Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2440/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçünün verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Çapçı” bağçıllıq-yoldaşlıq təsərrüfatının nəzdində ona ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “156” saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi “Azərnəşr”də işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixdə həmin müəssisənin tərkibində yaradılmış “Çapçı” bağçıllıq-yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul olunmuşdur. “Çapçı” bağçıllıq-yoldaşlıq təsərrüfatının nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “156” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Respublikasınnı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bağ sahəsinə dair xx.xx.2013-cü il tarixdə 460327 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bağ sahəsi iddiaçıya ayrıldığı gündən mübahisəsiz onun istifadəsindədir. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “156” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə ********** saylı ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********94 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmış, bildirişdə qeyd olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Əmək kitabçasından da görünür ki, iddiaçı Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi “Azərnəşr”də işləmişdir. “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının olmaması iddiaçının günahı deyil, torpaq ayıran orqanın öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməsi nəticəsində baş vermişdir. İddiaçı qeyd edir ki, “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin, yəni keçmiş iş yoldaşlarının əksəriyyəti onlara ayrılmış torpaq sahələri üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırıblar.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində iddiaçıya ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “156” saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********94 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində saxlanılan “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Bakı şəhəri X5 İcraiyyə komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarına əsasən 26 Bakı komissarı rayonunda bağçılığın 95 üzvünə torpaq sahəsi ayrılmışdır.
6. Bakı şəhəri X5 İcraiyyə komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarına əsasən 1 №-li mərtəbə (keçmiş 26 Bakı komissarı adına) Dübəndi qəsəbəsində ayrılmış bağçılıq yoldaşlığı üzvlərinin siyahısı:
32. X6 - 10 Cənub küç., ev 156 – 500 kv.m.
7. "Çapçı" kollektiv bağçılıq cəmiyyətinin üzvlük vəsiqəsinə əsasən X1 bağçılıq cəmiyyətinin üzvüdür, ona Dübəndi Əzizbəyov rayonu ərazisində 0,05 hektar ərazisi olan 156 saylı torpaq sahəsi ayrılmışdır.
8. 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin 21 iyun 1992-ci il tarixli yığıncağının 6 №-li protokoluna əsasən mətbəənin işçisi X3 bağçılıq yoldaşlığına üzv olunması haqqında ərizəyə baxılmışdır. X4 Dübəndi qəsəbəsi, 10 Cənub küçəsində yerləşən sahəsi 500 kv.m. olan 156 №-li bağ sahəsi daimi istifadədən ötrü verilmişdir.
9. X3 adına 156 saylı bağ sahəsinin planı, bağ sahəsinə dair tərtib olunmuş 29 yanvar 1988ci il tarixli cizginin hazırlanması barədə Akt iş materiallarına əlavə olunmuşdur.
10. Vətəndaş İddiaçı Xəzər rayonu Dübəndi qəsəbəsində istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanmasına dair xx.xx.2013-cü il tarixli Rəyə əsasən vətəndaş İddiaçı “Çapçı” Bağçılıq Yoldaşlığının 21 iyun 1992-ci il tarixli 06 saylı protokolu ilə Dübəndi bağ massivində baş evinin tikintisi üçün ayrılmış torpaq sahəsində təqdim olunmuş sənədlərə əsasən sahədə ölçü işləri aparılarkən aşağıdakılar müəyyən olunmuşdur: Faktiki istifadə olunan sahə - 511,64 kv.m Qanuni istifadədə olan sahə - 500 kv.m Zəbt olunmuş sahə - 11,64 kv.m Torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasını, sənədlərin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəldiyini nəzərə alaraq zəbt olunmuş torpaq sahəsini geri qaytarmaq mümkün olmadığından zəbt olunan torpaq sahəsini göstərməklə vətəndaşın adına 500 m2 torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması məqsədəmüvafiq hesab edilmişdir.
11. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən sahəsi 500 kv.metr olan bağ ev tikintisi üçün ayrılmış 156 saylı torpaq sahəsinin planı və ölçüsü Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Çapçı” b/y-nın xx.xx.1992-ci il tarixli 6 saylı Protokol əsasında İddiaçı adına tərtib edilmişdir.
12. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, Kazımova (Sarıyeva) Şərəf Ənvər qızı xx.xx.1992-ci il tarixdə Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi “Azərnəşr” kadrlar idarəsinə müfəttiş vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
29. X9 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
30. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur və faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı şəhəri X5 İcraiyyə komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarına əsasən 26 Bakı komissarı rayonunda bağçılığın 95 üzvünə torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri X5 İcraiyyə komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarına əsasən 1 №-li mərtəbə (keçmiş 26 Bakı komissarı adına) Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmış bağçılıq yoldaşlığı üzvlərinin siyahısında iddiaçının da adı qeyd edilmişdir (32. X6 - 10 Cənub küç., ev 156 – 500 kv.m.). 21 iyun 1992-ci il tarixdə 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 6 №-li protokoluna əsasən X4 Dübəndi qəsəbəsi, 10 Cənub küçəsində yerləşən sahəsi 500 kv.m. olan 156 №-li bağ sahəsi daimi istifadədən ötrü verilmişdir (iddiaçıya məxsus əmək kitabçasının və bağçılıq təssərüfatının üzvlük vəsiqəsinin surəti iş materiallarına əlavə olunmuşdur). xx.xx.2013-cü il tarixdə tərtib edilmiş Rəyə əsasən İddiaçı Xəzər rayonu Dübəndi qəsəbəsində istifadəsində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması məqsədəmüvafiq hesab edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Çapçı” b/y-nın xx.xx.1992-ci il tarixli 6 saylı Protokolu əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən sahəsi 500 kv.metr olan bağ ev tikintisi üçün ayrılmış 156 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
33. Odur ki, məhkəmənin fikrincə, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarına və “Çapçı” b/y-nın xx.xx.1992-ci il tarixli 6 saylı Protokolu əsasında tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X9 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
34. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “156” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva