Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2453/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi nümayəndəsi (anası) X2 və vəkili X3, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı “işıq sayğacının quraşdırılması və abunə kodunun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən özbaşına tikilmiş evə elektrik sayğacının quraşdırılması və abunə kodlarının açılmasının öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2005-ci ildə X4 ilə ailə qurub, lakin nikahları 30.05.2006-cı ildə rəsmi qeydiyyata alınmışdır. Birgə nikahdan 06.05.2006-cı ildə Aişə və 08.08.2007-ci il tarixində Məhəmməd adlı övladları anadan olmuşdur. O zaman həyat yoldaşının valideyinlərinin evində yaşayıblar. Bir müddət sonra evdə iki qardaş arasında mübahisə olunduğu üçün kirayə ev tutub yaşayıblar. Lakin maddi imkanı aşağı olduğundan kirayə haqqını ödəyə bilmirdi. Ona görə yenidən yoldaşının ata evinə köçüblər. Lakin sonradan yaşadıqları Bakı şəhəri Səbail rayon, L.Babayev küç.35 saylı evin həyətində ev tikmək qərarına gəlmişdilər. Ona görə də o zaman lazımi icazə alındıqdan sonra həyətdə yardımçı tikili kimi istifadə olunmuş və sonradan uçulub sökülmüş yerdə ev tikiblər. Qeyd edir ki, o zaman həyat yoldaşının qardaşı ilə konflikti olduğundan evin tikilməsinə kömək etməmişdir. Evin tikintisini ilkin olaraq ona verilmiş qızıl-zinət əşyalarını satılması üçün Rövşənə vermişəm və Rövşən həmin zinət əşyalarını satdıqdan sonra tikintiyə başlamışıq. Sonradan tikinti yarımçıq qalmasın deyə anam maddi cəhətdən bizə köməklik göstərmişdir. Ev tikilib başa çatdıqdan sonra anam evimizin mətbəxinin mebelini yığdırmışdır. Evin bütün kommunal xidmətləri - su , qaz, işıq xətləri çəkilmiş və hər bir kommunal xəttin üzərində sayğac quraşdırılmışdır . Bizim ev barədə heç bir problemlərimiz olmamışdır. Qeyd edir ki, ev tikilən zaman mən ikinci övladıma hamilə olub və evin tikintisini başa çatdırıb evə köçdükdən sonra ikinci övladı həmin evdə anadan olmuşdur. O zaman həyat yoldaşım Rövşən 2008-ci ildə Bakı Hərbi Məhkəməsini Hökmü ilə on iki il altı ay müddətin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2013cu ildə Rövşənlə nikahı pozulmuşdur. Sonrdan müxtəlif vaxtlarda övladlarının həyatları naminə başqa ünvanlarda müvəqqəti qalsa da, lakin ümumilikdə 2019-cu il tarixinə kimi həmin evdə yaşamışdır. 2019-cu ildə onun başqa yerdə olmağımdan istifadə edən keçmiş həyat yoldaşının qardaşları evin qapısını sındıraraq evi zəbt etmişdir. Halbuki həyat yoldaşının qardaşlarının həmin həyatin yuxarı hissəsində ikimərtəbəli ayrıca evləri vardır. Onun yaşadığı evin ayrıca giriş çıxışı və bütün kommunal xidmətləri ayrı olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin Qətnaməsi ilə mənim ailə üzvlərimlə birlikdə Bakı şəhəri Səbail rayon, L.Babayev küçəsi 35 saylı özbaşına tikilmiş evə köçürülməyi qət edilmişdir. Lakin o iki övladı ilə evə köçürüldükdə məlum olmuşdur ki, o zaman onun evinə quraşdırılmış kommunal xətlər - qaz, işıq keçmiş həyat yoldaşının qardaşı Elşən Əbdüləliyev tərəfindən öz adına keçirilmişdir. Ona görə də hazırda onun evində kommunal xidmətlərdən istifadə etməsinə imkan vermir. O, evinə yenidən kommunal xətlərin - işıq xəttinin çəkilməsi üçün aidiyyəti üzrə həm "xxxx" ASC-nin rəhbərinə 05.08.2021-ci il tarixlərində müraciət edərək evinə yeni sayğacların çəkilməsini xahiş edib. Lakin “Azəriqaz” İstehsalat Birliyinin 24.07.2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, “yaşadığı ünvanda qaz sayğacı və qaz sərfıyyatının olduğunu” bildirilir. Bir daha qeyd edir ki, yaşadığı ünvanda bir neçə ailə yaşayır və hər bir ailənin ayrıca kommunal sayğacları vardır. Yaşadığı ev eyni ünvanda yerləşsə də, lakin həmin evin başqa evlərə heç bir aidiyyəti yoxdur və o, ayrıca təsərrüfat aparır. Lakin kommunal xidmətlər üçün adına sayğac olan şəxslər onun kommunal xidmətlərdən istifadə etməsinə maneə olurlar. Ona görə yaşadığı evə ayrıca sayğac quraşdırılması zəruridir. Onun evinin digər evlərə heç bir aidiyyəti yoxdur. Bu faktrlar ona dəlalət edir ki, "xxxx" ASC-nin onun evimə elektrik sayğacının quraşdılmasından imtinası əsassızdır və məqsədli xarakter daşıyır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azırbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarının 7.1-ci bəndinə əsasən “Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı arasında, dövlət elektro energetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Ona görə hesab edir ki, cavabdehin onun yaşadığı Bakı şəhəri Səbail rayon, L.Babayev küçəsi 35 saylı evinə elektik və qaz sayğacın quraşdırılması və abunə kodunun açılmasından imtinası əsasızdır və elektrik sayğacının quraşdırılması və kodun açılması cavabdehə həvalə edilməlidir.
3. İddiaçı həmin ünvanda sayğac quraşdırılması ilə bağlı cavabdeh quruma müraciət etmiş və müraciəti ATS**********8874 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının müraciətinə rəsmi cavab verilməmişdir.
4. Üçüncü şəxs X5 məhkəmədə izahat verərək bildirdi ki, iddiaçının belə bir ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev 35 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Evin, torpağın və komunalların hamısı onun adınadır. Belə olan halda İddiaçı adına ayrıca sənədləşmə aparılmasına nə ehtiyac vardır. İddiaçı sözügedən ünvanda yaşamır. Qeyd edir ki, İddiaçı BƏƏ-nin Dubay şəhərində yaşayır, bunun yoxlanılması üçün Elektron Məhkəmə informasiya sistemindən də görmək olar. Səbail rayon məhkəməsinin qətnaməsi iddiaçının mənzilə köçürülməsi barədə olduğundan və ona heç bir mülkiyyət hüququ verilmədiyindən belə bir tələblə müraciət əsassız olmuşdur və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Eyni məcəllənin 17-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin L.Babayev 35 ünvanında ünvanda iki ayrı ev var. X1 xüsusi mülkiyyətində olan 132,10 kv.m.-lik tikilinin hazırkı özbaşına tikiliyə aidiyyəti yoxdur. ünvan 2 ünvanında mülkiyyətdə olan 0,021920 ha torpaq sahəsində yerləşən 132,10 kv.m. fərdi yaşayış evi X1 mülkiyyətindədir. Həmin evin sayğac abunə kodu **********50001 olmaqla Sahid Abduləliyevin adınadır. Özbaşına tikilinin sayğac abunə kodu **********50003 olmaqla onun adınadır, həmin özbaşına tikili X1 mülkiyyətində olan 0,021920 ha torpaq sahəsində yerləşir.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclaslarında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdir ki, həmin L.Babayev 35 ünvanında ünvanda iki ayrı ev var. X1 xüsusi mülkiyyətində olan 132,10 kv.m.-lik tikilinin hazırkı özbaşına tikiliyə aidiyyəti yoxdur. ünvan 2 ünvanında mülkiyyətdə olan 0,021920 ha torpaq sahəsində yerləşən 132,10 kv.m. fərdi yaşayış evi X1 mülkiyyətindədir. Həmin evin sayğac abunə kodu **********50001 olmaqla Sahid Abduləliyevin adınadır. Özbaşına tikilinin sayğac abunə kodu **********50003 olmaqla Elşən Abduləliyevin adınadır.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, qeyd edilən ünvanda sayğac abunə kodu mövcuddur.
İİ. İddianın növü və mümkünlüyü
7. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməlidir (öhdəliyin icrası haqqında iddia).
12. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
13. Bakı şəhəri Səbail rayon məhkəməsinin 02.09.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iki azyaşlı övladı ilə birlikdə ünvan 2 ünvanıda yerləşən özbaşına tikiliyə köçürülmüşdür (iş nömə 2(009)-1378/2019). Qeyd edilən qərar həmin iş üzrə cavabdehlər X6 və X7 tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun 09.09.2020-ci il tarixli qərarı ilə (iş nömrə 2(102)-2810/2020) Bakı şəhəri Səbail rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25.11.2019-cu il qətnaməsi (iş nömrə 2(103)-14084/2019) qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Qeyd edilən məhkəmə qərarı icra olunmuş, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 15.01.2021-ci il tarixli akta əsasən, İddiaçı ünvan 3 ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşdür.
15. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından: ...hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.
16. ünvan 2 ünvanında mülkiyyətdə olan 0,021920 ha torpaq sahəsində yerləşən 132,10 kv.m. fərdi yaşayış evi X1 mülkiyyətindədir.
17. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən ünvan 2 ünvanında yerləşən abonentlərin siyahısı təqdim edilmiş, həmin ünvanda abunə kodu **********50001 olmaqla Sahid Abduləliyevin, **********50003 olmaqla Elşən Abduləliyevin adına sayğac abunə kodu mövcuddur.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən: - məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; - 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). - 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). - 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. - 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. - 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. - 8.27. Özünəxidmət üsulu tətbiq edildikdə xüsusi hesablaşma kitabçasında enerjitəchizatı müəssisəsinin göstərdiyi hesablaşma dövründə sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması məişət abonentinin özü tərəfindən aparılır (6 nömrəli əlavə). - 8.28. Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. - “Elektrik enerjisindən istifadə qaydaları”na 4 nömrəli əlavə “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 6 nömrəli əlavə Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli hesablaşma kitabçası (ödəniş sənədi) təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 7 nömrəli əlavə Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli ödəniş sənədi təsdiq edilmişdir.
20. Cavabdeh təbii inhisar subyekti olduğundan və iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri yoxdur.
21. Səbail rayon Sukanal idarəsi iddiaçının müraciətini təmin etmiş, həmin ünvana yeni qoşulma nöqtəsi verilərək yeni su xəttinin çəkilişi həyata keçirilmişdir.
22. Beləliklə, məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə aktına əsasən özbaşına tikiliyə köçürülmüş şəxsin həmin tikilidə yaşaması üçün mövcud kommunal xidmətlərdən istifadə hüququ var və həmin imkan təmin olunmalıdır.
23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən özbaşına tikilmiş evə İddiaçı adına işıq sayğacının quraşdırılması və abunə kodunun verilməsi vəzifəsi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva