Məhkəmə qərarları › İş №2-1(112)-2456/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2456/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2456/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinəqarşı “ünvanlı sosial yardımının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dövlət ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçının ərizəsi təmin edilərək, iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində inzibati iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR ƏƏSMN-dən iddiaçının **********99901 nömrəli ÜSY təyin olunması barədə xx.xx.2019-cu il tarixli imtina məktubu verilmişdir. İmtinanın cavabı kimi göstərilmişdir ki, iddiaçı və onun oğlu kommunal və rabitə xərclərinin minimumdan 10% artıq işlətmişdir. AR ƏSSMN tərəfindən müraciətə düzgün baxılmayıb, araşdırılmayıb, kommunal və rabitə xərclər düzgün riyazı hesablanmayıb. İddiaçı və onun oğlu evsiz vətəndaşlar kimi Sabunçu RPİ-nin 8-ci inzibati binasında qeydiyyatdadır. DÜSY yaşayış yeri üzrə təyin olunur. Qaz, işıq, su kodları iddiaçının deyil, ev sahibinin və onun oğlunun adındadır. Kommunal xərclər iddiaçıya və onun oğluna tam aid deyil. Ev sahibinin ailəsi 9 nəfərdən ibarət olmaqla, ümumilikdə 11 nəfər təşkil edir. Kommunal xərclər 2 nəfər arasında deyil də, on bir nəfər arasında bölünməli idir. İddiaçı hazırda əmək müqaviləsi əsasında minimal maaşa 250 manata sosial işçi (xadimə) vəzifəsində 143 MTS-də çalışır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə əvvəlki cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli, **********999 nömrəli ərizə ilə elektron formada müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli qərarına əsasən Ünvanlı Dövlət Sosial Yardımına müraciət edilməsi elektron qaydadadır. Vətəndaş İddiaçı müraciətinə əsasən elektron formada qurumlarla yoxlanılması əsasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (2019-cu il üçün ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun məbləği 180 manatdır) 10 faizindən çox olması səbəbindən imtina edilmişdir. Vətəndaş müraciəti zamanı ərizə bəyannaməsində Azərişıq üzrə illik xərcini 200 AZN qeyd edib, aidiyyatı qurumun elektron bazasından gələn məlumat 429.87 AZN, Azəriqaz üzrə illik xərcini 65 AZN qeyd edib, aidiyyatı qurumun elektron bazasından gələn məlumat 430 AZN, Azərsu üzrə illik xərcini 50 AZN qeyd edib, aidiyyatı qurumun elektron bazasından gələn məlumat 115,50 AZN-dır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə ünvanlı dövlət sosial yardımının alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Həmin tarixli, **********99901 saylı nömrəli müraciətə görə sosial yardımın təyin olunmasından aşağıdaki səbəblərə görə imtina edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosail yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsindən imtina edilməsi Qaydaları” 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmasıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi Məhkəmə baxış iclasınınnyeri və vaxti barədə məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi S.Əhmədova təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.2ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı iki əsas şərtə münasibət bildirir: cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmasına və prosessual müddətə. Məhkəmə ilk öncə cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin olunması ilə bağlı müraciət və ona verilmiş imtina məktubu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən cavablandırılmışdır. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin səlahiyyətlərinə yalnız kağız üzərində olan müraciətlərin qəbul edilməsi və elektron sistemə daxil edilməsi aiddir. Ünvanlı sosial yardımı haqqında Qanunda aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Ona görə də, hazırkı iddia tələbi üzrə cavabdeh də məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmalıdır. Prosesual müddət ilə bağlı münasibətdə isə Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 38.2-ci və 24.1-ci maddələrinə istinad edir. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki məcburetmə növündə qaldırılmış iddia üzrə prosessual müddət ötürülmüş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilmişdir. Prosessual müddət bərpa edildikdən, buraxılmış prosessual hərəkətlərə dair məsələ həll olunaraq, iddaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını tələb etmək hüququna malikdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarına əlavə edilmiş: -№ AA******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinin xx xxxxxx 2017ci il tarixli, xx/xx-5560 saylı məktubundan görünür ki, iddiaçının xx xxxxxx 2017-ci il tarixdə DSMF-nin Nərimanov rayon Şöbəsinə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, Ünvanlı sosial yardıma müraciət edilməsi elektron qaydadadır. Notariat orqanı tərəfindən təsdiq olunmuş təmsilçilik barədə ərizəni əldə etdikdən sonra elektron qaydada www.mlspp.gov.az saytına daxil olmaqla VEMTAS vasitəsi ilə qeydiyyatda keçməsi tövsiyyə olunmuşdur. -Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, **********99901 nömrəli müraciətinə cavabdeh tərəfindən imtina verilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmasıdır. -“İnayə” xeyriyyə ictimai birliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixindən ictimai birliyinin qeydiyyatında olan İddiaçı oğluna universitetinin təhsil haqqının ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixində 1.420 manat maddi yardım göstərilmişdir. - Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2020-ci il tarixli, 55/908 saylı arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10, ev 44 ünvanında qeydiyyatda olan Novruzovlar ailəsinin ailə tərkibi aşağdakilardı: X6, X7, X8, X3, X9, X10, X12, X4, X15, X16, X13. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, **********8 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ünvanlı sosial yardım almışdır. -ünvan 2 ilə bağlı elektron bazada olan məlumatların çıxarışından görünür ki, illik kommunal xərclərə görə: qaza- 453 manat, suya – 119 manat və işığa – 522 manat ödənilmişdir. - Elektron çıxarışdan görünür ki, İddiaçı hazırda “xxxxxxxxxxxxxxx” MMC-də sosial işçi vəzifəsində işləyir.İddiaçının maaşı 250 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə ona ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının və onun oğlunun hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilə dair illik kommunal və rabitə xərclərinin yaşayış minimumunun 10 faizindən çox təşkil etməsinin əsası odur ki, həmin mənzildə iddiaçıdan başqa digər şəxslər yaşayır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçının ailə tərkibinin gəlirinin nə qədər təşkil edilməsi, mübahisə predmetini təşkil edən kommunal xərclərinin iddiaçıya aid olan hissəsi və ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə görə iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasının mümkün olub-olmamasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə ünvanlı yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Həmin Qanunun 4.2.1-ci bəndinə əsasən,sosial yardımının əsas prinsiplərindən biri, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunmasıdır. Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə görə sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, xx xxxxxx 2005ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qanunvericliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Ünvanlı sosial yardımın təyin edilməsi isə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. Belə ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2-ci bəndinə görə, sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada «Elektron hökumət» və ya Nazirliyin «esosial» internet portallarında yerləşdirilmiş X20 və X31 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən çəlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sosial yardımın təyin olunmasına imtina olunmalı hallar, həmin Qaydaların 3.7-ci bəndlərində göstərilmişdir. İşin hallarından görünür ki, iddiaçının ünvanlı sosial yardımın təyin edilməsində imtina edilməsinin səbəbi olaraq “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-ci maddədə göstərilən halın mövcud olmasıdır. Belə ki, həmin Qaydaların 3.7.6-cı maddəsinə əsasən, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, sosial yardımın təyin olunmasından imtina edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçının hazırda oğlu ilə birgə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilin illik kommunal xərcləri ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çoxdur. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən mənzildə iddiaçı və onun oğlundan savayi, əlavə olaraq digər fiziki şəxslər də yaşayırlar. Belə ki, məhkəmə araşdırılması zamanı xx xxxxxxx 2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilə yerli baxış keçirilmiş, həmin mənzildə 3 ailə tərkibi olmaqla ümumilikdə 13 fərdi fiziki şəxsin yaşadığı və iddiaçının oğlu ilə birgə həmin mənzilin 9 kv.m hissəsində, yəni mənzilin bir otağında yaşadığı müəyyənləşdirilmişdir. Həmçinin, iddiaçının yaşadığı otaq mənzilin zirzəmi hissəsinə aiddir. Sözügedən mənzildə yalnız bir sayğacın mövcudluğu aşkar olunmuşdur. Bundan başqa, məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya cavab məktubundan da, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzildə İddiaçı və onun oğlundan başqa, əlavə olaraq Novruzovlar ailəsindən 8 fərdin və Məmmədov ailəsindən 3 fərdin yaşadığı öz əksini tapmışdır. “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Sudan istifadə” Qaydalarının 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir. “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə qazdan, sudan, elektrik enerjisindən istifadə və istifadə olunan sərfiyyatlara görə ödənilməli olan xərclər məhz mənzildə quraşdırılmış sayğaclar əsasında aparılır. İddiaçının hazırda yaşadığı mənzildə yalnız bir sayğacın olması və mənzilin digər sakinləri tərəfindən istifadə olunan kommunal xidmətlərə görə illik kommunal xərclərinin yaşayış minimumundan 10 % çox təşkil etməsi iddiaçının iradəsindən asılı olmayan bir haldır. Belə ki, sözügedən mənzilin mülkiyyətçisi tərəfindən əlavə sayğacların quraşdırılmasına icazə verilməmişdir. Bu hal bilavasitə ona səbəb olur ki, mənzildə yaşıyan bütün fiziki şəxslər tərəfindən istifadə olunan kommunal xidmətlərin xərcləri ümumi hesablanır. Nəzərə alsaq ki, mənzil ilə bağlı illik işıq sərfiyyatına görə - 522 manat (1 illik 1 nəfərə -40 manat); qaz sərfiyyatına görə - 453 manat (1 illik 1 nəfərə - 35 manat) və su sərfiyyatına görə - 119 manat (1 illik 1 nəfərə -9 manat) ödənişlər mənzilin hər fərdinə mütənasib hesablansa, iddiaçıya və onun oğluna illik hesablanacaq kommunal xərclər ayrı ayrılıqda yaşayış minimumundan 10 % dan çox deyildir. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilinin illik kommunal xərclərinin yaşayış minumumundan 10-% çox olması, hazırki iddiaçının müraciətinə imtina edilməsi üçün əsas vermir. Bundan başqa, Məhkəmə vurğulamağı zəruri hesab edir ki, İddiaçı oğlu olan X17 2019-cu il tarixdə Bakı Slavyan Universitetinə daxil olması və ali təhsil müəssisəsinin illik ödənişi üçün nəzərdə tutulmuş məbləğin “İnayə” xeyriyyə ictimai birliyi tərəfindən ödənilməsini, həmçinin, iddiaçının aylıq əmək haqqısı 250 manat təşkil etdiyini nəzərə aldıqda, aydın olur ki, iddiaçı mənzilə görə illik hesablanmış kommunal xərclərini ödəmək iqtidarında deyil. Həmçinin, Məhkəmə xüsusi ilə vurğulayır ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ünvanlı dövlət sosial almışdır. Məhkəmə tərəfindən dəfələrlə aidiyyəti üzrə müvafiq sorğular göndərilərək, sosial yardımın hansı əsaslara görə dayandırılması ilə bağlı məlumatın verilməsi xahiş olunduğu təqdirdə, inzibati orqanın rayon şöbəsi tərəfindən müvafiq cavab verilməmişdir. Məhkəmə araşdırılması zamanı, cavabdehin nümayəndəsinin verdiyi izahatlardan aydın olmuşdur ki, iddiaçıya verilmiş sosial yardımın dayandırılmasının əsaslı səbəbi, iddiaçının yaşayış yerini dəyişməsidir. Nəzərə alsaq ki, iddiaçı hazırda belə hər hansı bir əmlaka sahib olmayaraq, Səbail rayon Polis İdarəsinin inzibati binasında (ünvan 1) qeydiyyatda olması, onun əmək haqqısının 250 manat təşkil etməsi, hətta 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 40-ci maddəsi əsasında Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr olduğu təqdirdə, onun oğlu ilə birgə kirayədə qaldığı otağın 9 kv.m yaxın olması, aztəminatlı ailə kimi qiymətləndirilməsinə əsas verir. Bələliklə, Məhkəmə belə nəticəyə gəlir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»ın 3.7.6-cı bəndinə göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X14 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçıiddiası təmin edilsin. İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar