Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2450/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı1 Shamsan Almaqtarinin, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 Shamsan Almaqtari və X2 Thabitnun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Shamsan Almaqtari və X2 Thabit cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin 19 iyul 2023-cü il tarixli Qərarlarının və 18 iyul 2023-cü il tarixli İnzibati Protokolun ləğv edilməsi və Azərbaycan Respublikası ərsazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin İddiaçı1 Shamsan Almaqtari və X2 Thabita Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 18 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin işçisi zəng edərək həyat yoldaşının 11 avqust 2020-ci il tarixdən, yəni 3 il əvvəldən yaşamaq icazəsi olmadan yaşadığına görə cərimə olunduğunu bildirmişdir. 2017-ci ildə Azərbaycana gəldikdən sonra ölkəni tərk etməsə də, müvəqqəti yaşamaqla bağlı qanunu pozmamışdır. Çünki o, həmin zaman Qətər Səfirliyində işləyir və X3 İşlər Nazirliyi vasitəsilə buna cavabdeh olmuşdur. Buna əsasən bütün əməkdaş və ailələrinin 2024-cü ilin iyul ayına qədər yaşamaq üçün icazəsi olmuşdur. Cəriməni 1 gün sonra, yəni 19 iyul 2023-cü ildə müvəqqəti yaşayış icazəsi almaq ümidi ilə ödəmiş, lakin qanunu pozan hər kəsin müddətin uzadılması və ya yeni yaşayış icazəsi almaq hüququ olduğunu bilə-bilə hamı üçün imtina verildi. “Asan Xidmət”-dən bununla bağlı bildirildi ki, qanunu pozduqlarına görə onların hamısına müvvəqti yaşayış üçün icazənin verilməsi müddətinin uzadılmasından imtina verilib. 24 iyul 2023-cü ildə poçtla iddiaçıya məlumat verilmişdir ki, 10 gün ərzində hamı Azərbaycanı tərk etməlidir, ya da 30 gün ərzində məhkəməyə verilməlidir. Bundan sonra da şikayət üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, 15 avqust 2023-cü ildə qeyri-qanuni protokolun sənədlərini Dövlət Miqrasiya Xidmətinə təhvil vermiş, lakin onlar iddiaçıya Dövlət Miqrasiya Xidmətinin müdirinə göndərilən məktuba cavab vermək üçün 2 həftə gözlənilməsini istəmiş və iddiaçı da bütün sənədləri Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna göndərmişdir. 21 avqust 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin əməkdaşı zəng vurub yaxınlaşmağını xahiş etmişdir. 4 sentyabr 2023-cü il tarixində şirkətin bank hesabının çıxarılmasını izləmək üçün Kapital Banka getmiş, lakin müvəqqəti yaşamaq üçün icazəsinin olmadığı üçün bank hesabını təhvil verməkdən imtina edilmişdir. 7 sentyabr 2023-cü ildə yenidən Dövlət Miqrasiya Xidmətinə getmiş və cərimə ilə qarşılaşmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının və ailəsinin viza müddətinin uzadılmasından imtina etmişdir. Səbəb kimi isə yeni yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlamaması göstərilmişdir. İddiaçı1 Shamsan Almaqtari və ailəsinə Azərbaycan Respublikasını tərk etmək üçün 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçı1 Shamsan Almaqtari ailəsilə (həyat yoldaşı və 4 övladı) birlikdə 20 ildir ki, Azərbaycanda yaşayır, bu müddət ərzində ali məktəbin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirmişdir. 05 may 2021-ci il tarixdən 05 may 2025-ci il tarixinədək fəlsəfə doktoru üzrə qiyabi təhsilini davam etdirməlidir. Övladlarından ikisi orta məktəbdə təhsil alır, hər ikisi əlaçıdır, digər iki övladı azyaşlıdır. Vətəni Yəmən Respublikasında davam edən müharibədə ata evi yanmış, geri dönüb yaşayacaq yeri yoxdur. Ailəsilə birlikdə Azərbaycanı sevir və Azərbaycana bağlıdırlar, buradan getmək istəmirlər. Bir ay öncə yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlaması üçün vizanın müddətinin uzadılması vacibdir. Son zamanlar ərəb turistlərinin Azərbaycan Respublikasına axınının əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, ərəb, azərbaycan, rus və ingilis dillərində sərbəst danışdığı üçün turizm sahəsində iş qurmağı və bununla Azərbaycana fayda gətirəcəyini düşünür. Övladları Azərbaycanda orta məktəbdə təhsil alırlar, onlar ərəb dillərini bilmir və onlar Yəmənə geri döndükləri halda təhsillərini davam etdirə bilməyəcəklər. Həmçinin ölkəni tərk etdiyi halda 2025-ci ildə fəlsəfə doktoru üzrə nəzərdə tutulan dərəcəsini müdafiə edə bilməyəcək. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı Almaqtari Yahya ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs "xxxx" MMC-nin rəhbəridir. Aparılmış araşdırma zamanı, şəxsin sözügedən MMC-nin rəhbəri olduğu müəyyən edilsə də, hazırda şirkətin ofisinin, işçilərinin və fəaliyyətinin olmadığı məlum olmuşdur (müvafiq sənədlər etiraza əlavə olunmuşdur). Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Shamsan Almaqtari iddia ərizəsinə uyğun məzmunda izahat verdi və onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçılar bununla bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladıqları inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşlər. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq Yəmən Respublikası vətəndaşı 10384055 nömrəli pasporta malik olan İddiaçı1 Shamsan Almaqtar müraciəti təmin edilməmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən birini təqdim etmədiyindən Yəmən Respublikası vətəndaşı 10384054 nömrəli pasporta malik olan X2 Thabitin müraciəti təmin edilməmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, Yəmən Respublikasının vətəndaşı olan iddiaçıllar İddiaçı1 Shamsan Almaqtari və X2 Thabit Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin yuxarıda qeyd olunan qərarları ilə müraciətləri təmin edilməmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir (44.3.). “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2013-cü il tarixli Fərmanının 5.4-cü maddəsinə əsasən, Miqrasiya Məcəlləsinin 44.2 və 44.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Miqrasiya Məcəlləsinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar adlanan 45.1.6-1-ci maddəsinə əsasən, bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, qüvvədə olan miqrasiya qanunverciliyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, icazənin müddətinin uzadılması, eləcə də imtina əsaslarını müəyyən etmişdir. Qeyd olunan normaların tələblərini hazırkı işə tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçün mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə əlavə edir ki, imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iddiaçıların müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı cavabdeh inzibati orqana təkrar müraciət etmək imkanı vardır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2450/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2450/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver