Məhkəmə qərarları › İş №2-1(112)-2435/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2435/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2435/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı(Bakı şəhərində qeydiyyatdadır, işləmir),iddiaçının nümayəndəsi, vəkili X7(Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 6 saylı vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X4(Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin müdiri işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin 30 iyul 2021-ci il tarixli 1-1/141 saylı sərəncamının dəyişdirilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 30 iyul 2021-ci il tarixli 1-1/141 saylı sərəncamının dəyişdirilərək iddiaçının adına Biləsuvar rayon İcra Hakimiyyətin başçısının 03 fevral 2013cü il tarixli 86 saylı sərəncamı ilə mənzil növbəsinə qəbul edilməyi nəzərə alınmaqla həmin tarixdən imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməyi və şəhid qızınında həmin sərəncamda göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 10 iyun 1992-ci il tarixdə X1 rəsmi nikahla evlənmiş və birgə nikahdan onların 24 sentyabr 1992-ci il tarixdə bir uşağı doğulmuşdur. Həmin dövrdə onlar Biləsuvar rayonunda kirayədə yaşayırdılar. Həyat yoldaşı X2 17 iyul 1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur."Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu və Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslərin mənzil növbəsinə qeydiyyata alınması ilə əlaqədar olaraq Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 03 fevral 2013-cü il tarixli 86 saylı sərəncamı ilə iddiaçı kirayədə yaşayan şəxs kimi qızı ilə birlikdə mənzil növbəsinə qeydiyyata alınmışlar. Lakin həmin dövrdə o, qızı ilə birlikdə Bakı şəhərində yaşadığı üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Nizami rayonunda yerləşən 2 saylı uşaq bağçasında müvəqqəti yaşamaqlarını nəzərə alaraq onun Biləsuvar Rayon İcra Hakimiyyətindəki mənzil növbəsinə qeydiyyata alınmağı barədə sənədlərin Bakı şəhəri Cavabdehnə göndərilməsini xahiş etmişdir.Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 12 may 2021-ci il tarixli 77 saylı sərəncamı ilə onun yaşayış ünvanını dəyişməsi ilə əlaqədar olaraq o, mənzil növbəsindən qeydiyyatdan çıxarılmış və Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 24 may 2021-ci il tarixli 1/283 saylı məktubu ilə sərəncamın surəti mənzil növbəsinə qeydiyyata alınmaq üçün əsas olmuş sənədlərlə birlikdə Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 30 iyul 2021-ci il tarixli 1-1/141 saylı sərəncamı ilə iddiaçı bir nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Həmin sərəncamda heç bir qanuni əsas olmadan şəhidin qızı nəzərə alınmamışdır. Halbuki o, 2013-cü ildən göstərilən əsasla mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir münasibət (еtirаz) bildirərək göstərmişdir ki, 30 iyul 2021-ci il tarixli sərəncamı ilə İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilmişdir. Qeyd edilən sərəncamda İddiaçı nə vaxtdan və kim tərəfindən mənzil növbəsinə götürülməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.3.-ci maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə köçdükdə (Biləsuvar rayonundan Bakı şəhərinə) yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar. Həmin kateqoriyadan olan vətəndaşların mənzil növbəliyinin digər inzibati ərazi vahidi olan Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi mövcud qanunvericilikdə öz əksini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair idialara (mübahisələndirmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. –ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazına uyğun məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsasızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1967-ci il təvəllüddlü Azərbaycan Respublikasının vətəndaşıdır. 005475 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinə (şəhid ailələrinə müəyyən imtiyazların verilməsinə dair) əsasən İddiaçı şəhid ailəsi statusuna malikdir. AZ 087833 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 hərbi əməliyyatlar zamanı aldığı zədədən vəfat etmişdir. V-ЖГ seriyalı 403447 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X3 ilə İddiaçı 10.06.1992-ci ildə nikaha daxil olmuşdurlar. 4174178 nömrəli, 07.06.2021-ci il tarixli arayışına əsasən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı **********6 nömrəli, 10.06.2021-ci il tarixli məktubuna əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20.06.2014-cü il tarixli 569 saylı Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu katiqoriyadan olan şəxslərin 2014-2018ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 28.03.2014-cü il tarixli 486 nömrəli məktubda onun 11.05.2006-cı il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. İddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacağı bildirilmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 86 saylı 03.04.2013-cü il tarixli Sərəncamına əsasən, İddiaçı şəhid ailəsi kimi 2 nəfər ailə tərkibiylə mənzil növbəsinə qeydiyyata alınmışdır. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 77 saylı 12.05.2021-ci il tarixli İddiaçı Biləsuvar Rayon İcra Hakimiyyətindən mənzil növbəsindən çıxarılması barədə Sərəncamına əsasən, Biləsuvar rayon Dərvişli kəndində yaşamış, hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 127 nömrəli inzibati binada qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 2 saylı uşaq bağçasında yaşayan şəhid ailəsi İddiaçı Rayon İcra hakimiyyətinə müraciət edərək onun mənzil növbəsində çıxarılaraq hazırda qeydiyyatda olduğu əraziyə, Bakı şəhəri, Cavabdehnə göndərilməsini xahiş etmişdir. Bağırova X6 Rayon İcra Hakimiyyəti Başçısının 03.04.2013-cü il tarixli 86 saylı sərəncamı ilə şəhid ailəsi qismində mənzil növbəsinə qeydiyyata alınmışdır. Onun təqdim etdiyi sənədlərə əsasən hazırda, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 2 saylı uşaq bağçasında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.1 və 55.1.3-cü maddələrinə istinad edərək Biləsuvar Rayon İcra Hakimiyyətində 03.04.2013-cü il tarixdə 86 saylı sərəncamla mənzil növbəsinə qeydiyyata alınmış şəhid ailəsi İddiaçı yaşayış yerini dəyişdiyi üçün mənzil növbəsindən qeydiyyatdan çıxarılması, qərara alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının 1-1/141 saylı 30.07.2021-ci il tarixli Şəhid ailəsi İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında sərəncamına əsasən, İddiaçı 23.10.2020-ci il tarixindən Şirin Mirzəyev küçəsi 127 ünvanında Nizami Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır. Şəhid ailəsi İddiaçı 23.10.2020-ci il tarixinədək Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olmuş və Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 03.04.2013-cü il tarixli, 86 saylı sərəncamı ilə mənzil növbəsinə qəbul edilmişdir. 2020-ci ildə qeydiyyat ünvanını dəyişməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 12.05.2021-ci il tarixli 77 saylı sərəncamına və 24.05.2021-ci il tarixli 1/283 məktubuna əsasən şəhid ailəsi İddiaçı mənzil-uçot işi yaşayış yeri üzrə Cavabdehnə göndərilmişdir. Şəhid ailəsi İddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 12.05.2021-ci il tarixli 77 saylı sərəncamını və 24.05.2021-ci il tarixli 1/283 nömrəli məktubunu nəzərə alaraq, şəhid ailəsi İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verimiş arayışa əsasən, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə hesab edir ki iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Cavabdeh 1- 1/141 saylı 30.07.2021-ci il tarixli sərəncamı dəyişdirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbyacan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1-ci və 1.2-ci (yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri) bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.” İşin faktiki hallarına əsasən iddiaçı şəhid ailəsi olduğundan,onun 2 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qeydiyyata alınması barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı tərəfindən 03 aprel 2013-cü il tarixli 86 nömrəli sərəncam verilmişdir. İddiaçı yaşayış yerini dəyişdiyi üçün mənzil növbəsinə qeydiyyata alınmaq üçün əsas olmuş sənədlər və bu haqda 12 may 2021-ci il tarixli, 77 saylı Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının sərəncamı Bakı şəhəri Cavabdehnə göndərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2.-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.” Bakı şəhəri Cavabdeh başçısının 30 iyul 2021-ci il tarixli 1-1/141 nömrəli sərəncamında- şəhid ailəsi İddiaçı “Biləsuvar rayon İcra Hakimiyyətinin 03.04.2013-cü il tarixli 86 nömrəli sərəncamında 03.04.2013-cü ildən mənzil növbəsinə qəbul edilməsi “barədə qeyd edilsədə, iddiaçının ailə tərkibi (özü və qızı) olması barədə məlumat nəzərə alınmadan, iddiaçının 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin 30 iyul 2021-ci il tarixli 1-1/141 nömrəli sərəncamı bu hissədə qanuna uyğun olmamış, şəhid ailəsinin mənzil hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehin 30 iyul 2021-ci il tarixli 1-1/141 nömrəli sərəncamı dəyişdirilməli, və onda iddiaçının ailə tərkibi iki nəfər olması göstərilməlidir. Belə ki, iddiaçı şəhid ailəsi kimi dövlət orqanı tərəfindən ilkin mənzil növbəsinə alınarkən şəhid ailəsinin iki nəfərdən ibarət olması müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1. –ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3.-ci maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının 03.04.2013-cü il tarixli 86 nömrəli sərəncamı nəzərə alınmaqla, cavabdehin 30 iyul 2021-ci il tarixli 1-1/141 nömrəli sərəncamın dəyişdirilməsi, şəhid ailəsi İddiaçı 2 nəfər ailə tərkibi ilə(özü və qızı) olmaqla yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi həmin sərəncamda göstərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin . Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının 03.04.2013-cü il tarixli 86 nömrəli sərəncamı nəzərə alınmaqla, cavabdehin 30 iyul 2021-ci il tarixli 1-1/141 nömrəli sərəncamın dəyişdirilməsi, şəhid ailəsi İddiaçı 2 nəfər ailə tərkibi ilə(özü və qızı) olmaqla yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi həmin sərəncamda göstərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar