Məhkəmə qərarları › İş №2-1(112)-2434/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2434/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2434/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Çoban-Zadə küçəsi (əvvəlki adı: Studentçeskaya), ev 59, mənzil 20-yə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Çoban-Zadə küçəsi (əvvəlki adı: Studentçeskaya) ev 59, 20 saylı mənzil Sovet xalq deputatları Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1981-ci il tarixli, 056800 nömrəli orderə əsasən İddiaçı məxsusdur. İddiaçı 1981-ci ildən ailəsilə birlikdə artıq 41 ildir ki, qeyd olunan ünvanda yaşayır. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi formada xx.xx.1981-ci il tarixli 056800 nömrəli orderin Bakı şəhər Mənzildəyişınə İdarəsində aşkar olunması ilə bağlı müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixdə C-88-112 nömrəli məktubla qeyd edilən orderin aşkar olunmaması ilə bağlı məlumat verilmişdir. Daha sonra iddiaçı cavabdehə mənzilinə əvəzsiz qaydada çıxarışın alınması ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində № **********35 məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi xx.xx.1981-ci il tarixli 056800 nömrəli orderin iddiaçının adına aşkar olunmaması olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtina səbəbi əsassızdır. Belə ki, sözügedən mənzil Sovet xalq deputatları Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 056800 nömrəli orderi əsasında verilmişdir. Qeyd olunan orderin əsli də mövcuddur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən Sovet xalq deputatları Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 056800 nömrəli evdəyişmə orderinin aşkar edilməməsi vətəndaş olaraq iddiaçının təqsiri deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi (əvvəlki adı: Studentçeskaya) ev 59, 20 saylı mənzilə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 59 saylı evin, 20 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin C-88-112 saylı, xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1981-ci ilə dair sənədləri arasında xx.xx.1981-ci il tarixli 056800 saylı orderin iddiaçının adına aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaş **********35 saylı, xx.xx.2022-ci il tarixli cavab ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, Çoban-Zadə küçəsi (əvvəlki adı: Studentçeskaya), ev 59, 20 saylı mənzilə hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27 iyul 1981-ci il tarixli, 056800 saylı orderin əslini ondadır, bu səbəbdən cavabdehin imtinasını əsassız hesab edir. Qeyd olunanlara da nəzərə alaraq tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********35 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi, 59 saylı evin 20 mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və iddiaçı tərəfindən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin C-88-112 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1981-ci ilə dair sənədləri arasında xx.xx.1981-ci il tarixli, 056800 saylı orderin onun adına aşkar edilmədiyi qeyd olunaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. - Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27 iyul 1981-ci il tarixli, 056800 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 3 nəfər ailə üzvü ilə birlikdə İddiaçı verilmiş ünvan 3 ünvanda yerləşən 99 saylı ümumi sahəsi 45,95 kv.metr sahədən ibarət 3 otaqlı mənzil ilə ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 31,22 kv.metrdən ibarət İ.P.Sifanqaya məxsus mənzil dəyişdirilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı və onunla birlikdə yaşayan 3 nəfər şəxsin İ.P.Sifanqa ilə dəyişdirmə qaydasında yuxarıda göstərilən mənzilə köçmək hüququ vardır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 08 iyun 2006-cı il tarixdən, digər şəxslər xx.xx.1980-ci il təvəllüdlü X2, xx.xx.1990-cı il təvəllüdlü X12, xx.xx.1960-cı il təvəllüdlü X7 ünvan 5 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Mənzildəyişmə İdərəsinin 1981-ci ilə dair sənədləri arasında xx.xx.1981-ci il tarixli, 056800 nömrəli orderin iddiaçının adına aşkar edilmədiyi bildirilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nizami rayon MKTB-nin 76 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən ünvan 8 ünvanında yaşayır, qeydiyyatdadır. Maliyyə, şəxsi hesab vərəqəsinə əsasən qeyd olunan mənzilin order nömrəsi 056800-dür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri, Nizami rayonu, Çoban-Zadə küçəsi, ev 59 ünvanda yerləşən 20 saylı mənzilin qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyi bildirilmiş və iddiaçıya məxsus olmuş əvvəlki ünvan 9 ünvanda yerləşən mənzilin arxiv qovluğunda saxlanılan sənədlər məhkəməyə təqdim edilmişdir. - Dövlət Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzilin X3 şəxsi mülkiyyətinə verilməsi barədə xx.xx.1993-cü il tarixli Sərəncam məhkəməyə ünvanlanmışdır. - İddiaçının ailə üzvləri X7, X12, X4, X9 və X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, ünvan 10 yerləşən 20 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı Bakı şəhər X11 tərəfindən verilmiş 27 iyul 1981-ci il tarixli, 056800 saylı dəyişdirmə orderinə istinad edərək Bakı şəhəri, 8-ci km qəsəbəsi, B.Çobanzadə küçəsi (keçmiş Studençeskaya küçəsi), ev 59-da yerləşən 20 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27 iyul 1981ci il tarixli, 056800 saylı mənzil dəyişdirmə orderi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlilə münasibətdə qeyd edir ki, orderin olmaması iş üzrə mübahisəli hal deyil. Orderin arxivdə aşkar edilməməsi isə iddiaçının təqsiri sayıla bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, orderin əsli mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən isə Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27 iyul 1981-ci il tarixli, 056800 saylı orderin ləğv, yaxud etibarsız hesab edilməsi ilə bağlı dəlillər məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı Bakı şəhər X11 tərəfindən verilmiş 27 iyul 1981-ci il tarixli, 056800 saylı Orderə əsasən sözügedən mənzil üzərində hüquqlarının Dövlət Reyestrində qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə sözügedən mənzildə qeyd olunan orderdən savayı, o cümlədən 41 ildən artıq müddət ərzində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Qeyd olunan hal onu deməyə əsas verir ki, iddiaçının ailə üzvləri ilə birgə sözügedən mənzilə dair istifadə hüquqları olmuş və hazırda da olmaqdadır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Çoban-Zadə küçəsi (əvvəlki adı: Studentçeskaya), ev 59, 20 saylı mənzilə hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar