Məhkəmə qərarları › İş №2-1(112)-2448/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2448/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2448/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək, 1991-1996-cı il tarixlərdə Silahlı Qüvvələrdə döyüş bölgəsində xidmət etdiyi dövrün güzəştli şərtlərlə hesablanaraq xidmət illərinə əlavə edilib pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “həkim komissiyasından keçirilmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı Şəhər Baş Polis İdarəsi göstərilməklə, iddia tələbinin “xx.xx.1991-xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olduğum müddətin 1 günü 3 gün hesablayaraq yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi cavabdehlər sırasından xaric edilmiş və cavabdeh qismində Bakı Şəhər Baş Polis İdarəsi göstərilmiş, iddia tələbinin “xx.xx.1991-xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olduğum müddətin 1 günü 3 gün hesablayaraq yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbini dəqiqləşdirərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olduğu müddətin 1 gün 3 gün hesablayaraq yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək daxili işlər orqanlarında xidmət etmişdir. Sonuncu xidmət yeri Bakı Şəhər Baş Polis İdarəsinin Pirallahı rayon polis şöbəsində post patrul xidməti tağımının komandiri vəzifəsi olmuşdur. Nazirlik üzrə xx.xx.2022-ci il tarixli əmrlə öz xahişi ilə daxili işlər orqanlarından xidmətdən xaric olunaraq, ona qulluq illərinə görə pensiya təyin edilmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində döyüşən hərbi hissələrdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Qarabağ Müharibəsi veteranıdır. Bu barədə hərbi biletdə müvafiq qeydiyyat aparılmışdır Lakin pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqəsində döyüşlərdə iştirak etdiyinə görə hərbi xidmətdə olduğu xidmət (4 il 7 ay 18 gün) illərinin 3 misli hesablanmayaraq qeydiyyat aparılmamışdır. Döyüşlərdə iştirak etdiyinə görə hərbi xidmətdə olduğu xidmət (4 il 7 ay 18 gün) illərinin 3 misli barədə yeni məlumat vərəqəsinin göndərilməsi barədə müraciətinə Bakı Şəhər Baş Polis İdarəsində baxılaraq həmin dövrün güzəştli şərtlərlə xidmət illərinə daxil edilməsinin mümkün olmadığı barədə xx.xx.2022-ci il tarixli 045-17843/5m-3222 nömrəli məktubla məlumat verilmişdir. Cavabdehin etirazı: Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.1991-xx.xx.1996-cı il tarixlərdə Silahlı Qüvvələrdə, xx.xx.1996-xx.xx.2022-ci il tarixlərdə daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı Bakı şəhəri Pirallahı RPŞ-nin Post-patrul xidməti taqımının komandiri vəzifəsində xidmət edərkən, DİN-in xx.xx.2022-ci il tarixli şəxsi heyət üzrə Ə773-001-22 nömrəli əmri ilə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə (öz arzusu ilə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı xidmət illəri hesablanarkən xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddət 04 il, 08 ay, 00 gün, daxili işlər orqanlarında xidmət etdiyi müddət xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 25 il, 03 ay, 07 gün, Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə xx.xx.1996-xx.xx.1997-ci illərdə xidmət etdiyi müddət bir ayı iki ay sayılmaqla 00 il, 04 ay, 21 gün, ümumilikdə təqvimi hesablama ilə 29 il, 11 ay, 07 gün, imtiyazlı hesablama ilə 30 il, 03 ay, 28 gün təşkil etmişdir. İddiaçı əmək pensiyası təminatı üçün tərtib olunmuş “Məlumat Vərəqi” Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-4375-1222 nömrəli məktubu ilə DİN-in Maliyyə-Plan İdarəsinə göndərilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunduğu vaxt qüvvədə olan qərara müvafiq olaraq, xx.xx.1991-xx.xx.1996-cı il tarixlərdə Silahlı Qüvvələrdə döyüş bölgəsində müddətli həqiqi hərbi xidmətdə olduğu üçün həmin dövrün (04 il, 08 ay, 00 gün) güzəştli şərtlərlə onun imtiyazlı xidmət illərinə hesablanması mümkün deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 4801, N və N nömrəli hərbi hissələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Sədərək rayonunda və xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində Beyləqan, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir, xx.xx.1996-cı il tarixdə AR MN-nin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.1997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiya):

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri uzun müddət xidmətə daxil edilir. (1 iyul 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilə 2-ci bəndin “a” yarımbəndinin birinci və ikinci abzasları çıxarılmışdır.)

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hərbi xidmətin müddətləri (xx.xx.1997-dək qüvvədə olan redaksiya) Dinc dövrdə hərbi xidmətin müddətləri aşağıdakı kimi müəyyənləşdirilir: a) müddətli xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar - 1 il; hərbi-dəniz qüvvələrinin və sərhəd qoşunları dəniz hissələrinin gəmi və sahil hissələri, döyüş təminatı matrosları və çavuşları – 2 il; qalan bütün əsgərlər və çavuşlar - 1 il 6 ay; ... Maddə 5. Həqiqi hərbi xidmətin növləri (xx.xx.2001-dək qüvvədə olan redaksiya) Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi üçün müəyyən edilməli olan hal, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olduğu müddətin müddətdən artıq həqiqi hərbi xidmətə aid edilib-edilməməsidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh imtinanın əsası kimi, iddiaçının həmin dövrdə müddətli həqiqi hərbi xidmətdə olmasına istinad edir. Məhkəmə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 4801, N və N nömrəli hərbi hissələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Sədərək rayonunda və xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində Beyləqan, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir, xx.xx.1996-cı il tarixdə AR MN-nin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.1997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. “Hərbi xidmət haqqında” Qanunun qeyd olunan 15-ci maddəsinin “a” bəndinin tələbi nəzərə alındıqda, iddiaçı xx.xx.1991-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış iddiaçının 1 il 6 aylıq müddətli həqiqi hərbi xidmət dövrü xx.xx.1993-cü il tarixində bitir. Belə olan halda, müddətli hərbi xidmət dövrünün bitdiyi xx.xx.1993-cü il tarixdən sonrakı, yəni, həmin tarixdən tərxis olunduğu xx.xx.1993-cü il tarixədək olan dövr onun müddətindən artıq xidmət dövrünü əhatə edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 iyul tarixli 77 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətlərinin respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Yəni, həmin Fərmanla, müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin ehtiyata buraxılmaları dayandırılmışdır. Həmin Fərmanın tətbiqinin hüquqi nəticəsi olaraq müddətdən artıq həqiqi hərbi xidmət dövrünə keçid könüllü deyil, icrası məcburi olan hüquqi akta əsasən baş vermişdir ki, bu da müddətdən artıq həqiqi hərbi xidmətin mahiyyətini dəyişmir. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının müddətli hərbi xidmətinin bitdiyi xx.xx.1993-cü il tarixindən, onun tərxis olunduğu xx.xx.1996-cı il tarixə kimi olan xidmət dövrü onun müddətdən artıq həqiqi hərbi xidməti kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının müddətli hərbi xidmətinin bitdiyi xx.xx.1993-cü il tarixindən, onun tərxis olunduğu xx.xx.1996-cı il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı - “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının mübahisələndirilən dövrdə qüvvədə olan 2-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq, üç ay sayılmaqla, onun uzun müddət xidmətinə daxil edilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətiinin bir ayı 3 ay sayılmaqla, yeni məlumat vərəqinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi cavabdehin qanunla üzərinə düşən öhdəliyi olsa da, bu öhdəliyini yerinə yetirməmiş, iddiaçının hüquqlarını pozmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin bir günü üç gün (bir ayı üç ay) sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin bir günü üç gün (bir ayı üç ay) sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar