarixli 103 saylı iclas protokoluna görə iddiaçı “Azərelektroterm” bağçılıqyoldaşlığına üzv qəbul edilmiş və 14 №-li bağ sahəsinin bütün tikililəri ilə birlikdə iddiaçıya verilməsinə razılıq verilmişdir. - İddiaçının təqdim etdiyi “Azərelektroterm” Cəmiyyətinin İdarəsi tərəfindən verilmiş bağçının üzvlük kitabçasına görə З -14 saylı (kiril əlifbası ilə) bağ iddiaçıya ayrılmışdır. - Məhkəmə sorgusuna cavab olaraq cavabdehin təqdim etdiyi sənədlər: xx.xx.2022-ci il tarixli **********35 saylı məktubu ilə bildirilmişdir ki, “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyi nəzdində İddiaçı adına Suraxanı rayonu, Hövsan qəsəbəsində Z- 14 və 14 saylı bağ sahələrinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. - “Azərelektroterm” bağçılıq-yoldaşlığının üzvlərinin siyahısından görünür ki, iddiaçının və iddiada qeyd etdiyi X6 adı həmin siyahıda göstərilməmişdir. - bağçının üzvlük kitabçasının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Azərelektroterm” b/y-nın З-14 nömrəli (kiril əlifbası ilə) 500 kv.m bağ sahəsi 1998-ci ildə X7 ayrılmışdır. - X4 Bağlar İdarəsinə yazdıgı ərizəsində “Azərelektroterm” b/y-dan ona ayrılmış Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, З-14 nömrəli bağ sahəsinin 250 kv.m adından çıxarılaraq X2 oglunun adına rəsmiləşdirilməsini xahiş etmişdir; - Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X3 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış 35570 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2005ci il tarixli müqavilədən görünür ki, Hövsan qəsəbəsi ərazisində З-14/114 nömrəli 0,02 ha bağ sahəsi istifadəsinə verilmişdir; - Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X3 və İstismarı Birliyi ilə X2 oglu arasında bağlanmış 36433 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2005ci il tarixli müqavilədən görünür ki, Hövsan qəsəbəsi ərazisində З-14/114 nömrəli 0,02 ha bağ sahəsi istifadəsinə verilmişdir; - daşınmaz əmlakın dövlət reyestrdən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha bağ sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı X5 adı arxiv siyahısında aşkar olunmadı. Belə ki, arxivdə olan 3-14 (kiril əlifbası ilə) saylı bağ nömrəsi digər fiziki şəxsin adınadır (üzvlük kitabçası mövcuddur, müqaviləyə keçib). Həmin bağ sahəsi göstərilən ərazidən təqribən 310 metr məsafədə yerləşir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “Z-14” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş materiallarına əsasən iddiaçının təqdim etdiyi “Azərelektroterm” EİB Bağçılıqyoldaşlığı İdarə heyətinin xx.xx.1996-cı il tarixli 103 saylı iclas protokoluna görə iddia edir ki, “Azərelektroterm” bağçılıq-yoldaşlığına üzv qəbul edilmiş və 14 saylı bağ sahəsinin ona verilməsinə razılıq verilmiş, “Azərelektroterm” Cəmiyyətinin İdarəsi tərəfindən verilmiş bağçının üzvlük kitabçasına görə З-14 saylı (kiril əlifbası ilə) bağ sahəsi iddiaçıya ayrılmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X6 adı aşkar olunmamış, torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil edir, sənəd üzrə torpaq sahəsinin ölçüsü 250 kv.m qeyd edilsə də, faktiki 230 kv.m təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi “Azərelektroterm” bağçılıq-yoldaşlığının idarə heyətinin 103 saylı xx.xx.1996-cı il tarixli iclas protokolu ilə iddiaçının bağçılıq-yoldaşlığına üzv qəbul edildiyi və 14 saylı bağ sahəsinin ona verilməsinə razılıq verildiyi göstərilsə də, “Azərelektroterm” Cəmiyyətinin İdarəsi tərəfindən verilmiş bağçının üzvlük kitabçasında 3-14 (kiril əlifbası ilə) saylı bağın iddiaçıya ayrılması göstərilmişdir. Cavabdeh orqanın arxivindən tələb edilmiş sənədlərə görə isə iddiaçının adı bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında göstərilmədiyindən 3-14 (kiril əlifbası ilə) və ya 14 saylı bağ sahəsinin ona ayrıldıgını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məlum olmuşdur ki, bağçının üzvlük kitabçasının surətindən göründüyü kimi Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Azərelektroterm” b/y-nın З-14 nömrəli 500 kv.m bağ sahəsi 1998-ci ildə X7 ayrılmışdır. X4 Bağlar İdarəsinə yazdıgı ərizəsində “Azərelektroterm” b/y-dan ona ayrılmış Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, З-14 nömrəli bağ sahəsinin 250 kv.m adından çıxarılaraq X2 oglunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X3 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış 35570 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində З- 14/114 nömrəli 0,02 ha bağ sahəsi istifadəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X3 və İstismarı Birliyi ilə X2 oglu arasında bağlanmış 36433 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində З-14/114 nömrəli 0,02 ha bağ sahəsi istifadəsinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrdən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha bağ sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq iş üzrə alınmış mütəxəssis rəyi ilə З-14 nömrəli bağ sahəsinin göstərilən ərazidən təqribən 310 metr məsafədə yerləşdiyi müəyyən olunmuşdur. Digər şəxslərin adına verilən sənədlər isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Belə olan halda hazırki işdə eyni bağ sahəsinə qüvvədə olan iki bərabər hüquqlu hüquqmüəyyənedici sənəd olduğu üçün iddiaçının iddia tələbinin təmin edilməsi və icra edilməsi mümkün deyil. Belə ki, həmin sənəd üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçüncü şəxsin hüquqlarının məhdudlaşdırılmasına və gələcəkdə onun hüquqlarının pozulmasına səbəb ola bilər. Çünki həmin sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onların qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Ən əsası isə yuxarıda qeyd olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7.-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Beləliklə də iddiaçı bag sahəsi üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş sənədlər toplusuna istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar toplusundan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi işdə olan sənədlərin özünü isə məhkəmə etibarlı sənəd saymadıgından mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün digər əsasları ilə baglı məhkəmə prosessual qənaət prinsipinə uygun olaraq araşdırma aparmagı zəruri saymır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar