Məhkəmə qərarları › İş №2-1(112)-2451/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2451/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2451/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X12) «daşınmaz əmlakın dövlət reyestrində qeyriyaşayış sahələrinə dair aparılmış qeydiyyatların etibarsız sayılması və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən çıxarşların ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 577,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X2 adına və ümumi sahəsi 379,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair X6 adına aparılmış qeydiyyatların etibarsız sayılması, həmin qeydiyyatlar əsasında verilmiş ********** nömrəli və **********0 nömrəli reyestrdən çıxarşların ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 28-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmə X3 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı MMMC-nin iddiası etirazla qarşılanır. Məlum olmuşdur ki, iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən 2 ayqrı-ayrı qeyri-yaşayış sahələri 12 fevral 2020-ci il tarixli "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışlara və həmin MTK- maliyyə arayışlarına əsasən 8 iyul 2000-ci il tarixdə X2 və X7 adlarına qeydiyyatdan keçmiş və bu barədə həmin tarixdə onların adına ********** qeydiyyat nömrəli (**********07-053021-083021 reyestr nömrəli) və ********** qeydiyyat nömrəli (**********07- 05301-083020 reyestr nömrəli) reyestrdən çıxarışlar verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə, İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddianı müdafiə etdi və iddiaya baxılmalı olduğunu bildirdi. O, iddia qaldırmamışdan əvvəl cavabdehə müvafiq müraciət təqdim edilib-edilməməsini bilmədiyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçının cavabdehə müvafiq müraciətinin olmadığını bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) X15 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı MMMC hazırkı iddianı qaldırmamışdan əvvəl tələbində göstərilən məsələ, yəni qeyri-yaşayış sahələrinə dair reyestrdə qeydiyyatların və reyestrdən çıxarışların ləğvi ilə bağlı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdr. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, qanunvericiliklə müəyyən edilmiş mümkünlük şərtləri mövcud olmadığından, İddiaçı MMMC-nin hazırkı iddiasına inzibati məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar