Məhkəmə qərarları › İş №2-1(112)-2456/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2456/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2456/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Nuşiravan oğlunun adına “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinə dair komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Binəqədi rayon Hərbi Komisarlığından 11 yanvar 1994-cü il tarixdə hərbi xidmətə göndərilmiş, 20 fevral 1994-cü ildə N saylı hərbi hissədə and içərək xidmətə başayıb döyüşlərdə iştirak etmişdir. 09 oktyabr 1997-ci ildə hərbi xidmətini başa vurub Binəqədi rayon hərbi komisarlığında qeydiyyata durmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Goranboy rayonunun Tat Qaraqoyunlu və digər ərazilərdə hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi əhatə edib. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinə və Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli 7/2-7705 nömrəli cavab məktubu ilə imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona müharibə veteranı adı və vəsiqənin verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Onun HZ6606104 nömrəli hərbi biletinin 7-ci səhifəsindən görünür ki, o, həmin dövrdə Goranboy rayonunun Tat Qaraqoynlu kəndi uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin biletin 8-ci vərəqindən görünür ki, o, 20 fevral 1994-cü il tarixdən N saylı hərbi hissədə and içərək xidmətə başlamış və döyüşlərdə iştirak etmişdir. X1 8 sentyabr 2023-cü il tarixli **********263 saylı ərizəsindən görünür ki, o, həqiqətən 1994-cü ildə Goranboy rayonun ərazisində gedən döyülərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-12-1/2-Ə-1799xx/xx/2023 nömrəli arayışından görünür ki, İddiaçı Nuşiravan oğlunun məhkumluğu yoxdur. Yuxarıda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. O, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci ilə kimi hərbi xidmət keçmiş və xidmət keçməyi HZ ******* nömrəli hərbi biletlə, arxiv arayışı və şahid ifadələri ilə təsdiq olunur. Bundan əlavə onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmayıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13- 12-1/2-Ə-1799xx/xx/2023 nömrəli arayışından görünür ki, İddiaçı Nuşiravan oğlunun məhkumluğu yoxdur. Göstərilənlərə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentiiyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə N fevral 1988-ci il tarixdən 12 may 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün, yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədəmn İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Axivinin 9/2-1639 nömrəli Arxiv Arayışından görünür ki, X9 N № -li hərbi hissədə xidmətini davam etdirmək üçün Gəncə şəhəri Hərbi polis idarəsinə gəlmişdir. Həmin polis idarəsinin 02 mart 1994-cü il tarixli 47 №-li əmrilə (əsas: par 3,səh-47,sıra 7) 25 fevral 1994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoşulmaqla İİİ bölüyün, İ tağımının İİ manqasına patrul nəfəri vəzifəsinə təyin edilmiş və Müdafiə Nazirinin Hərbi Polis İdarəsi Rəisinin 26 sentyabr 1994-cü il tarixli 224 №-li əmrinə əsasən Gəncə Hərbi Polis rəisinin 30 sentyabr 1994-cü il tarixli 204 №-li əmrilə (əsas: səh- 5,par3,sıra-l) şəxsi heyyətin siyahısından və əsgəri normalarından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr 1994-cü il tarixli 265 №-li əmrilə (əsas: par 5, səh-157, sıra-l) İddiaçı SPN taborunun, İİİ bölüyünün, İİ tağımına atıcı vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirinin Hərbi Polis İdarəsi Rəisinin müvafiq əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş İddiaçı Gəncə şəhər hərbi polis rəisinin 31 dekabr 1994-cü il tarixli 289 №-li əmrilə (əsas: par 2,səh-24, sıra-2 əmrdə hərbi rütbəsi qeyd edilməmişdir.) şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlarla təmin edilərək 5-ci bölüyə atıcı vəzifəsinə təyin olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 sentyabr 1997-ci il tarixli 160№-li əmrinə uyğun olaraq idarə rəisinin 09 oktyabr 1997-ci il tarixli 282 №-li əmrilə (əsas:səh-160,par 1, sıra 2 vəzifəsi qeyd edilməmişdir) sıravi hərbi rütbəsində şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komisarlığa göndərilmişdir. Gəncə Şəhər Hərbi Polis Şöbəsi rəisinin 19 mart 1994-cü il tarixli 59 №-li əmrilə (əsas: səh-60, par 4, sıra-6, əmrdə adı tam,atasının adı isə yazılmamışdır) sıravi İddiaçı hərbi polis bölüyünün şəxsi heyətinin tərkibində Hacıkənd döyüş bölgəsinə göndərilməsi, 25 mart 1994-cü il tarixli 62 №-li əmrilə (əsas:səh-65,par 4,sıra-ll, əmrdə adı tam,atasının adı isə yazılmamışdır) döyüş bölgəsindən qayıtması və Hərbi polis İdarəsi rəisinin şifahi əmrinə əsasən (əsa:səh-82, par l, sıra 47.Əmrdə adı tam,atasının adı isə yazılmamışdır) Goranboy döyüş bölgəsi rayonuna göndərilməsi barədə məlumat vardır, lakin Gəncə HPŞi rəisinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində döyüş bölgəsindən qayıtması barədə məlumat aşkar edilməmişdir. Qeyd edirik ki,Gəncə HPŞ rəisinin 19 mart 1994-cü il tarixli 59 № -li,25 mart 1994-cü il tarixli 62 № -li və 18 aprel 1994-cü il tarixli 81№-li əmrlərində adı tam atasının adı tam yazılmadığından məlumatın İddiaçı aid olmasını əmr üzrə təsdiq edə bilmirik. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13- 12-1/2-Ə-1799xx/xx/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1975-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83 və 92ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İş materiallarına əlavə edilmiş X13 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, 1993-1994-cü illərdə Gəncə Şəhər Hərbi Polis Şöbəsinin tabor komandiri vəzifəsində işləmişdir və həmin dövrdə Gəncə Şəhər Hərbi Polis Şöbəsi rəisinin şifahi əmrinə əsasən, İddiaçı Goranboy döyüş bölgəsi rayonuna göndərilməsini təsdiq edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-ci il tarixli, 12/2- 140324 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 1453 nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü X10 N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli N №-li əmrilə (əsas: §-1, sıra-15, əmrdə adı “Namik” yazılmışdır, vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi” hərbi rütbəsi verilmiş və gənc çağırışçılar bölüyünə göndərilmişdir. Hərbi Polis İdarəsi rəisinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrində (əsas: §-8, səh-15, sıra-42, əmrdə adı “Namik” yazılmışdır, vəzifəsi göstərilməmişdir) hərbi komissarlıqlardan həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilmiş çağırışçıların siyahısında X6 adı qeyd olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin xx.xx.1994-cü il tarixli 48 №-li əmrində (əsas: §-8, səh-42, sıra-9, əmrdə vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün Gəncə şəhəri Hərbi Polis şöbəsinə göndərilən, gənc döyüşçü kursunu bitirmiş hərbi quluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 54 №-li əmrində (əsas: §-6, sıra-9, əmrdə vəzifəsi göstərilməmişdir) gənc döyüşçü kursunu bitirmiş, hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün Gəncə şəhəri Hərbi Polis Şöbəsinə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 47 №-li əmrilə (əsas: §-3, sıra-7, səh-47) xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlarla salınaraq 3-cü bölüyün 1-ci tağımının 2-ci manqasında patrul vəzifəsinə təyin olunmuşdur. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 59 №-li əmrində (əsas: §-4, sıra-6, səh-60, əmrdə adı tam, atasının adı yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) Hacıkənd döyüş əməliyyatları rayonuna göndərilən hərbi polis taborunun şəxsi heyətinin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 62 №-li əmrində (əsas: §-4, sıra-11, səh-65, əmrdə adı tam, atasının adı yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.1994-cü il tarixdə Hacıkənd döyüş əməliyyatları rayonundan qayıtmış hesab edilən hərbi polis taborunun şəxsi heyətinin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 81 №-li əmrində (əsas: §-1, sıra-47, səh-82, əmrdə adı tam, atasının adı yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.1994-cü il tarixdən Goranboy döyüş əməliyyatları rayonuna göndərilən şəxsi heyətinin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 83 №-li əmrində (əsas: §-6, sıra-22, səh-86, əmrdə adı tam, atasının adı yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.1994-cü il tarixdə Goranboy döyüş əməliyyatları rayonundan qayıtmış hesab edilən şəxsi heyətin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1996-cı il tarixli 4 №-li əmrilə (əsas: §-3, səh-10) qulluq yerini özbaşına buraxıb getmiş hərbi qulluqçunu hərbi hissəsinə qaytarmaq məqsədilə sıravi əsgər İddiaçı 1 (bir) gün müddətinə N №-li hərbi hissəyə ezam edilmişdir. Xidməti işlə əlaqədar N №-li hərbi hissəyə ezam edilmiş, sıravi əsgər X2 şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1996-cı il tarixli 5 №-li əmrilə (əsas: §-5, səh-11, əmrdə adı “Namik” yazılmışdır) ezamiyyətdən qayıtmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 160 №-li əmrinə uyğun olaraq, hərbi polisin hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata buraxıldığından Gəncə Qarnizonu Hərbi Polis rəisinin xx.xx.1997-ci il tarixli 282 №-li əmrilə (əsas: §-1, sıra-3) şəxsi heyətin siyahısından, xx.xx.1997-ci il tarixdən bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün öz hərbi komissarlığına göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-8312-1635/2023 nömrəli məktubu ilə göndərilmiş xx.xx.1975ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı uçot kartasının surətindən görünür ki, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 3-3-12/2-30-9911/23 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Gəncə qarnizonu hərbi polisində və N №-li hərbi hissədə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici material olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 2785 nömrəli məktubu ilə göndərilmiş İddiaçı barəsində (əmrlərdə adı tam, atasının adı yazılmamışdır) Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 81 və xx.xx.1994-cü il tarixli 83 №-li əmrlərindən Arxiv Çıxarışlarından görünür ki: Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 81 №-li əmrinə əsasən: xx.xx.1994-cü il tarixdən Goranboy döyüş əməliyyatları rayonuna göndərilən şəxsi heyət- sıra-47. İddiaçı. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 83 №-li əmrinə əsasən: xx.xx.1994-cü il tarixdə Goranboy döyüş əməliyyatları rayonundan qayıtmış hesab edilən şəxsi heyət-sıra-22. sıravi İddiaçı. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-ci il tarixli, 2/2-7705 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-1639 nömrəli və xx.xx.2023-cü il tarixli 4/2-3012 nömrəli arayışlarına əsasən xx.xx.1994- xx.xx.1994-cü illərdə N nömrəli hərbi hissədə, Hərbi Polis İdarəsində və Gəncə şəhər Hərbi Polis şöbəsində xidmətiniz barədə məlumatlar var, lakin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında qeyd edilmiş hərbi hissə (bölmə) və orqanlara döyüş tapşırığının yerinə yetirilməsi məqsədi ilə ezamiyyətən göndərilməyiniz, habelə əməliyyatların aparıldığı ərazilərə göndərilməyiniz barədə məlumatlar olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci hissəsinin 4cü abzasına əsasən Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş üzrə müəyyən olunur ki, iddiaçı X10 N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1994-cü il tarixli 48 №-li əmri ilə xidmətlərini davam etdirmək üçün Gəncə şəhəri Hərbi Polis şöbəsinə göndərilmişdir. İddiaçının hərbi xidmətinə dair arxiv sənədlərində onun Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1994-cü il tarixli 81 №-li əmri ilə xx.xx.1994-cü il tarixdən Goranboy döyüş əməliyyatları rayonuna şəxsi heyət tərkibində göndərildiyi, xx.xx.1994-cü il tarixli 83 №-li əmri ilə xx.xx.1994-cü il tarixdən Goranboy döyüş əməliyyatları rayonundan qayıtdığı müəyyən olunur. İddiaçı məhz qeyd edilən xx.xx.1994-xx.xx.1994-cü il tarixədək olan dövrdə döyüş əməliyyatlarında iştirak etdiyini, bununla da onun müharibə iştirakçısı olmaqla ona veteran statusunun verilməsini müahisələndirir. Yuxarıda adıçəkilən Əsasnamədə aşağıdakı şəxslərə “Müharibə veteranı” statusu verilir: -1. Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- yuxarıda konkret sadalanan rayonların ərazilərində döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -2.döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; -3.döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər; -4.1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslər. Hazırkı iş üzrə iddiaçının onun hərbi biletində və qeydiyyat kartasında Tapqaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə iştirak etdiyi qeyd edilsə də hərbi xidməti barədə arxiv sənədlərində iddiaçının hansı döyüş tapşırığı ilə bağlı ezam olunduğu, eləcə də döyüş əməliyyatı aparan hansı hərbi hissəyə ezam olunması barədə məlumat qeyd edilməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, iddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixədək Goranboy rayonuna ezam olunmuş, lakin «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə Goranboy rayonunun bütövlükdə deyil, yalnız 2 kəndi- Qasım İsmayılov və Şaumyan kəndlərində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsi imkanı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X5 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar