Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2451/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 5.2.3-cü maddəsinə əsasən avtomobillə tibbi göstərişin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə (bundan sonra mətndə- DTSERA) avtomobilə tibbi göstəriş verilməsi üçün müraciət etmiş, lakin cavabdeh ürəyində olan problemləri nəzərə almadan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 5.2.3-cü maddəsinə əsasən hesab edir ki, səhhətində olan ikinci B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99) xəstəliyi ilə əlaqədar avtomobillə təmin olunması üçün tibbi göstəriş verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı şəhər 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y35 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə.: Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40- G41.9);;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” Agentliyə müvafiq müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdqi edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququnun olması qeyd olunmuşdur. İddiaçının qeyd olunan diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən imtiyazlı şəxslər tibbi göstəriş olduğu halda Nazirlik tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil ilə təmin edildiyi, göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmaları (Baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, kordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi qeyd olunaraq imtina edilmişdir. -Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2-1(81)-2723/2019 saylı qərarından görünür ki, İddiaçı təyin edilmiş 2-ci qrup müddətli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin dəyişdirilməsi və 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altseistemindən çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə. Kəllə daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin astenonevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə. -Azərbaycan Respublikası Müdafiiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 02 noyabr 2018-ci il tarixli 1598 №li qərarından görünür ki, Qazax RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sağ dirsək oynağının arxa bayır səthində bir ədəd, sağ budun aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Qazax rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 796 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 570 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 615 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". -Altsistemi məlumatlarına əsasən Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikası Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y35 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə.: Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 27.0.1-ci maddəsinə əsasən, dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir. Həmin Qanunun 30-cu maddəsinə əsasən: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli 213 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər” adlı 5-ci bəndinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 163 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.2.3-cü yarımbəndinə əsassən avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın: -1.1-ci bəndinə əsasən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra - Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra - Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. -1.4-cü bəndinə əsasən reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra - Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -2.1-ci bəndinə əsasən bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra - “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. -3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. -3.2-ci bəndinə əsasən şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57-ci bəndinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1.ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2.ağciyər çatışmazlığı, İİ dərəcəli; 3.bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4.hemiplegiya, nəzərəçarpan hemiparez; 5.nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6 hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oynağının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı müddətsiz təyin edilmiş İİ qrup əlil olaraq minik avtomobili ilə təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ona qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobili ilə təmin edilməsi üçün tibbi göstərişin təyininə əsas vermədiyi əsası ilə imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, işin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək şəxsən tibbi müayinəsi və tibbi sənədlər əsasında xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə ikinci dərəcə əlillik təyin edilən xəstəlik (xəstəliklər) diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 №-li Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57-ci bəndində göstərilən hansı tibbi göstərişlərə uyğun gəldiyinin müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 348/2023 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı “Odlu silah mərmi partlamasından sonrakı vəziyyət, baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri, kəllədaxili travmaların nəticələri, durğunluq ürək çatmamazlığı İİ dərəcə, kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom, ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilik və onunla bağlı suallar, o cümlədən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Tibbi-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Ekspert rəyi münasibət bildirilməsi üçün tərəflərə göndərilmiş və cavabdeh DTSERAnın 11 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq oiunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edək ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətlərinin dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2019-cu ildən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Bildiririk ki, göndərişdə və tibbi-sosial ekspertiza sənədlərində qeyd edilən əsas diaqnoz və ağırlaşmalar (Baş beyinin silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmalarm nəticələri. Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileiptik qıcolma tutmaları (ayda 7-8 dəfə), kəllə daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozuntular. Üzvi mənşəli emosional labil (fastenik) pozuntu, kəskin asteno-nevrotik sindrom) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabiiitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"na əsasən minik avtomobilinin təyinatına əsas vermir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2023-cü il tarixli, T348/2023 nömrəli ekspert rəyinin tərtib edilməsində iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X8 məhkəmə-tibb eksperti X5 verdiyi izahatında “ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə” diaqnozunun sağalmayan xəstəlik olduğu, lakin xəstəliyin irəliləməməsi səbəbindən dərman müalicəsinin təyin olunduğu, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 №-li Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57-ci bəndinin 1-ci hissəsində qeyd olunan “ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı” xəstəliyi ilə eyni xəstəlik olduğunu bildirmişdir. Göründüyü kimi, müvafiq ekspert rəyi ilə iddiaçıda ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə xəstəliyinin olması təsdiqini tapmış və məhkəmə iclasına dəvət edilmiş həkimekspert qeyd olunan rəyə aydınlıq gətirərək həmin xəstəliyin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahının 57-ci bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığına uyğun olmasını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xəstəliyi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində qeyd olunmuş konkret xəstəliklər siyahısının 57-ci bəndinin 1-ci hissəsinə uyğun gəldiyindən və bu xəstəlik istər iddiaçının müraciət etdiyi vaxt qüvvədə olmuş AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3. bölməsində, istərsə də qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahısında nəzərdə tutulduğundan iddiaçıya avtomobillə təmin təmin edilməsi üçün tibbi göstərişin verilməsini mümkün edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddia təmin edilməli və İddiaçı avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2451/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2451/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver