Məhkəmə qərarları › İş №2-1(112)-2458/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2458/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2458/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X20, X9, X4,X2, X21, X13, X22, X10, X5, X11, X6, X12, X14, X28, X15, X17, X16, X7, X8 cəlb edilməklə) “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X20, X9, X4,X2, X21, X13, X22, X10, X5, X11, X6, X12, X14, X28, X15, X17, X16, X7, X1 ona məxsus olan ünvan 1 ünvandan qeydiyyat çıxarılmasının cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin xüsusi mülkiyyət ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olmaqla, xx.xx.2023-ci il qeydiyyat tarixli xüsusi mülkiyyətin tam olaraq iddiaçıya məxsus olması əks olunmuşdur. Lakin sözügedən fərdi evdə cavabdehlər heç bir əsası olmadan formal olaraq qeydiyyatda qalmışlar. Belə ki, həmin şəxslər göstərilən evdə yaşamırlar, istifadə etmirlər. Cavabdehlərin həmin evə necə qeydiyyata düşməsi iddiaçıya məlum deyil. Nəticədə həmin şəxslərin ona məxsus evdə qeydiyyatda olmaqları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı ona məxsus olan mülkiyyət üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən də dövlət tərəfindən verilmiş konstitusiyon hüquqları pozulmuş olur. Cavabdehlərdən dəfələrlə qeydiyyatdan könüllü olaraq çıxmaları barədə xahiş edilmişdir. Lakin onlar bu günə qədər qeydiyyatdan çıxmamışlar. Bu səbəbdən də, həmin şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddiaçının etibarnamə üzrə nümayəndəsi Xəzər Rayon Polis İdarəsinə müraciət ünvanlasa da, həmin İdarə bundan imtina edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X20, X9, X4,X2, X21, X13, X22, X10, X5, X11, X6, X12, X14, X28, X15, X17, X16, X7 və X8 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və iş üzrə cəlb edilmiş üçüncü şəxslər məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı qeyd olunan evin ona məxsus olmasına dair sübut kimi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslansa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və hazırda sözügedən ev sonuncunun adına qeydiyyatdan keçməklə, mülkiyyətindədir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı halda İddiaçı indiki iddianı irəli sürməyə subyektiv hüququ aradan qalxmışdır. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar