Məhkəmə qərarları › İş №2-1(112)-244/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-244/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-244/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X7 S.A” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X7 S.A” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1455 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Əmircan qəsəbəsi, X3 İdarəsinin nəqliyyat sexinin yanında fərdi ev tikmək məqsədi ilə ayrılmış 600 kv.m torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1455 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə Əmircan qəsəbəsi, X4 İdarəsinin nəqliyyat sexinin yanında fərdi ev tikmək məqsədi ilə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu sərəncam Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mövcuddur. Bu haqda ona verilən 31 yanvar 2023-cü il tarixli, 3-48-2F/2-Ə-00559/2023 saylı məktubda qeyd edilir. 28 avqust 2008-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini E.Yolçuyevin təsdiq etdiyi aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri A.Hümbətov, şöbənin aparıcı məsləhətçisi Z.Əhmədov, Əmircan qəsəbə nümayəndəsi H.Eyvazovun iştirakı ilə Suraxanı rayon İHB-nin xx.xx.1994-cü il tarixli, 1455 saylı sərəncamına əsasən Əmircan qəsəbəsi, X3 İdarəsinin nəqliyyat sexinin yanında 2 N-li sahədə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m. ölçüdə torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisini tərtib ediblər. Bu cizgi haqda akt X2 X1 zonasının rəisi B.Dadaşov, Suraxanı qaz İstismarı İdarəsinin rəisi,Suraxanı ET və Sİ 10/6/4 kv istismar sahəsinin rəisi və Suraxanı rayon Layihə smeta bürosunun rəisi ilə razılaşdırılmışdır. Sərancamın, aktın və arxiv arayışın surətini məhkəməyə təqdim edərək həmin torpaq sahəsini onun adına dövlət qeydiyyata alınması və ona çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Lakin, 09 mart 2023-cü il tarixdə məktubu alıb gəlib yerində baxış keçirsələr də, bu günə kimi ona cavab verilməmişdir. Hesab edir ki, bu inzibati orqanın qanunsuz hərəkətidir.

3. Məhkəmənin 2-1(112)-9831/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Məhkəmənin 2-1(112)-1183/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə “X7 S.A” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Məhkəmənin 2-1(112)-1183/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X7 S.A” Şirkəti işə cəlb edilməklə Suraxanı rayon İcra Hakimiyyəti başçısını 1455 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə Əmircan qəsəbəsi, X3 İdarəsinin nəqliyyat sexinin yanında fərdi ev tikmək məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi barədə 2-1(112)-1183/2023 saylı inzibati işin icraatı, Bakı İnzibati Məhkəməsinin icraatında olan digər, iddiaçı “X6 Kompani S.A” Şirkətinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı İddiaçı 3-cü şəxs qismində göstərilməklə xx.xx.1994-cü il tarixli 1455 nömrəli sərəncamının ləğv edilməsi barədə digər inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır.

6. Məhkəmənin 2-1(112)-244/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hakim Səlma Salahovanın icraatında olan 2-1(112)- 6583/2024 saylı inzibati iş üzrə iddia tələbi mümkün sayılmayaraq, qərardad qanuni qüvvəsini aldığından iş üzrə icraat təzələnmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2016-cı il tarixli, ********** nömrəli, xx.xx.2018-ci il tarixli, ********** nömrəli, xx.xx.2018-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ayrılmış torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin, göstərilən torpaq sahəsinin cənubundan 230 mm-lik orta təzyiqli qaz xətti keçir. Bundan əlavə, torpaq sahəsinin yerləşmə cizgisində istinad nöqtələri göstərilməmişdir. Neft kəmərinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə tənzimlənir.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

11. İddiaçıya Əmircan qəsəbəsi, X4 İdarəsinin nəqliyyat sexinin yanında fərdi ev tikmək məqsədi ilə 600 kv.metr torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1455 saylı xx.xx.1994-cü il tarixli sərəncamı, həmin sərəncama əsasən verilmiş yerləşmə cizgisi, sərəncamın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv nüsxəsi iş materiallarına əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-03769/2023 nömrəli məktubla Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1455 saylı xx.xx.1994-cü il tarixli sərəncamı və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-6583/ 2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X6 Kompani S.A.” şirkətinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-43275/2023 **********75 nömrəli məktubla iddiaçının qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının və iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarından görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1455 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə Əmircan qəsəbəsi, X4 İdarəsinin nəqliyyat sexinin yanında fərdi ev tikmək məqsədi ilə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən ayrılmış torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşməsinə, həmçinin, göstərilən torpaq sahəsinin cənubundan 230 mm-lik orta təzyiqli qaz xətti keçməsinə, bundan əlavə, torpaq sahəsinin yerləşmə cizgisində istinad nöqtələrinin göstərilməməsinə istinad edilməklə imtina edilmişdir. 3-cü şəxs tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncam mübahisələndirilsə də, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən 3-cü şəxsin iddia tələbi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən mümkün sayılmamışdır.

22. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab ki:

23. Azərbaycan Respublikasının Konstitusiyasının: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. 24.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən (Bərabərlik prinsipi). 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

25. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

26. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın Dövlət Arxivinin Bakı Filialında mövcud olmasına baxmayaraq, inzibati orqan işin hallarını hər tərəfli və obyektiv araşdırmayaraq iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

27. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan sərəncamın və həmin sərəncama əlavə edilmiş yerləşmə cizgisinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

28. Cavabdehin imtinasının əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sərəncam və sərəncama əlavə edilmiş sənədlərdən göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə Əmircan qəsəbəsi, X4 İdarəsinin nəqliyyat sexinin yanında ayrılmışdır və ayrılan zaman qeyd edilən İdarənin etirazı olmamışdır. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətlərindən müəyyən edilmişdir ki, eyni mühim hüquqi və faktiki hallara malik olan işlər üzrə artıq cavabdeh tərəfindən iddiaçının qonşuluğunda yerləşən digər fiziki şəxslərə məxsus hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Belə olan təqdirdə, eyni mühim hüquqi və faktiki hallara söykənən iş kimi iddiaçıya münasibətdə inzibati orqan tərəfindən fərqli mövqeyin sərgilənməsi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...

30. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əlməl gəlməsiin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə əhatə olunur.

31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1455 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Əmircan qəsəbəsi, X3 İdarəsinin nəqliyyat sexinin yanında fərdi ev tikmək məqsədi ilə ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar