Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2440/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil),cavabdehin nümayəndəsi X3 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qаrşı «mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 84 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin ərazidə layihəyə uyğun olaraq qeyri-yaşayış sahəsini öz hesabına tikmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin istismarına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən HS/16 nömrəli xx.xx.2017-ci il tarixli icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması haqqında çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair sənədlər tam təqdim edilməmişdir. Binanın istismarına icazə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, torpaq sahəsinin icarəyə verilməsi barədə İcra Hakimiyyətinin qərarı və tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox evlərə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Bundan başqa tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa cavab verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rzazadə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin vəkil və nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən iddiaçıya məxsus Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən mövcud qeyri-yaşayış binasının eskiz həlli razılaşdırılmışdır. “Tikinti obyektinin istismarına” HS/16 nömrəli, xx.xx.2017-ci il tarixli icazəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,84 ünvanda yerləşən sahəsi 2370,40 kv metr olan tikinti obyektinin istismarına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş sənəddən görünür ki, obyekt xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır, həmin akt obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyriyaşayış binasının memarlıq planlaşdırma bölməsinə əsasən obyektin hündürlüyü 10.150 metr təşkil edir, 3 mərtəbəli mansardı olan tikilidir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1054 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 379,7 kv metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, obyektin tikilməsinə icazə sərəncamı təqdim edilməmiş və istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, sözügedən əraziyə digər şəxsin müraciəti mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binası yarımzirzəmili, mansardı olan 3 mərtəbəli tikilidən ibarətdir və qeyri-yaşayış binasının 1-ci və yarımzirzəmi mərtəbəsinin bir hissəsi digər şəxslərə məxsusdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən qeyd edilən qeyri-yaşayış binasına dair digər şəxsin müraciəti qeydə alınmışdır. Bundan əlavə, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Təqdim edilən “Tikinti obyektinin istismarına icazə” sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, qeyd edilən qeyri-yaşayış binasına dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5133/2021 nömrəli bildirişi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 4 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 379,7 kv metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir, iddiaçı həmin torpaq sahəsində hündürlüyü 10.150 metr təşkil edən 3 mərtəbəli mansardı olan tikili inşa etmişdir, həmin tikilinin eskiz həlli Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır, həmin tikilinin istismarına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir, obyekt xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır, obyektdə tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilmişdir, iddiaçı icarəsində olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; İşin faktiki hallarına əsasən iddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsindədir, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş tikilinin istismarına icazə verilmişdir, tikilinin eskiz həlli də razılaşdırılmışdır. Habelə obyektdə tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd edilən hallar, eyni zamanda tikilinin iddiaçının icarəsində olan torpaq sahəsində inşa edilməsi, tikilinin istismarına icazə verilməsi, layihəsinin eskiz həllinin müvafiq dövlət orqanları ilə razılaşdırılması, obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin , müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilməsi iddiaçının ərizəsində göstərilən tikilinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Cavabdehin etirazında və iddiaçıya ünvanlanmış imtina məktublarında göstərilən əsaslara məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyinin təqdim edilməməsini göstərsə də torpağın iddiaçıya icarəyə verilməsinə dair müqavilə mövcuddur, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən “1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi”. Bundan əlavə, obyektin istismara icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deyil, Nizami rayon İcra Hakimiyyəti tərəfindən imzalanmasına görə məsuliyyət iddiaçının üzərinə qoyulmamalıdır, belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.İddiaçı tikilinin istismarına icazə üçün müraciət etmiş həmin icazəni almışdır, onun müraciərinin düzgün ünvanlanmaması ilə bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən hüquq və vəzifələri izah edilməmiş, buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında yardım edilməmişdir, buna görə də cavabdehin imtinasının əsası kimi göstərilən rayon icra hakimiyyəti tərəfindən tikilinin istismarına görə icazənin verilməsi obyektin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına səbəb ola bilməz, həmçinin, cavabdeh sözügedən əraziyə digər şəxsin müraciətinin mövcud olmasını göstərsə də belə bir müraciətlə bağlı inzibati icraat materiallarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı X2 adına qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı X2 adına qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2440/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2440/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver