Məhkəmə qərarları › İş №2-1(112)-2448/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2448/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2448/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2na müharibə veteranı adı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 03 may 2011-ci il tarixdə vəfat etmiş X2nun arvadı olmaqla onun birinci növbəli vərəsəsidir. X2 19 oktyabr 1992-ci il tarixdə birinci Qarabağ müharibəsində torpaqların müdafiəsi uğrunda Ağdərə rayonun Həsənriz (keçmiş Aterk) kəndini mühafizə edərkən minaya düşərək sol almacıq sümüyünün sınığı, beyin silkələnməsi, sağ Vİ-Vİİ-Vİİİ qabırğaların sınığı, sol gözün atroobiyası, kürək nahiyyələrində askol yaraları və sairə ağır bədən xəsarətləri almışdır. X2 İİ qrup Qarabağ müharibəsi əlili idi. Onunla birlikdə hərbi hissənin tərkibində çiyin-çiyinə vuruşan və hazırda sağ qalan şəxslər müharibə veteranları olub vəsiqə almışlar. Dəfələrlə ərinin sağlığında və ölümündən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş və axırıncı dəfə 13 oktyabr 2022-ci il tarixli 4/2-6924 №-li imtina məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 13 oktyabr 2022-ci il tarixli, 4/2-6924 №-li arxiv arayışında qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1993-cü il, N №-li hərbi hissə komandirinin mart-aprel 1993-cü il nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitablarında X5 xidməti barədə məlumat aşkar olunmamışdır. Sual olunur, X8 birinci Qarabağ müharibəsində Ağdərənin Həsənriz kəndini mühafizə edərkən tank əlehinə minaya düşərək ağır bədən xəsarətləri almış və iki hərbiçi yoldaşı da mina partlaması nəticəsində həlak olmuşlar. Necə ola bilər ki, hərbi hissənin şəxsi heyətində mərhumun adı qeyd olunmasın. Həmçinin Kəlbəcərin işğalı zamanı hərbi hissənin arxivi yandığından arxiv sənədləri cavabdeh Müdafiə Nazirliyinə göndərilə bilməzdi. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, vəfat etmiş şəxslərə “Müharibə veteranı” adının və vəsiqəsinin veriməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə “Baş-beyin silkələnməsindən sonrakı ensefalopatiya, Kəskin ANS. Kalkulyoz, sistitə görə episistoektomiyodan sonrakı hal. İkitərəfli pielonefrit. Qabırğanın sınığından sonrakı ağrı sindromu” diaqnozu ilə “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla alaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan AZ-İ №477038 nömrəli xx.xx.2011-ci il tarixli ölü haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə yayılmış metastaz səbəbi ilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 663 nömrə ilə qeyd aparılmışdır. İddiaçı hazırda mərhum əri S.Əşrəfovun 1991-1993-cü illərdə döyüş əməliyyatlarında iştirak etməsini iddia edərək, ona müharibə veteranı adının verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən: - Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, - Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin Qərarın 2 nömrəli Əlavəsi ilə Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi təsdiq edilmiş və göstərilmişdir ki: - 4. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin 1-ci səhifəsində “vəsiqəni verən müəssisə, VƏSİQƏ, seriya, nömrə, soyadı, adı, atasının adı, şəxsi imza” sözləri yazılmış, 3x4 sm ölçülü fotoşəkil üçün yer qoyulmuşdur. Vəsiqələrin 2-ci səhifəsində “Vəsiqənin sahibi müharibə veteranları (müvafiq surətdə silahlı qüvvələr veteranları, əmək veteranları) üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir, verildiyi tarix, müəssisə rəhbərinin imzası” sözləri yazılmışdır. - 5. Vəsiqənin içərisinə onu verən mərkəzi icra orqanı tərəfindən vərəq əlavə edilir. Əlavədə Qanunla vəsiqənin sahibi üçün nəzərdə tutulmuş güzəştlər sadalanır və bu, müvafiq mərkəzi icra orqanının möhürü ilə təsdiq edilir. İstinad olunan normalardan görünür ki, “müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə onların özünün müraciəti əsasında verilir və həmin adı təsdiq edən vəsiqə həmin şəxsə münasibətdə hüquqi qüvvəyə malik olmaqla onun üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlar yaradır. Yəni bu adı (statusu) almaq hüququ şəxsi xarakter daşıyan hüquq olmaqla, yalnız döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə məxsus ola bilər və şəxsin ölümü ilə həmin hüquqa xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, S.Əşrəfov xx.xx.2011-ci il tarixdə vəfat etmişdir, onun “müharibə veteranı adı” almaq hüququna da xitam verilmişdir və belə bir tələblə digər şəxs, hazırkı halda arvadı İddiaçı çıxış edə bilməz. Çünki onun belə bir tələb üzrə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar