Məhkəmə qərarları › İş №2-1(112)-2452/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2452/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2452/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə X2rşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X11, bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya hüququnun yarandığı gündən fəaliyyətdə olan dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə və təyin edilmiş pensiyanın məbləğinin 20.06.2008-ci il tarixdən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 15%-ı məbləğində aylıq əlavə pul təminatı, qulluq stajına görə 30%-ı və ixtisas dərəcəsinə görə əlavə məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə 01.01.2006-cı il tarixdən dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinat nəzərə alınmaqla hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona qanunvericiliyə əsasən 26.07.2013-cü il tarixdən, yəni 58 yaş 6 ay nəzərə almaqla, pensiya hüququnun yarandığı gündən fəaliyyətdə olan dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə və təyin edilmiş pensiyanın məbləği nəzərə alınmaqla, son 3 ilin hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya 60 yaşının tamam olduğu vaxtdan, yəni 26.07.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin cavabdeh inzibati orqana müraciət edildiyi dövrdən əvvəlki 3 ildən, yəni 06.02.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı il tarixdən müxtəlif vəzifələrdə işləmişdir. 02.08.1976-cı il tarixdə Azərbaycan SSR-nin «Azərticarətgeyim» bazasına mühasib vəzifəsinə təyin edilmişdir. 01.02.1977-ci il tarixdə müvəqqəti baş mühasib vəzifəsinə təyin edilmişdir. 22.08.1977-ci il tarixdə mühasib vəzifəsinə keçirilmişdir. 23.01.1978-ci il tarixdə yenidən baş mühasib vəzifəsinə keçirilmişdir. 05.05.1980-cı il tarixdə Azərbaycan SSR-nin Ticarət Nazirliyinə keçirilməyimlə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. 05.05.1980-ci il tarixdə Azərbaycan SSR-nin Ticarət Nazirliyinə Maliyyə şöbəsinə İqtisatçı vəzifəsinə təyin edilmişdir. 01.02.1985-ci il tarixdə Azərbaycan SSR-nin «Azərticarətgeyim» bazasına baş mühasib müavini vəzifəsinə keçirildiyindən tutduğu vəzifədən azad edilmişdir. 01.02.1985-ci il tarixdə Azərbaycan SSR-nin «Azərticarətgeyim» bazasına baş mühasib müavini vəzifəsinə təyin edilmişdir. 23.04.1988ci il tarixdə baş mühasib vəzifəsini icra etmişdir. 23.05.1988-ci il tarixdə baş mühasib vəzifəsinə təsdiq edilmişdir. 06.01.1989-cu il tarixdə Azərbaycan SSR-nin 06.01.1989-cu il tarixli, 9 saylı nömrəyə əsasən «Azərticarətgeyim», «Bakıticarət», RORO «Geyim»-ə birləşdirilərək, həmin birliyə müvəqqəti səlahiyyətlərini icra etmək üçün RORO «Geyim»-ə baş mühasib vəzifəsinə təyin edilmişdir. 26.10.1989-cu il tarixdə həmin Birliyə baş mühasib vəzifəsinə təyin edilmişdir. 18.04.1995-ci il tarixdə Azərbaycan Respublıkası ƏQM-n 36-cı maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 20.04.1995-ci il tarixdə Yasamal Ticarət və İctimai İaşə İdarəsinə baş dirketorun 1-ci (birinci) müavini vəzifəsinə təyin edilmişdir. 03.10.1996-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 03.10.1996-ci il tarixdə Azərbaycan Republikası Dövlət Əmlak Komitəsinə nəzarət-təftiş idarəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 24.03.1997-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 01.04.1997-ci il tarixdə CP «Gentleman» şirkətinə baş mühasib vəzifəsinə təyin edilmişdir. 10.05.2001-ci il tarixdə CP «Gentleman» şirkətinə Maliyyə direktoru vəzifəsinə təyin edilmişdir. 08.07.2004-cü il tarixdə CP «Gentleman» şirkəti ləğv edildiyə görə tutduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu əsas götürərək ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə görə 06.02.2020-ci il tarixdə Filiala rəsmi ərizə ilə müraciət etmişdi. Lakin 8 ay müddətində cavab ala bilməmişdir. 05.05.1980-ci il tarixdən 01.02.1985-ci ilə qədər, 26.10.1989-cu il tarixdən 18.04.1995-ci il tarixə qədər və 03.10.1996-cı il tarixdən 24.03.1997-ci il tarixə qədər dövlət qulluğu kimi hesab edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanuna zidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəz Filialına təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində dövlət qulluğunda iş stajının 15 ildən az ( 5 il 2 ay 24 gün) olduğu müəyyən edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 02.08.1976-cı ildən 05.05.1980-ci ilə qədər Azərbaycan SSR-nin “Azərticarətgeyim”-də mühasib və baş mühasib (03 il 09 ay 04 gün), 05.05.1980-cı ildən 01.02.1985-ci ilə qədər Azərbaycan SSR-nin Ticarət Nazirliyi Maliyyə şöbəsində iqtisadçı (04 il 08 ay 27 gün), 01.02.1985-ci ildən 18.04.1995-ci ilə qədər Azərbaycan SSR-nin “Azərticarətgeyim”-də baş mühasib vəzifəsini icra edən və baş mühasib (10 il 02 ay 18 gün), 20.04.1995-ci ildən 03.10.1996-ci ilə qədər Yasamal Ticarət və İçtimai İaşə İdarəsində baş direktorun birinci müavini (01 il 05 ay 14 gün), 03.10.1996-cı ildən 24.03.1997-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindəə Nəzarət- Təftiş İdarəsinin mütəxəssis (05 ay 22 gün), 01.04.1997-ci ildən 08.07.2004-cü ilə qədər CP “Gentleman” şirkətinə baş mühasib və maliyyə direktoru (07 il 03 ay 08 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 04/04-08/0344 №-li, 15.02.2021-ci il tarixli məktubdan görünür ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. İddiaçı 1980-1985-ci illərdə Azərbaycan SSR Ticarət Nazirliyinin Maliyyə şöbəsində işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 06 mart 1980-ci il tarixli 114 nömrəli Qərarına 2 nömrəli Əlavədə - “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu”nda həmin şöbə nəzərdə tutulmuşdur. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş iqtisadçı vəzifəsi “İnzibati və yardımçı və ğöstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığı üçün iddiaçının 1980-1985-ci illərdə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. İddiaçının 1976-1980-ci və 1985-1995-ci illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, “База Азерторгодежда” yuxarıda göstərilən Azərbaycan SSR Nazirlər Sovetinin 06 mart 1980-ci il tarixli 114 nömrəli Qərarında, habelə “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu və dövlət ticarət idarələrinin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1988ci il tarixli 446 nömrəli Qərarına 2 nömrəli Əlavədə - “Nazirliyin mərkəzi aparatının strukturu”nda nəzərdə tutulmamışdır. Adı çəkilən qurum “Azərbaycan SSR-də ticarət idarələrinin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 21 may 1981-ci il tarixli 235 nömrəli Qərarına Əlavədə - “Azərbaycan SSR-də topdansatış ticarətin əsas (ilkin) əlaqələndiricisi olan təşkilatlar və müəssisələrin siyahısfnda nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçının əmək kitabçasının 6-7-ci və 8-9-cu səhifələrində aparılmış qeydlərdən, habelə 8-9-cu səhifədəki möhürdən də müəyyən edilir ki, onun çalışdığı yuxarıda adı çəkilən qurum birlik kimi (Respublika topdan parəkəndə satış bjrliyi) fəaliyyət göstərmişdir. “База Азерторгодежда” “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı və müəssisə (birlik, təşkilat) statusuna malik olduğu üçün iddiaçının 1976-1980-ci və 1985-1995-ci illərdə işlədiyi dövr dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 1995-1996-cı illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26 yanvar 1995-ci il tarixli 121 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Baş İdarənin Əsasnaməsinin 1-ci hissəsinə əsasən onun tərkibinə ticarət və ictimai iaşə birlikləri, müstəqil müəssisələr, kommersiya strukturları, qeyri-dövlət profilli təşkilat və müəssisələr daxildir. Həmin Əsasnamənin 3-cü hissəsində qeyd edilmişdir ki, Baş İdarə tam təsərrüfat hesablı olub, özünümaliyyələşmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərmişdir. Ticarət və İctimai İaşə Baş İdarəsi hüquqi statusuna görə tam təsərrüfat hesablı olduğu, özünümaliyyələşmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının 1995-1996-cı illərdə Yasamal rayon ticarət və ictimai iaşə idarəsində işlədiyi müddət dövlət qulluğu stajı hesabanarkən nəzərə alınmır. İddiaçının 1996-1997-ci illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, yuxarıda adı çəkilən Siyahının 2.9-cu bəndində 18 oktyabr 1991-ci il tarixdən 31 avqust 2003-cü il tarixədək Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olmuş mütəxəssis vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçının 1996-1997-ci illərdə işlədiyi müddət dövlət işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. - Filialın iddiaçının 06.02.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 27.04.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, dövlət qulluğunda iş stajı 15 ildən az (5 il 2 ay 24 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (19 oktyabr 2007-ci il, 462-İİİQD№-li Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür): - 2.1.2-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. - 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. - 8.2-ci maddəsinə görə pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün Müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. - 9.1-ci maddəsinə görə pensiya müraciət olunan gündən ömürlük təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 06 mart 2018-ci il tarixdən qüvvədə olan 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. - Həmin maddənin 06 mart 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olmuş 7-ci maddəsinin tələbinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. Hazırda qüvvədə olan həmin maddəyə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; - 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında , 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət mvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiysının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasında qeyd olunan işlədiyi 05.05.1980-ci ildən 01.02.1985-ci ilə qədər Azərbaycan SSR-nin Ticarət Nazirliyi Maliyyə şöbəsində iqtisadçı, 03.10.1996-cı ildən 24.03.1997-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindəə Nəzarət-Təftiş İdarəsinin mütəxəssis vəzifələri dövlət qulluğu vəzifələri hesab edilməklə həmin vəzifələr üzrə onun dövlət qulluğu stajı 5 il 2 ay 19 gün təşkil edir. Məhkəmə qeyd edir ki, hal-hazırda qüvvədən düşən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Qeyd edilən maddədən göründüyü kimi dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Belə olan halda iddiaçının pensiya yaşına çatanda, yəni 60 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmalı idi. Bununla bağlı cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq 06.02.2020-ci il tarixdə müraciət edilmişdir. İddiaçı da tələbində ona təyin ediləcək pensiyanın müraciət etdiyi zamandan əvvəlki 3 il üçün hesablanaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu vaxtdan, yəni 26.07.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin 06.02.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu vaxtdan, yəni 26.07.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin 06.02.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X8 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar