Məhkəmə qərarları › İş №2-1(112)-245/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-245/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-245/2025 24.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı ƏƏSMN-yi yanında DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də cavabdeh xx.xx.2023-ci il tarixli 3-17-1/2K-58365/2023 nömrəli cavab məktubu ilə bundan imtina etmişdir. İmtinaya səbəb kimi cavabdeh aşağıdakıları göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq; zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirirlər ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" LLC-nin ona dair 31 yanvar 2023-cü il tarixli SC-PS-2023-042 nömrəli arayışında 30 iyul 2013-cü il tarixindən bugünədək sənaye təmizləyicisi vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin, sözügedən arayışda sənaye təmizləyicisi vəzifəsində işlədiyiniz müddətdə rezervuarların, bakların, sistemlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olub olmamağınız barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də, həmin dövr üzrə güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin gəldiyi bu nəticə əsasız və qeyri-qanunu olduğundan bununla heç cür razılaşmır. Odur ki, xronoloji ardıcıllıqı nəzərə alaraq hərbi xidmət, müxtəlif peşə, o cümlədən, uzun müddət zərərli sahələrdə işlədiyi dövrləri aşağıda qeyd etməyi zəruri hesab edir: xx.xx.1976-xx.xx.1978-ci il tarixlərində motorçu şagird, xx.xx.1978-xx.xx.1979-cu il tarixlərində havalandırma üzrə mütəxəsis, xx.xx.1979 -xx.xx.1981-ci il tarixlərində sovet ordusunda hərbi xidmət, xx.xx.1982-xx.xx.1982-ci il tarixlərində təmirçi-çilingər, xx.xx.1982-xx.xx.1982 -ci il tarixlərində dizel elektirik kranları maşinisti, xx.xx.1982-xx.xx.1983-cü il tarixlərində kran maşinisti, xx.xx.1983-xx.xx.1985-ci il tarixlərində kran maşinisti, xx.xx.1985xx.xx.1985-ci il tarixlərində kran maşinisti, xx.xx.1985-xx.xx.1987-ci il tarixlərində krançı, xx.xx.1987-xx.xx.1994-ci il tarixlərində krançı, xx.xx.1994-xx.xx.1995 - kran sürücüsü, xx.xx.1995xx.xx.1995--ci il tarixlərində çilingər, xx.xx.1996-xx.xx.1997-ci il tarixlərində kran maşinisti, xx.xx.2002-xx.xx.2012-ci il tarixlərində "Rigblast Energy Services Ltd" de quraşdırıcı, xx.xx.2012xx.xx.2013-cü il tarixlərində “Rigblast Energy Services Ltd" də dənizdə texnik təmizləycisi, xx.xx.2013-cü ildən bu günə kimi “SOCAR CARE MMC-də” sənaye təmizləycisi peşəsində çalışmışdır. Beləliklə yuxarıda qeyd edilən iş stajları əmək kitabçasında və arayışlarda bir daha rəsmi olaraq sübut olduğundan mötəbər hesab edilməlidir. Belə ki, bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası qanunvericiliyin tələbləri baxımından əsasız olduğuna görə hüquqlarının pozulduğuna gətirib çıxarmış, buda öz növbəsində qanuna ziddir. Odur ki, bütün yuxarıda qeyd edilən xüsusatlar bir daha mötəbər sübutlarla təsdiq olunduğundan lehimə qərar qəbul edilməlidir. Bir sözlə həmin illərdə işləməyi isə əmək kitabçası ilə rəsmən təsdiq olunur. Cavabdeh isə buna baxmayaraq həmin iş stajını təsdiq edən əlavə sübutlar tələb etmiş, bununla da göstərilən normanın tələbini pozmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixlərdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq ona cavabı imtina verilmişdir. Bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı xx.xx.1959-ci il təvəllüdlüdur, hal-hazırda 64 yaşı var. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın ümumi peşələr (35) bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin Qaydada tələb olunan formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görülən işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçı Mərkəzi Filiala müxtəlif vaxtlarda güzəştli iş stajı ilə bağlı arayışlar təqdim etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" LLC-nin 31 yanvar 2023-cü il tarixli SC-PS-2023-042 nömrəli arayışında İddiaçı 30 iyul 2013-cü il tarixindən bugünədək sənaye təmizləyicisi vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda sənaye təmizləyicisi vəzifəsində işlədiyi müddətdə rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olub olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də həmin dövr üzrə güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkii iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən sonuncu dəfə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-58365/2023 nömrəli məktubla imtina edilmişdir.

9. İddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1980xx.xx.1982, xx.xx.1982 – xx.xx.1988, xx.xx.1988 - xx.xx.1992, xx.xx.1992- xx.xx.1993, xx.xx.1993 – xx.xx.2005.

10. “Stork Technical Services (RGB) Limited” Şirkətinin Azərbaycan Respulikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, HR-LT-2019-009 nömrəli güzəştli arayışa əsasən xx.xx.1959 təvəllüdlü X4 həqiqətən xx.xx.2002 tarixindən xx.xx.2012 tarixinə kimi "Rigblast Energy Services Ltd" Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləyib. İş stajı: 10 il 19 gün; xx.xx.2012 tarixindən xx.xx.2013 tarixinə kimi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəsifəsində çalışmışdır. İş stajı: 1 il 2 ay 28 gün. Nəzərə çatdırılmışdır ki, "Rigblast Energy Services Ltd" Kompaniyasının Bakı şəhəri nümayəndəliyinin adı xx.xx.2008-ci il tarixində dəyişdirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur və xx.xx.2012 tarixində "Stork Technical Services (RBG) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə; istilik, havalandırma və soyutma sistemləri üzrə texniki xidmət və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. X2 işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) öz əksini tapmış "təmizləyicilər" bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı - 1 il 2 ay 28 gün təşkil edir. Dənizdə texniki təmizləyici kimi onun əsas vəzifə öhdəlikləri daxil olub; sahə rəisinin təlimatı ilə tapşırıqların icrası, neft platformalarında zərərli və kimyəvi tərkibli sənaye və xammal tullantıların. ilkin təmizlənməsi, xüsusi nəzarət olunan zonalarda işləri icra edərkən ion radioşüalanmasının təsirinin qarşısının alınması üçün lazım olan fərdi mühafizə vasitələrindən istifadə etmək və texniki təhlükəsizlik qaydalarına əməl etmək, bütün növ təmizləmə işləri və kimyəvi vasitələrlə işlərin icrası zamanı müvafiq yerli və beynəlxalq standartlara riayət etmək, təmizləmə işləri zamanı yaranan atıqları tullantıların seqreqasiyası prinsiplərinə uyğun sahələrdən toplayıb yığıma təhvil vermək, texniki baxım və təmir işləri icra olunan zaman təmizləmə işlərini görmək, əmək alətlərinin və iş ləvazimatlarının səliqəli şəkildə qorunub saxlanılması, iş sahələrinin ümumi təmizliyini həyata keçirmək, sınmış, qırılmış və sıradan çıxmış alətlər və lavazimatlar barəsində sahə rəhbərinə məlumat vermək.

11. “Stork Technical Services (RGB) Limited” Şirkətinin Azərbaycan Respulikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, STR-HR-2014-126 nömrəli arayışa əsasən X4 həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək “Stork Technical Services (RBG) Limited" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (əvvəlki adı: RBG Limided şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi) işləyib. X4 xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi vaxta rejimi ilə dəniz şəraitində işləyib.

12. "xxxx" LLC tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, SC-PS-2023-042 nömrəli arayışa əasən "xxxx" MMC-i şirkəti təsdiq edir ki, İddiaçı 30 iyul 2013-cü il tarixdən indiyə kimi Sənaye təmizləyici vəzifəsində işləyir və onun şirkətdə 09 il 07 ay 03 gün stajı var. İddiaçı işlədiyi Sənaye təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmış "təmizləyicilər" bəndinə uyğundur. Vəzifənin təsviri əlavə edilmişdir.

13. SOCAR "xxxx" tresti tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli, SOCAR **********30020123X00090 nömrəli arxiv arayışına əsasən İddiaçı -xx.xx.1982-ci il tarixli 05/k nömrəli əmrə əsasən “Xəzərmaşınzavodları" X3 X5 3-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.1982-ci il tarixli 43/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏMQ-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. İddiaçı - xx.xx.1983-cü il tarixli 99/k nömrəli əmrə əsasən 3-cü dərəcəli kran maşınisti peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixli 39/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu peşədən köçürmə yolu ilə işdən azad edilmişdir. Məlumat üçün bildirirlər ki, "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən "Azneft" İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.ND-2270) və "Azneft" İstehsalat Birliyinin "Azərdənizneftinşaat" trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir.

14. НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 2xx.xx.1979-xx.xx.1981-ci illərdə Azərbaycan SSR ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9861/2023 nömrəli qərardadına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizəsinə yenidən baxılmış və bu barədə məhkəməyə 06 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-204566/2023 nömrəli məktub ünvanlanmışdır. Məktuba əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedeu Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinizə dair Mərkəzi Filiala qarşı inzibati iş üzrə məhkəmə çəkişməsinin gedişində təqdim edilən "xxxx" LLC-nin 16 avqust 2023-cü il tarixli 334/2023 nömrəli arayışında xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sənaye təmizləyicisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı həmin dövr üzrə 9 ay ərzində (2015-ci ilin mart ayı, 2019-cu ilin fevral ayı, 2020-ci ilin may ayı, 2022-ci ilin iyun, sentyabr, dekabr ayları və 2023-cü ilin may, iyun və iyul ayları) məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 1 gün) təşkil edir ("Pensiya" alt sistemindən çıxarışın surəti əlavə olunur). Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

16. Məhkəmənin sorğusuna əsasən "xxxx" LLC tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli, 334/2023 nömrəli məktula bildirilmişdir ki, İddiaçı “SOCAR CAPE" MMC-də ("Cəmiyyət") sənaye təmizləyicisi vəzifəsində işləyərək rezervuarların, bakların, sisternlərin, gəmi tankların bölmələrinin neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olmuşdur. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq İddiaçı qapalı mühit, qapalı mühitə giriş ( süni nəfəs aparatı ilə daxil olmaqla), qapalı mühitdən xilas etmə, qapalı mühitə nəzarət, süni nəfəs aparatı, WJA məcburi təhlükəsizlik məlumatlılığı, WJA səthin hazırlanması və təmizlik barədə təlimlər keçirilmişdir. Keçirilən təlimlərin sübutu olaraq İddiaçı təqdim edilən sertifikatların surəti qoşmada əlavə edirlər. Bildirmək istəyirlər ki, İddiaçı işlədiyi sənaye təmizləyicisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci bəndinə (rezervuarların, bakların, sisternlərin, gəmi tankların bölmələrinin neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr ) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 12100000—1753 b bəndinə (rezervuarların, bakların, sisternlərin, gəmi tankların bölmələrinin neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) uyğundur. İddiaçı sənaye təmziləyicisi kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Bunun sübutu olaraq müvafiq sənədlərin surətini bu məktuba əlavə edirlər. Əgər ehtiyac yaranarsa, qeyd edilən işin araşdırılmasında zəruri hesab edilən digər məlumat və sənədlərin təqdim edilməsinə hazırdırlar.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 2 iyun 2023-cü il tarixli, 3-17- 1/2-124276/2023 nömrəli məktubla İddiaçı Mərkəzi Filiala daxil olmuş müraciətinə dair inzibati icraat materiallarının (güzəştli arayışlar, əmək kitabçası, cavab məktubları və s.) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

18. Məhkəmənin sorğusuna əsasən "xxxx" LLC tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 089/2025 nömrəli məktula bildirilmişdir ki, məktubda qeyd olunan şirkətin arxiv sənədlərinə və iş fəaliyyəti ilə bağlı məlumatlara malik deyildirlər. Belə ki, adıçəkilən şəxsin qeyd edilən şirkətdə icra etdiyi vəzifənin dəqiq təsviri, bilavasitə gördüyü işin xarakteri, çalışdığı sahələrdə iş şəraitinin təhlükəli, ağır və ya zərərli olub-olmaması barədə hər hansı məlumatların mövcud olmaması səbəbindən, sorğunuzda tələb olunan məlumatları təqdim etmək imkanları yoxdur.

19. Məhkəmənin sorğusuna əsasən "xxxx" LLC tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 103/2025 nömrəli məktula bildirilmişdir ki, İddiaçı "SOCAR САРЕ" МMC-də (“Cəmiyyət") 30 iyul 2013-cü il tarixində №0577 saylı əmək müqaviləsinə əsasən sənaye təmizləyici vəzifəsinə təyin edilmiş, 12 may 2023-cü il tarixində 023/199 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yazaraq Sizə məlumat vermək istərdik ki, İddiaçı Cəmiyyətdə sənaye təmizləyici vəzifəsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olmuşdur. Bildirmək istəyirlər ki, İddiaçı sənaye təmizləyici kimi işləməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur. Eyni zamanda, Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. İddiaçı sənaye təmizləyici kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq İddiaçı "Təbii radioaktiv materiallar barədə ümumi anlayış", "Təhlükəsizlik kəmərinin istifadəsi və yoxlanılması", "Yüksəklikdə görülən işlər barədə ümumi anlayış", "Qapalı mühitə giriş", “Ümumi sağlamlıq, əməyin mühafizəsi və texnki təhlükəsizlik”. Bu təlimlərin sertifikatlarının surətlərini qoşmada əlavə edirlər.

20. Məhkəmənin sorğusuna əsasən SOCAR "xxxx" tresti tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 14-2-14/2-1112/2025 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" trestinin əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. İstehsalat sahələrindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr isə Siyahının “35. Ümumi peşələr” bölməsində nəzərdə tutulmuşdur. Ə.İddiaçı işlədiyi təmirçiçilingər, dizel elektrik kranları maşinisti, kran maşinisti, krançı, kran sürücüsü, çilingər peşələri Siyahının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

21. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

22. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

24. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

25. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

27. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

28. İddiaçının hazırki tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi təşkil edir.

29. Məhkəmə iddiaçının iddiaçının tələbi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsin əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

30. Həmin artırılma nəzərə alındıqda iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ tələbi irəli sürmək hüququ yaranmış olurdu. Lakin, hazırki işin hallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatsa da, o, yuxarıda qeyd edilən qanunvericilik normasının digər şərti olan 12 il 6 ay güzəştli iş stajına malik deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, onun güzəştli iş stajının olması müəyyən edilmir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi peşələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının müəyyən edilməsi məqsədilə "xxxx" LLC MMC-yə və analoji sahə olaraq SOCAR “"xxxx" trestinə sorğu göndərilmiş, lakin, qeyd edilən müəssisələrdən daxil olmuş cavab məktublarından və həmin cavab məktublarına cavabdehin münasibətinin birgə təhlilindən müəyyən edilmişdir ki, iddiaçının “SOCAR CAPE" LLC-də xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sənaye təmizləyicisi vəzifəsində işlədiyi həmin dövrlər üzrə 9 ay ərzində (2015-ci ilin mart ayı, 2019-cu ilin fevral ayı, 2020-ci ilin may ayı, 2022-ci ilin iyun, sentyabr, dekabr ayları və 2023-cü ilin may, iyun və iyul ayları) məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyindən, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 1 gün) təşkil edir. Bundan başqa, Ə.İddiaçı işlədiyi təmirçi-çilingər, dizel elektrik kranları maşinisti, kran maşinisti, krançı, kran sürücüsü, çilingər peşələri Siyahının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmamışdır. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçının “Stork Technical Services (RGB) Limited” Şirkətində olan güzəştli iş stajı - 1 il 2 ay 28 gün, onun “SOCAR CAPE" LLC-də olan güzəştli iş stajı ilə toplandıqda, onun ümumi güzəştli iş stajı 9 il 29 gün təşkil edir ki, bununla da, iddiaçının güzəştli iş stajı yenə də, 12 il 6 aydan az olmuş olur.

31. Göründüyü kimi, Bbelə olan təqdirdə, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. 32.Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

35. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

36. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

38. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

39. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar