Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2455/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «keçmiş dövr üzrə təqüdün ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «keçmiş dövr üzrə təqaüdün ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 11 noyabr 1993-cü il tarixdən 24 sentyabr 1995-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar müddətsiz əlilldir. İddiaçı 15 may 2019-cu il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı hal hazırda DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X3 təqaüdü alır, lakin qanunla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 1 sentyabr 2008-ci il tarixdən Prezident təqaüdü almaq hüququ yarandığı gündən (1993-cü ildə yaralandığı, 1997-cı ildən əlil olduğu üçün onun hüququ 1 sentyabr 2008-cı il tarixdə yaranmışdır) ödənilməklə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, bir cox onun kimi olan hərbçi yoldaşlarına həmin fərq məbləğinin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. İddiaçıya 15 may 2019-cu il tarixdə verilmiş müayinə aktına əsasən təqaüd alır və bu hal mübahisələndirilmir. Yəni, hazırki iş üzrə mübahisə predmeti onun hansı orqan tərəfindən yenidən müayinə edilməyi və təqaüdün təyin edilməsi üçün əsas olan sənədin hansı orqan tərəfindən verilməsi yox, iddiaçının əlilliklə bağlı hüququnun nə vaxtdan yaranmasıdır. Cavabdeh tərəfindən 15 may 2019-cu il tarixdən iddiaçıya təqaüd verilməsi, cavabdeh tərəfindən təqaüd almaq üçün əsas olan əlilliyin vəziyyətinin müəyyən edən arayışın qəbul edilməsinə dəlalət edir. Lakin bu arayış iddiaçının 2019-cu ilin may ayından əlil olmağını təsdiq etmir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğunu müəyyən edir ki, onun hərbi xidmət vəzifələrinə 1993-cü ildə son qoymuş, 1997-ci ildən 2007-ci ilədək müddətli, 2007-ci ildən müddətsiz əlil olmuşdur. Belə olan halda, cavabdehin 2008-ci ilin sentyabr ayından etibarən iddiaçıya təqaüd verilməsindən imtina edilməsini əsassız hesab edir. İddiaçı, bu barədə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh 31 avqust 2022-ci il tarixdə müraciətə əsassız olaraq etiraz etmiş, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehin etirazı əsassız və qanunsuzdur, belə ki, onun iddia tələbi analoji hal olaraq Ali Məhkəmənin 2-1(102)-!517/2021 nömrəli 4 avqust 2021-ci il tarixli qərarında öz əsaslı təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya Azərbaycan Respublikasını Prezidentinin təqaüdünün ödənilməyən, yəni 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona 15 may 2019-cu il tarixdə müddətsiz İİ qrup əlillik təyin edilmiş hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikası Prezident təqaüdünün 2008 – 2019-cu illəri əhatə edən dövr üzrə hesablanaraq ödənilməsini tələb etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 14 oktyabr 2022ci il tarixli **********2 nömrəli imtina məktubu ilə ərizədə qeyd edilən dövrlər üzrə sözügedən təqaüdün keçmiş dövlər üzrə ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə: “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 400 manat; orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat; orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat. X1 Sisteminin Əlillik altsisteminə əsasən İddiaçı 15 may 2019-ci il tarixdən müddətsiz olaraq hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. «Əmək pensiyaları haqqında» Qanunun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Qanunun 11.2.2-ci maddəsinə əsasən, hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verdikdə isə həmin hərbi qulluqçular müharibə əlili hesab olunmur. «Əlillərin hüquqlarının müdafiəsi haqqında» Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. İddiaçı 15 may 2019-cu il tarixdən müddətsiz olaraq hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən olunmuş və ona müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezident təqaüdü təyin edilmişdir. Həmçinin, İddiaçı 26 iyul 2022-ci il tarixdə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanlarının əməkdaşları və vərəsələrinə birdəfəlik ödəmə (qətnamə əsasında)” birdəfəlik müavinəti təyin edilmişdir. Bu səbəbdən də İddiaçı iddia ərizəsində qeyd etdiyi dövrlər üzrə sözügedən təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsaəsn əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə, (11.2.2) hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 12.2-ci maddəsinə görə hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)) əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.16.1) müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, (20.16.2) İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə – 5 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1-ci hissəsi ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmişdir. Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1 – 4-cü hissələri ləğv edilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: (1.1) orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat, (1.2) orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat, (1.3) orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat. Göründüyü kimi, qanunvericilik aşağıdakı şərtlərdən biri mövcud olduğu halda şəxs müharibə əlili kimi qiymətləndirilməlidir: əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə) nəticəsində baş verdikdə; əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində yarandıqda. Hərbi qulluqçulara münasibətdə hərbi-həkim ekspertizasının müvafiq göndərişi əsasında TSEK-də əlilliyin qiymətləndirilməsi həyata keçirilir və müvafiq müayinə olunduqdan sonra şəxsin əlilliyi müəyyən edilir. Təqaüdün alınması üçün şəxsin təqdim etdiyi sənədlər onun həm əlil olmasını, həm də bilavasitə müharibə əlili olmasını sübuta yetirməlidir. Hazırkı işin hallarına görə iddiaçıya onun hərbi xidmət vəzifələrinin yerinə yetirilməklə əlaqədar əlilliyin müəyyən olunduğu tarixdən (15 may 2019-cu il) Prezident təqaüdü təyin olunub ödənilsə də, o, bununla razılaşmır və təqaüdün məhz əlilliyin ona təyin olunduğu vaxtdan ödənilməsini tələb edir. Halbuki, həmin dövrdə ona ikinci dərəcəli əlillik dərəcəsi ümumi əsaslar ilə təyin olunmuşdur. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlilliyin səbəbli əlaqəsi 15 may 2019-cu il tarixdə müəyyən olunduğundan, o, məhz həmin tarixdən müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin əhatə dairəsinə düşmüş və onun həmin tarixdən etibarən Prezident təqaüdü almaq hüququ yaranmış olmur. Bundan başqa nəzərə alınmalıdır ki, həmin tarixdən (15 may 2019-cu il) əvvəl əlilliyin səbəb əlaqəsinə dair mübahisə açması ilə bağlı aidiyyəti inzibati orqana, onun hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə müraciət etməsinə dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən həmin tarixdən əvvəlki dövr üzrə iddiaçıya Prezident təqaüdü təyin edilməsi barədə iddia əsaslı hesab edilə bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üzrə təqüdün ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üzrə təqüdün ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2455/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2455/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver