Məhkəmə qərarları › İş №2-1(112)-2440/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2440/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2440/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi iştirakçısı olduğuna görə veteran adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh özünün xx.xx.2019-cu il tarixli, l/Q-15038 saylı cavab məktubu ilə bildirilmişdir ki, o, müvafiq sənədləri toplayıb ətraflı ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində veteran adının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya müraciət etsin. O, Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona veteranı adının və veteran vəsiqəsinin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiya xx.xx.2019-cu il tarixli, l/Q-17712 nömrəli məktubla ona cavab olaraq bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarının tələblərinə əsasən N nömrəli hərbi hissədə xidmət keçməsi barədə hərbi biletinin 6-cı səhifəsində aparılan qeydlər Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-18774 nömrəli arayış ilə öz təsdiqini tapmadığına və xidmət keçməsi barədə məlumat aşkar olunmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin onun ərizəsinə verdiyi imtina əsassızdır. Belə ki, o, Qarabağ müharibəsində iştirak etmişdir. Onun döyüşlərdə iştirak etməsi müvafiq olaraq hərbi biletində öz əksini tapır. Belə ki, o, xx.xx.1992-ci tarixində Ağdam rayon Hərbi Komissarlığı vasitəsi ilə səfərbərliyə çağırılmış, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il (70 saylı əmir) tarixə kimi N saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etmişdir. Onun döyüşlərdə iştirak etməsi müvafiq olaraq sənədlərdə, o cümlədən hərbi biletdə öz əksini tapmışdır. Onun hərbi biletində N saylı hərbi hissədə xidmət etməsi və döyüşməsi barədə imza edilmiş və möhürlə təsdiq edilmişdir. Qarabağın erməni hərbi birləşmələri yerləşən Əsgəran rayonunun Aranzəmin, Pir Camal, Ağdam rayonun Novruzlu, Yusifcanlı, Mərzili, Naxçıvanlı, Xocavənd rayonunun Qarakənd kəndləri ilə həmsərhəd olan ərazilərində gedən döyüşlərdə iştirak etmiş və döyüş tapşırığını yerinə yetirmişdir. Qarabağ müharibəsi iştirakçısı olmasına görə ona veteran adının və veteran vəsiqəsinin verilməsində Müdafiə Nazirliyi köməklik etməlidir. Xidmət etdiyi dövrdə Qarabağ müharibəsi getmişdir. O, Azərbaycan Respublikası silahlı qüvvələrinin əsgəri kimi Ağdam rayonun ətrafında gedən döyüşlərdə iştirak etmişdir. Uzun illərdir ailə vəziyyəti ilə əlaqədar veteran adının alınması ilə bağlı müvafiq qurumlara rəsmi müraciət etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxx 2019-cu il tarixli 9/2-18774 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı qanuni əsaslarla ordu sıralarından tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1988-ci il tarixdən xx xxxx 1990-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Q-69 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1970-cı ildə Ağdam rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçının məhkumluğunun olub-olmaması barədə məlumat sorğu əsasında Ağdam rayon Polis Şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ağdam rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 131-5952-1220 saylı məktubdan görünür ki, İddiaçı barəsində Ağdam rayon Polis Şöbəsində heç bir cinayət işi və təqsirləndirici material yoxdur və onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməmişdir. Məhkəmə araşdırması dövründə həmçinin iddiaçının hərbi xidmət illəri barədə, həmçinin hərbi xidmətdən ehtiyata buraxılmasının əsasları barədə sənədlər sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 9/2-6926 saylı məktubdan görünür ki, N saylı hərbi hissə komandirinin iyun-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 1/Q-17712 saylı məktubdan görünür ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarının tələblərinə əsasən N nömrəli hərbi hissədə xidmət keçdiyi barədə hərbi biletinin 6-cı səhifəsində aparılan qeydlər Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-18774 nömrəli arayışı ilə öz təsdiqini tapmadığına və xidmət keçdiyi barədə məlumat aşkar olunmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddiaçının qənaətinə görə onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarının tələblərinə əsasən N nömrəli hərbi hissədə xidmət keçməsi barədə hərbi biletinin 6-cı səhifəsində olan qeydə əsasən döyüş əməliyyatlarında iştirak etdiyindən ona “müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Halbuki iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı bununla bağlı hərbi biletdə qeydin olduğuna istinad etdiyindən məhkəmə tərəfindən hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinə baxış keçirilmiş, lakin həmin qeydin səlahiyyətli şəxs tərəfindən təsdiq olunaraq, möhürlənmədiyi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində onun həmin hərbi hissədə xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması barədə hər hansı məlumat aşkar olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2765 saylı arayışında İddiaçı xx.xx.1992-ci ildə Ağdam rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə cəlb olunaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində xidmət etdiyi göstərilsə də, həmin arayışın verilməsinə əsas olaraq iddiaçıya məxsus hərbi bilet göstərilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçının hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 594 saylı məktubla iddiaçıya məxsus qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qeydiyyat kartasından görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində xidmətdə olması işdə olan sənədlərlə öz təsdiqini tapmır. Hazırki halda iddiaçının döyüşlərdə iştirakını təsdiq edən başqa sənədlər olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - X , daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə "qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivində İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və xidmətdən qanuni əsaslarla tərxis olunması barədə müvafiq əmr aşkar edilməmişdir. Beləliklə məhkəmənin mövqeyinə görə iddiaçınınN nömrəli hərbi hissədə xidmət etməsi və hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar