Məhkəmə qərarları › İş №2-1(112)-2457/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2457/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2457/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının nümayəndəsi Həsənov Əbülfət Şafahat oğlunun (Füzuli rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas),cavabdehin nümayəndəsi Rzazadə Nicat Cavanşir oğlunun (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Qəhrəmanova Şəlalə Əbülfət qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qəhrəmanova Şəlalə Əbülfət qızı Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia qaldıraraq cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi, iddiaçının mənzilin özəlləşdirilməsi hüququnun tanınması və Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E, mənzil 59 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla mənzilə dair çıxarışın və texniki pasportun verilməsini dəfələrlə xahiş etmişdir. "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında tikilən mənzili iddiaçının anası X2 adına "xxxx" MTK-ya üzv qəbul olunmaqla 22.04.2010-cu ildə müqavilə bağlamaqla, mənzil pay haqqı tam ödənilməklə əldə olunmuşdur. Həmin mənzil iddiaçının anasının ərizəsi əsasında iddiaçıya bağışlanmışdır. Həmin binanın dövlət komissiyası tərəfindən istismara qəbul edilməsinə baxmayaraq ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi sözügedən ünvanda yerləşən mənzil üzərində hüququn dövlət reyestrində qeydiyyata alınmaqla mənzilə dair çıxarışın və texniki pasportun verilməsinə əngəllər yaradır. Sonuncu dəfə iddiaçı cavabdehə 25.06.2021-ci ildə müraciət etmişdir, lakin konkret olaraq heç bir səbəb göstərilmədən imtina cavabı verilmişdir.İddiaçı onun adına hüquqmüəyyənedici sənəd olmadığından kommunal xidmətlərin ödənişində artıq əziyyət çəkir, yaşadığı mənzilə qeydiyyata düşə bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 30.10.2014-cü il tarixli 523 nömrəli sərəncamına əsasən verilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi, "xxxx" MMC göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş, tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının "xxxx" MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu barədə iddiaçıya 25.07.2021-ci ildə cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Həsənov Əbülfət Şafahat oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Rzazadə Nicat Cavanşir oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. "xxxx" MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında” 22.04.2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə yerləşən tikilməkdə olan binada 59 nömrəli mənzili alıcı X3 verməyi, sonuncu isə mənzili qəbul etməyi, mənzilin ümumi dəyərini MTKya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın 09 saylı, 16.05.2019-cu il tarixli protokolundan çıxarışa əsasən İddiaçı Əbülfət qızı həmin kooperativin üzvlüyünə qəbul edilmiş, ona Həsənova Gülnaz Ənvər qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 3152- 3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E, mənzil 59 ünvanında yerləşən mənzil sonuncunun ərizəsi əsasında İddiaçı verilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MTK-nın 16.05.2019-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTKnın Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E ünvanda inşa etdiyi 59 saylı mənzilin pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 523 nömrəli, 30.10.2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Sosial Rifah Partiyasının Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E ünvanda inşa etdiyi 1 girişli yaşayış və qərargah binasının istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 523 nömrəli, 30.10.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı”na əsasən sifarişçisi Azərbaycan Sosial Rifah Partiyası, podratçısı "xxxx" MMC olan Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi,181E ünvanda inşa edilmiş 12 mərtəbəli 1 girişli yaşayış və qərargah binası istismara qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 30.10.2014-cü il tarixli, 523 nömrəli sərəncamına əsasən verilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi, "xxxx" MMC göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqan tərəfindən təsdiq və ya nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E ünvanda yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binası istismara 2014-cü ildə qəbul edilmiş və istismara qəbul aktı Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə təsdiq edilmişdir, iddiaçı həmin binada yerləşən 59 saylı mənzilin pay dəyərini tam şəkildə ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir, iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçıda ona məxsus olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün bütün sənədləri mövcuddur, belə ki, mənzilin yerləşdiyi bina istismara qəbul edilmişdir və iddiaçı tərəfindən mənzilin pay dəyəri tam ödənilmişdir. Cavabdehin etirazında göstərdiyi əsaslara gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışında, həm də həmin mənzilin yerləşdiyi binanın istismarına qəbul edilməsi haqqında sənəddə mənzilin ünvanı eyni göstərilmişdir, cavabdehin etirazında göstərilən “Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında sifarişçi və podratçı hüquqi münasbətləri olmuş, tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" MTK-nln balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir” kimi dəlil isə mənzil üzərinə hüquqların qeydiyyata alınmasından imtina üçün əsas kimi qanunvericilikdə göstərilməmişdir, eyni zamanda qanunvericilikdə mənzilin payçısının mənzil üzərində hüququnun mütləq qaydada həmin binanın mənzil-tikinti kooperativinin balansına verildikdən sonra həyata keçirilə biləcəyi də nəzərdə tutulmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə baxışı zamanı iddiaçıya məxsus mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda göstərilən bütün hallara, habelə iddiaçının tələbinin əsasında ona məxsus kooperativ mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi olması məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E, mənzil 59 ünvanında yerləşən mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası qanunsuz hesab edilərək həmin mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və mənzilin texniki pasportunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmənin hazırki iş üzrə qəbul edilmiş 07.04.2022-ci il tarixli qərardadla iddiaçnın iddia tələbi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə münasibətdə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı Qəhrəmanova Şəlalə Əbülfət qızının adına Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E, mənzil 59 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası qanunsuz hesab edilərək həmin mənzilin iddiaçı Qəhrəmanova Şəlalə Əbülfət qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və mənzilin texniki pasportunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar