Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2443/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdehin nümayəndəsi və vəkili-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşı tamam olan tarixdən yəni 18.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 24.10.1980-cı ildən hazırki vaxtadək Heydər Əliyev adına X4nda işləyir. Həmin müddət ərzində texnoloji nasos maşinisti, təmirçi-çilingər peşələrində işləmişdir. Zavod tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli arxiv arayışında iş stajı ardıcıllıqla əks etdirilmişdir. Həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq olunmuş siyahıda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.5. neftin, qazın, qazkondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməyi qeyd olunmuşdur. Yəni güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı yarandığına görə 57 yaşının tamam olduğu 18.10.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu məqsədlə 12.12.2019-cu il tarixdə zəruri sənədlər əlavə edilməklə ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyini əsas gətirərək 18 dekabr 2019-cu il tarixli məktubu ilə pensiya təyinatından imtina etmişdir. Cavabdeh onun 01 yanvar 2006-cı il tarixinə 25 il ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını nəzərə almadan ərizəsini təmin etməməkdə haqlı olmamışdır və pensiya hüququ məhdudlaşdırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazlarında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıda 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Republikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl olunmamışdır. İddiaçının əmək kitabçasından və hərbi biletindən göründüyü kimi 01.01.2006-cı il tarixədək topladığı ümumi iş stajı 24 il 11 ay 19 gün təşkil edir. İddiaçının işləmiş olduğu “texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı “və “1saylı yağ istehsalında növbətçi-çilingər” peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında öz əksini tapmamışdıdr. İddiaçının işləmiş olduğu peşələrdən yalnız 16.08.1883-06.03.1988-ci illər arasında (4 il 6 ay 18 gün) “texnoloji qurğu operatoru” və 06.03.1988-16.05.1994-cü illər arasında (6 il 2 ay 10 gün) “texnoloji nasos maşinisti” qeyd edilən qərarda mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili-X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Ağsu şəhərində doğulmuşdur. 06 iyul 1989-cu ildə verilmiş 2116 №li ilə qeydə alınmış PV seriyalı 013965 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1980-cı ildən 1989-cu ilədək Ç.İldırım adına Azərbaycan Politexnik institutunda təhsil almışdır. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022-466 №li 06.12.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı 174-U(p) saylı 18.09.1980-cı il tarixli əmrə əsaslanaraq Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal hazırki Azərbaycan Texiki Universiteti) qiyabi olaraq “Avtonəqliyyat” fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə hərbi xidmətə çağırıldığı üçün İnstitutdan xaric edilmişdir (əmr № 53-U(p) 07.05.1981-ci il). Hərbi xidmətdən geri qayıtdıqdan sonra İnstituta bərpa olunmuşdur (əmr № 149-U(p) 19.09.1983-cü il). 148-U(p)saylı 07.06.1989-cu il tarixli əmrə əsasən İddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu qiyabi olaraq “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə (qr. № 2203a) tam kursu bitirərək mühənds-texniki ixtisası verilmişdir və ona PV № 013965 saylı diplom verilmişdir (qeydiyyat №2116). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli fərmanına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti adlandırılmışdır. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli 11.12.1980cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 24.10.1980-cı ildən 27.04.1981-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X4nun 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. 04.05.1981-ci ildən 07.06.1983-cü il tarixinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 16.08.1983-cü ildən 06.03.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X4nun 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. 06.03.1988-ci ildən 16.05.1994-cü ilə qədər “XXİİ qurultay”adına Bakı X4nun 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti peşəsində işləmişdir. 16.05.1994-cü ildən 10.10.1997-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. 10.10.1997-ci ildən 15.07.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalında növbətçi-çilingər peşəsində işləmişdir. 15.07.2008-ci ildən 07.07.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-nin 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçi-çilingər peşəsində işləmişdir. 07.07.2015-ci il tarixli SOCAR /15-1700/8-04-002186 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 46.6 bəndinə əsasən Heydər Əliyev adına X4nun 25 saylı texnoloji sahənin təmir üzrə xidmət sahəsində təmirçi-çilingər peşəsinə keçirilib, hal-hazırda (18.02.2020-ci il) işləyir. Heydər Əliyev adına X4 tərəfindən verilmiş 20.11.2019-cu il tarixli SOCAR**********80020123X00230 №li arxiv arayışında göstərilmişdir ki, İddiaçı; 1) 24.10.1980-cı ildən (işə qəbul əmri 224/K. 24.10.1980-cı il) 27.04.1981-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X4nun 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. 2) 27.04.1981-ci ildə (işdən çıxma əmri 103/k. 28.04.1981-ci il) Azərbaycan Respublikası ƏQM-nin 36.3-cü maddəsinə əsasən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilib. 3) 16.08.1983-cü ildən (işə qəbul əmri 169/şh.16.08.1983-cü il) 06.03.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X4nun 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. 4) 06.03.1988-ci ildən (işə qəbul əmri 69/şh. 05.03.1988-ci il) 16.05.1994-cü ilə qədər “XXİİ qurultay” adına Bakı neftemalı zavodunun 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti peşəsində işləmişdir. 5) 16.05.1994-cü ildən (işə qəbul əmri 295. 16.05.1994-cü il) 10.10.1997-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. 6) 10.10.1997-ci ildən (işə qəbil əmri 214/şh. 10.10.1997-ci il) 15.07.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalında növbətçi-çilingər peşəsində işləmişdir. 7) 15.07.2008-ci ildən (işə qəbul əmri 343/k. 15.07.2008-ci il) 07.07.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-nin 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçiçilingər peşəsində işləmişdir. 8) 07.07.2015-ci il tarixli SOCAR/15-1700/8-04-002186 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 46.6 bəndinə əsasən Heydər Əliyev adına X4nun 25 saylı texnoloji sahənin təmir üzrə xidmət sahəsində təmirçi-çilingər peşəsinə keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, Qərar №12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. neftin, qazın, qazkondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 10.05.1981-ci il tarixdən 27.05.1983cü il tarixədək həqiqi hərbi xidmət keçmiş, 07.06.1983-cü ildə rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş 18.12.2019cu il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərə əsasən 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağırolan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7,15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarım bəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 (iyirmi beş) il, 17 (on yeddi) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Xİİfəsil Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dənizneftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsi; texnoloji qurğuların operatorları (kod 2130301a—16081), texnoloji avadanlıqların təmiri üzrə çilingərlər (kod2130301a—18547), texnoloji nasosların maşinistləri (2130200a—14259), nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (kod 2130301a—18494) Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 19 (on doqquz) il, 9 (doqquz) ay, 16 (on altı) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 18.10.2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan yəni, 18.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2443/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2443/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver