Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2449/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, doğum aktı qeydi kitabında adının “Sofya” kimi yazılması barədə aktın qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, o, xx xxxxxxxx 1950-ci ildə Tovuz rayonunda anadan olmuşdur. X1, anası isə X4r. 24 avqust 1966-cı ildə Bakı şəhərinin Nəsimi rayon X2 Qeydiyyatı Şöbəsi tərəfindən ona 70 nömrə ilə qeyd edilmiş şəhadətnamə vermişlər. Həmin şəhadətnamədə adı “Sofiya" kimi yazılmışdır. Digər bir sıra sənədlərində isə adı müxtəlif formada - Sofiya, Sofa və Sofya kimi göstərildiyindən doğum aktı qeydinə düzəliş edilməsi və adının Sofiya kimi hər yerdə bir mənalı olması barədə düzəliş edilməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Cavabdehin imtina cavabda aşağıdakılar qeyd olunmuşdur: “Sənədlər nəzərdən keçirilərkən Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə tərtib edilmiş 70 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adınızın "Sofa" yazıldığı, Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində adınızın "Sofya" göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamədə adınız Sofiya" qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq sənədlər nəzərdən keçirilərkən Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə tərtib edilmiş 70 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Sofa” yazıldığı, Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində adının “Sofya” göstərildiyi, eyni zamanda Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhaətnamədə adının “Sofiya” qeyd edildiyi bildirilərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə istinad olunaraq təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsinin mümkün olmadığını qeyd etmişdir. - Tovuz rayonunun Qaraxanlı ZAQS bürosu tərəfindən tərtib edilən iddiaçıya məxsus xx.xx.1966-cı il tarixli, 70 nömrəli doğum qeydlərinin bərpa aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeydin uşaq haqqında məlumat qrafasında iddiaçının adı “Sofa” kimi qeyd edilmişdir. X1, anası X5r. - AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. - C02205534 nömrəli xx.xx.2018-ci il tarixli ümumvətəndaş pasportunun surətindən görünür ki, İddiaçı adı Sofya kimi qeyd edilmişdir. - Azərbaycan Dəmir Yolları QSC tərəfindən verilmiş 112668 nömrəli xx.xx.2009-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı adı Sofya kimi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, ev 13, mənzil 1, giriş 3 (yeni qaydalarla:.H.Sarabski küçəsi, 90, M2, m 4) ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, ev 13, mənzil 1, giriş 3 (yeni qaydalarla:.H.Sarabski küçəsi, 90, M2, m 4) ünvanında yerləşən mənzilin mülkiyyətçisinin adı İddiaçı qeyd edilmişdir. - Д-İ №377746 nömrəli xx.xx.1979-cu il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1973-ci il tarixdə Rostov na Don mühəndis və dəmiryollarının idarəsi və təşkili nəqliyyatı institutunun dəmiryolları və nəqliyyatın iqtisadiyyatı fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin ali məktəbi bitirmişdir. Diplomun sahibi qrafasında Эминовой Софье Исмаил кызы (İddiaçı) qeyd olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 yanvar 2023-cü il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı fərdi uçot kartının təsdiqlənmiş kserosurəti təqdim edilmişdir. Qeyd olunan fərdi uçot kartından müəyyən edilir ki, iddiaçının adı Sofya qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının doğum haqqında akt bərpa qeydində ad qrafasında adı “Sofa” kimi yazılmış, həmin akt qeydinə istinad olunmaqla verilmiş doğum haqqında şəhadətnaməsində isə “Sofiya” kimi göstərilmişdir. İddiaçı bir sıra hüquqmüəyyənedici sənədlərdə adının “Sofya” kimi yazıldığına istinad edərək doğum akt qeydində ad qrafasında adının “Sofya”ya dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. - 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X2 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirməsidir. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik normaları yetkinlik yaşına çatmış şəxsə qanunla müəyyən edilmiş hallar daxilində öz adını dəyişdirmək hüququ vermişdir. Nazirlər Kabinetinin istinad olunan qərarları isə müvafiq akt qeydlərində bu dəyişikliyin aparılması şərtlərini və qaydasını müəyyənləşdirmiş, dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların mövcud olması ilə məhdudlaşdırmışdır. Məhkəmə nəzərə alır ki, hazırkı halda iddiaçının pasportunda, şəxsiyyətini təsdiq edən vəsiqəsində, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, fərdi uçot kartoçkasında və digər sənədində “Sofya” göstərildiyindən, iddiaçının öz adının dəyişilməsi barədə istəyi olduğundan bu dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıya məxsus xx.xx.1966-cı il tarixli, 70 saylı doğum haqqında bərpa akt qeydinin ad qrafasında iddiaçının adının “Sofya” kimi dəyişdirilməsi edilməsi vəzifəsi cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2449/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2449/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver