Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2446/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X2 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış sahəsinə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X9 cavabdehlər X17 və Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili X18 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin iş üzrə cavabdeh kimi tanınması, cavabdeh kimi qeyd edilmiş X7 X1 oxunması və o üçüncü şəxs kimi qeyd edilməklə X4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ev 1987-ci ildə orderlə X8 verilmiş, ailə üzvü kimi evin orderinə onlar yazılmışlar. Ataları vəfat etmiş və hal-hazırda da həmin evdə onlar qeydiyyatdadırlar. X9 2001-ci ildə X17 ilə ailə qurmuş, Bakı şəhərində işə düzəldilməsi üçün evinə qeydiyyata almışlar. Lakin cavabdeh bir gündə olsun həmin evdə yaşamamışdır. Cavabdehlə Səadətin nikahı 2011-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və hal-hazırda harada yaşaması da onlara məlum deyildir. Cavabdeh onlara məxsus evdə qeydiyyatda olsa da bir gün də olsun yaşamamış və mübahisəli mənzillə heç bir əlaqəsi olmamışdır. Cavabdehin onlara məxsus mənzildə qeydiyyatda qalması onlar üçün bir sıra problemlər yaradır. Belə ki, onların mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Bu barədə Qaradağ rayon məhkəməsinə müraciət etmiş, məhkəmə öz qətnaməsində cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmamasının qeyd etmişdir. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün Qaradağ rayon Polis İdarəsinə müraciət etsələr də təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun və digər iddiaçıların nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan SSR İcraiyə Komitəsinin Xalq Deputatları Soveti tərəfindən verilmiş 075118 №-li, 18.12.1987-ci il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 2 otaqlı, 29.11 kv.m olan ev dəyişdimə yolu ilə X8 verimişdir. X24 S. özü, İddiaçı2 S.- arvadı, Hüseynova Səadət C. – qızı, İddiaçı1 C.- oğlu qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 01.06.2021-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1, 05.03.2002-ci il təvəllüdlü X19, 13.08.2020-ci il təvəllüdlü X14, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2, 26.01.1977-ci il təvəllüdlü X13, 13.02.1988-ci il təvəllüdlü X3, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı3, 30.12.2013-cü il təvəllüdlü X22, 04.09.2009-cu il təvəllüdlü X20, 20.11.2007-ci il təvəllüdlü X21 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 045949 №-li, 08.11.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 04.11.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 11 ayının 08 günündə 2194 № ilə qeyd edilmişdir. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 129078 №-li, 19.08.2011-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X10 arasında olan nikah 20.04.2010-cu il tarixdə ləğv edilmişdir. - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(001)-2120/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X11 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Həmin qətnamədən həmçinin görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən mənzilin orderində İddiaçı1 X5 ailə üzvü olaraq qeyd olunmaqla o həmin yaşayış sahəsində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh X13 2001-ci ildə iddiaçının bacısı X12 ilə nikaha daxil olmuş, 2011-ci ildə onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehin mənzilin orderində X5 ailə üzvü olaraq adı qeyd olunmamış, 2001-ci ildə həmin mənzilə formal olaraq qeydiyyata düşsə də orada yaşamamışdır. Bu səbəbdən cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. -Bakı şəhər İcra Hakimiyyəti MKTD Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 320 №-li, 03.11.2021-ci il tarixli arayışdan görünür ki, X13 2000-ci ildən Qobustan qəsəbəsi, Neftçilər küçəsindəki 11 №-li evdə qeydiyyatda olmağına baxmayaraq 10-15 ildir ki, bu ünvanda yaşamır. - Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış 24.08.2021-ci il tarixli, 069-13740Ş- 3221 №-li məktubdan görünür ki, Bakı şəhəri, ünvan 3-də yaşayış yeri üzrə qeydiyyatda olan X4 qeydiyyatdan çıxarılmasına dair ərizəsinə baxılmışdır. Qanunvericiliyin tələblərinə əsasən müraciətdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi dəyişmə orderinə əsasən iddiaçıların atası X8 məxsus olmuş, iddiaçıların adı ailə üzvü kimi həmin orderdə qeyd edilmişdir. Mənzilin kirayəçisi X15 04.11.2019-cu il tarixdə ölmüşdür. Üçüncü şəxs X13 iddiaçılardan X2 əri olmuş və 2000-ci ildə mübahisəli ünvana qeydiyyata alınmışdır. X13 ilə X9 arasında olan nikah 20.04.2010-cu il tarixdə ləğv edilmişdir. X4 mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar mübahisəli yaşayış sahəsinə qeydiyyatda olan, lakin həmin ünvanda yaşamayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsələr də onların müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla orderdə adları qeyd edilmiş iddiaçıların istifadəsindədir. Belə olan halda kirayədarlar onlara məxsus yaşayış sahəsində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdirlər. Qeydiyyatda olan üçüncü şəxs həmin yaşayış sahəsində yaşamadığından, eləcə də onun həmin yaşayış sahəsində istifadə hüququnun olmaması qanunu qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, həmin şəxsin iddiaçılara məxsus evdən qeydiyyatdan çıxarılmaması qanuna zidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onun qeydiyyatdan çıxarılmasına əngəl olmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2446/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2446/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver