Məhkəmə qərarları › İş №2-1(112)-2455/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2455/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2455/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşına əlavələrin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşına əlavələrin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1997-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2016-cl il tarixdən ehtiyata buraxıldığı xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hisssədə xidmət etmişdir. İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün AR Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə ona ödənilmiş N faizi arasında olan fərqin, həmçinin Prezident əlavəsi ilə ona ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara əlavələr “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 -ci ii 25 iyun tarixli 2727 nömrəli Sərəncamına uyğun ödənilir. Sərəncama əlavə edilən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi şərtləri”nə əsasən hərbi hissələrin yerləşmə yerindən asılı olaraq hərbi qulluqçulara ödənilən əlavələrin miqdarı fərqləndirilir. Belə ki, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara hərbi xidmət müddətindən asılı olaraq vəzifə maaşının 35-60%-i həcmində, işğaldan azad olunmuş digər ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara isə vəzifə maaşının 20-30%-i həcmində əlavə ödənilir. Əlavə olaraq bildiririk ki, müdafiə nazirinin 2021-ci il 2 mart tarixli müvafiq əmrinə uyğun olaraq Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə postmüharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidmətin xüsusiyyətlərini, müvafiq sosialməişət və digər infrastrukturun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara vəzifə maaşının 100%-i, işğaldan azad olunmuş digər ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara isə vəzifə maaşının 50%-i həcmində əlavə ödənilir. Nümayəndəsi olduğunuz ehtiyatda olan baş gizir İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə 2021-2022-ci illərdə sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində deyil, işğaldan azad olunmuş digər ərazilərdə yerləşdiyindən həmin hərbi hissənin hərbi qulluqçularına xidmət illərindən asılı olaraq əlavə 20-30%, digər əlavə isə 50% həcmində müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, hərbi hissələrin yerləşmə yeri müvafiq idarələr tərəfindən müəyyən edilərək Müdafiə nazirinin əmri ilə elan edilir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, ehtiyatda olan baş gizir İddiaçı xidmət iliərindən asılı olaraq vəzifə maaşının 27,5 %-i, həmçinin 50% miqdarında digər əlavə mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün ödənilmişdir.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə ona ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavə ilə ona ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin sentyabr ayından ehtiyata buraxıldığı xx.xx.2022-ci il tarixədək N №li hərbi hissənin tərkibinə daxil olan N №-li hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi N №-li hərbi hissədə zirehli tank təmir tağımının komandiri vəzifəsində xidmət edərkən 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə onun xidmət keçdiyi N №-li hərbi hissə daimi dislokasiya yerinə-Laçın rayonunun Hüsülü kəndinə köçürülmüşdür. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi qaydaları Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 273 №-li əmri ilə müəyyən edilmişdir. Hərbi xidmət müddətinə görə (20 ildən yuxarı xidmət etdiyinə görə) ona Prezident əlavəsi vəzifə maaşının 55 faizi həcmində ödənilməli olduğu halda bu əlavə yalnız 27 faiz miqdarında ödənilmişdir. Həmçinin AR Prezidentin müvafiq Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının vəzifə maaşları 100 faiz həcmində artırılmışdır. Lakin onun vəzifə maaşı 100 faiz həcmində yox, N faiz həcmində artırılmışdır. Göründüyü kimi onun maddi təminat hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçı Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş, xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hisssədə xidmət etmişdir. N nömrəli hərbi hissə xx.xx.2021-ci il tarixdə, Laçın rayonunun Hüsülü kəndinə köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə Azərbacan Respublikasının Prezidenti tərəfindən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” 2727 nömrəli Sərəncam qəbul edilmiş, vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi 2021-ci il iyulun 1-dən müəyyən edilmişdir. Həmin Sərəncama əlavə edilmiş cədvələ əsasən əlavələrin ödənilməsi aşağıdakı kimi müəyyən edilmişdir; Aylıq vəzifə maaşına əlavə (faizlə) Sülhməramlı qüvvələrin Sıra İşğaldan azad Hərbi xidmət müddəti müvəqqəti yerləşdirildiyi №-si olunmuş digər ərazilərin hüdudlarında ərazilərdə xidmət və Ermənistanla dövlət edən hərbi sərhədində xidmət edən qulluqçulara hərbi qulluqçulara

1. 5 ilədək 35,0 20,0

2. 5 ildən – 10 ilədək 40,0 20,0

3. 10 ildən – 15 ilədək 45,0 22,5

4. 15 ildən – 20 ilədək 50,0 25,0

5. 20 ildən – 25 ilədək 55,0 27,5

6. 25 ildən çox 60,0 30,0

İddiaçıya həmin Sərəncama uyğun olaraq vəzifə maaşına 27,5% əlavə pul məbləği ödənilmişdir. İddiaçı hazırkı tələbi irəli sürərək hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vəzifə maaşına 100% əlavə və 55 % Prezident əlavəsi ödənilməlidir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, Sərəncama əsasən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində xidmət edən hərbi qulluqçulara müvafiq olaraq 100% və 50% əlavələr ödənilir. İddiaçının xidmət etdiyi hərbi hissə isə, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində deyil, digər ərazilərdə yerləşir. Həmin hərbi hissənin hərbi qulluqçularına xidmət illərindən asılı olaraq əlavə 20-30%, digər əlavə isə 50% həcmində müəyyən edilmişdir. Cavabdeh 100 % vəzifə maaşına əlavə barədə isə, Müdafiə Nazirinin 2.03.2021-ci il tarixli əmrinə və əmrə edilmiş xx.xx.2021-ci il tarixli əlavəyə istinad edir. Belə ki, həmin əmrə əsasən hərbi hissələrin hansının Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində, hansının isə digər yerlərdə yerləşməsi müəyyən edilmişdir. Əmrə edilmiş xx.xx.2021-ci il tarixli əlavəyə əsasən iddiaçının zidmət etdiyi N saylı hərbi hissədə sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində deyil, digər ərazilərdə yerləşməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdən göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə xx.xx.2021-ci ildə Laçın rayonu Hüsülü kəndinə köçürülmüşdür. Hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında Sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Müdafiə Nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə post-müharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidməti xüsusiyyətlərini, müvafiq sosial-məişət və digər infrastrukturunun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, həmin ərazidə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir. (100 faiz və N faiz). Həmin əmrə əsasən Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə post-müharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidməti xüsusiyyətlərini, müvafiq sosial-məişət və digər infrastrukturunun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, həmin ərazidə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir. (100 faiz və N faiz). Qeyd olunmuş əmrin “işğaldan azad olunmuş və infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət edən hərbi qulluqçuların vəzifə maaşının N faizi həcmində müddətli aylıq əlavə edilsin” bəndinə 17 sentyabr 2021-ci il tarixdə dəyişikliklər edilərək İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə (maddi-texniki təminat üzrə) daxil edilmişdir. Əmrin məzmunundan göründüyü kimi əlavələr ödənilərkən bir sıra təhdidlər, həmçinin xidməti xüsusiyyətləri, müvafiq sosial-məişət və digər infrastrukturun olmaması səbəbi, qulluq şəraitinin mürəkkəbliyi də nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət etən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamının 2.3 və 3-cü bəndinə uyğun olaraq bu ödənişlərin say tərkibi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Yuxarıda yazıları nəzərə alaraq N nömrəli hərbi hissənin (maddi-texniki təminat üzrə) hərbi qulluqçularına Azərbaycan Respublikası Müdafiə nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N faizi həcmində müddətli aylıq və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr edilmişdir. İddiaçı tələbində Fərmanın qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən ehtiyata buraxıldığı tarixədək həmin əlavələrin ödənilməsini tələb edir. Lakin gördünüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə, xx.xx.2021-ci il tarixdə Laçın rayonu Hüsülü kəndinə köçmüş, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə isə, həmin hərbi hissə N faiz həcmində müddətli aylıq əlavə edilən və xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr müəyyən edilən hərbi hissələr sırasına daxil edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi yalnız iddiaçının xidmət etdiyi hərbi hissənin Laçın rayonu Hüsülü kəndinə köçürüldüyü xx.xx.2021-ci il tarixdən, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmrinin verildiyi dövrə qədər əsaslıdır. Həmin əmrdən sonra isə iddiaçıya qeyd edilən ələvələrin ödənilməsi əsaslı sayıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tarixədək olan dövr üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə İddiaçı ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavə ilə İddiaçın ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tarixədək olan dövr üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə İddiaçı ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavə ilə İddiaçın ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar