Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2452/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı ASAN Xidmət X5 qarşı “soyadın dəyişdirilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək soyadının “Şirinov” soyadının “Muradov” soyadına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ilkin soyadı Muradov olmuş, 2016-cı ildə nikaha daxil olduqdan sonra həyat yoldaşının soyadını götürmüşdü, yəni Muradov soyadını Şirinov soyadına dəyişdirmişdir. Lakin sonradan X8 ilə nikahları qarşılıqlı razılıq əsasında Nizami rayon qeydiyyat şöbəsində pozulmuş və bu barədə AZ-İ№253896 nömrəli, 10 dekabr 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilən zaman öz soyadına qayıtmamışdı. xx.xx.2021-ci il tarixdə Şirinov soyadının Muradov soyadına dəyişdirilməsi barədə AR Ədliyyə Nazirliyi 4 saylı Bakı Cavabdehnə müraciət etsə də, həmin qurum tərəfindən xx.xx.2021-ci il tarixli cavab məktubu verilərək, soyadının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Soyadının dəyişdirilməsinə səbəb kimi, RF-nın X3 Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum olmağı göstərilmişdir. Hesab edir ki, həmin səbəb əsassızdır, belə ki, o, həqiqətən xx.xx.2013-cü il tarixdə RF-da 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və cəzasının sonu ilə azad olunub. Həmçinin onun həmin törətdiyi cinayətə görə məhkunmluğu tam ödənilmişdir. Bundan başqa, onun məhkumluğu Muradov soyadı altında olmuşdur, yəni hal-hazırda dəyişmək istədiyi soyadıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşma çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.
3. Məhkənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.15-ci maddəsinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.18-ci maddəsinə əsasən Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Bildirilmişdir ki, Sabunçu rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən sizin RF-nin X3 Şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin polis idarəsi soyadının dəyişdirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Göstərilənlərlə əlaqədar soyadının dəyişdirilməsi mümkün deyil. Qaydaların 6.18-ci maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Soyadın və adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermə hüququ izah olunmuşdur. Ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır.
5. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubla iş yükünün çoxluğu ilə əlaqədar qeydiyyat şöbəsinin iştirakı olmadan işə baxılması xahiş edilir.
6. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçının müraciəti üzrə inzibati işin materialları məhkəməyə təqdim edilmişdir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki: -X10 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur; -İddiaçı ilə X8 arasında nikah pozulmuş, nikah ləğv olunduqdan sonra kişiyə “Şirinov” soyadı verilmişdir. -Sabunçu rayon polis idarəsinin adın, ata adının və soyadın dəyişmək barədə vəsatət vermiş ərizəçinin şəxsiyyətinin yoxlanılmasının nəticələri barədə xx.xx-2021-ci il tarixli rəyə əsasən, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı barəsində təqsirləndirici material aşkar edilmişdir. Belə ki, vətəndaşın xx.xx.2013-cü il tarixdə RF X4 Şəhər Məhkəməsi tərəfindən RF CM-nin 30m.3his.; 161m 2his; A.Q bəndi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olması müəyyən edilmişdir. -Sabunçu rayon polis idarəsinin xx.xx.1989-cu il təvəllüdlü İddiaçı soyadının dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli rəyi 4 saylı Bakı “ASAN” xidmət X5 təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında məhkumluğu nəzərə alınaraq onun soyad dəyişməsi müsbət həll olunacağı təqdirdə Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsilə Rusiya Fedarasiyasının aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilməlidir.
II. İddianın növü
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. X7 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1989-cu ildə anadan olmuşdur. X8 ilə nikaha girəndən sonra soyadını “Şirinov” soyadına dəyişdirmiş, hazırda aralarındakı nikah pozulmuş, nikah pozulduqdan sonra kişiyə “Şirinov” soyadı verilmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.
13. X12 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X12 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
14. İlk növbədə qeyd edilməlidir ki, X12 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).
15. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X12 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.
18. X12 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X2rşı).
19. İddiaçının soyuna və kökünə bağlılığını ifadə etmək onun şəxsiyyəti ilə qırılmaz bağlı olan hüququdur. Odur, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı tutarlı əsas təqdim edilmədən soyadın dəyişdirilməsindən imtina etməsi qanuni olmamaqla hansı qanuni məqsəd daşıması aydın deyil, odur ki, demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Sabunçu rayon polis idarəsinin xx.xx.1989-cu il təvəllüdlü İddiaçı soyadının dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli rəyində onun soyadının dəyişdirilməsinin məqsədəmüvafiq olmadığını bildirməmiş, İddiaçı xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında məhkumluğu nəzərə alınaraq onun soyad dəyişməsi müsbət həll olunacağı təqdirdə Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsilə Rusiya Fedarasiyasının aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilməsi tövsiyə olunmuşdur.
20. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
21. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Beləliklə məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı müvafiq inzibati araşdırma aparıldığından iddia təmin edilərək, iddiaçının soyadının dəyişdirilməsi ilə əlaqədar müvafiq akt qeydlərində qeyd aparmaq və buna dair şəhadətnamə vermək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsilə Rusiya Fedarasiyasının aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilməklə İddiaçı soyadının “Şirinov”dan “Muradov”a dəyişdirilməsi ilə əlaqədar müvafiq akt qeydlərində qeyd aparmaq və buna dair şəhadətnamə vermək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva