Məhkəmə qərarları › İş №2-1(112)-2447/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2447/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2447/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Binəqədi rayonu, X1 Ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi icarəyə verilməsi haqqında №446 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, Göradil bağ massivində sahəsi 1000 kv.m olan bağ evinin özəlləşdirilməsini 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəm icraatına cəlb edilmişdir.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizənə əsasən iddia tələbi “Binəqədi rayonu, Görədil bağ massivində 1000 kv.m torpaq-bağ sahəsinin xx.xx.2105-ci ilədək iddiaçıya icarəyə verilməsinə dair Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2006-cı il tarixli 446 №-li icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, X1 Ərazisində olan torpaq sahəsini Bağ sahəsi kimi İcarəyə verilməsi haqqında №446 saylı 15 sentyabr 2006-cı il tarixli Müqaviləyə əsasən Binəqədi rayonu, Göradil bağ massivində sahəsi 1000 kv.m olan bağ xx.xx.2105-ci il tarixədək onun öhdəsinə verilmişdir. Binəqədi Bələdiyyəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında YVÖK 10011HBS0100 saylı şəhadətnaməsi mövcuddur. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 4000 kv.m olan bağ evini özəlləşdirmək üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli (xx.xx.2024-cü) il tarixdə əldə etdiyi cavab olaraq: “Torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadığı və bələdiyyənin torpaq sahəsinin icarəyə verilməsi barədə qərarı təqdim edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Nəticə etibarı ilə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbində haqlıdır. Binəqədi rayonu, Göradil bağ massivində sahəsi 1000 kv.m olan bağ evinin üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi zəruridir.

5. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən yazılı imtinada bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır və bələdiyyənin torpaq sahəsinin icarəyə verilməsi barədə qərarı təqdim edilməmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı olmasına baxmayaraq təqdim olunan sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə bağlıdır. Bundan əlavə qeyd torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin qüvvədə olma müddəti bitmişdir. O cümlədən idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi rayonu X1 ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 446 nömrəli müqavilədə qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı ildən – xx.xx.2105-ci il tarixədək Binəqədi rayonu, Goradil bağ massivində istifadə etdiyi 1000 kv.m bağ - torpaq sahəsinin sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları, əkməklə yaşıllaşdırmaq məqsədilə İcarəçiyə təklif edilməsinə, icarəçi yuxarıda sadalanan işləri öz vəsaiti hesabına görməklə bağın qəbul edilməsinə dair müqavilə bağlanılmışdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş situasiya planında qeyd edilmişdir ki, Binəqədi rayonu, Görədil bağ massivində İddiaçı istifadə etdiyi bağ - torpaq sahəsinin (1000 kv.m.) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir.

9. Cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən torpaq sahəsinin faktiki sahəsi 1000 kv.m, faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri, iki tərəfdən şərti, bir tərəfdən şərti və mişar daş hasarla, bir tərəfdən mişar daş hasarla sərhədlənmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

17. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

21. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

22. İddiaçının tələbi Binəqədi rayonu, Görədil bağ massivində 1000 kv.m torpaq sahəsinin xx.xx.2105-ci ilədək iddiaçıya icarəyə verilməsinə dair Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2006-cı il tarixli 446 №-li icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur.

23. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 446 nömrəli müqaviləsi ilə Binəqədi rayonu, Goradil bağ massivində istifadə edilən 1000 kv.m bağ - torpaq sahəsinin sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları, əkməklə yaşıllaşdırmaq məqsədi ilə ayrılmışdır.

27. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Bələdiyyəsi tərəfindən onunla İddiaçı arasında xx.xx.2006-cı il tarixli, 446 nömrəli müqavilənin bağlanmasına əsas olan sənədlərin surətləri təqdim edilmişdir. xx.xx.2006-cı il tarixli, 446 nömrəli müqavilə təqdim edilsə də, lakin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmişdir.

28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün çıxarışın verilməsi tələbi təmin edilməməlidir.

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar