Məhkəmə qərarları › İş №2-1(112)-2458/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2458/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2458/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 11 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil aldığı və xx.xx.1981-ci il tarixdən xx.xx.2010-cu illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin, xx.xx.2006-cı il tarixdən pensiyaya çıxdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı ildə doğulmuşdur. 1977-ci ildə X3 Nazirliyi Kirov adına X2 texnikomuna daxil olmaş və 1980-ci ildə həmin texnikomu bitirmişdir. İlk dəfə 1981-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1984-cii ildə S.Ağamalıoğlu adına “Şərəf nişanı” Ordeni Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Həmin İnstitutu 1990-cı ildə bitirmişdir. xx.xx.2024-cü ilə kimi müxtəlif idarə və təşkilatlarda çalışmışdır. xx.xx.2024-cü il tarixdən ona 280 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana rəsmi qaydada müraciət etməyinə baxmayaraq əmək pensiasında dəyişiklik olunmamışdır. Sığorta stajı yalnız xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası müəyyən edilmişdir. Lakin 1977-ci ildən 2010-cu ilə kimi sosial sığorta stajı cavabdeh tərəfindən nəzərə alınmamışdır. xx.xx.2003-cü ildə dövlət qulluğunun 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.2.1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının məbləği onun xx.xx.2006-cı il tarixədək avtomatlaşdırılmış qaydada nəzərə alınmış 25 il sığorta stajına və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalına əsasən belə müəyyən edilmişdir: 1. 25 il sığorta stajına əsasən xx.xx.2006-cı il tarixinə hesablanan pensiya kapitalı: 25 il x 306 manat =7650 manat; 27650 manatın xx.xx.2024-ci il tarixədək indeksləşdirilmiş məbləği: 25191,18 manat. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği avtomatlaşdırılmış qaydada hesablandıqda onun əmək pensiyasının sığorta hissəsi xx.xx.2024-cü il tarixədək cəmi 36836 manat (25191,18+11644,82=36836 manat; 36836:144=255,80 manat) pensiya kapitalına əsasən 255,80 manat təşkil etmiş və əmək pensiyasının minimum məbləğindən aşağı olmuşdur. Lakin iddiaçının minimum 25 il stajı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla əmək pensiyası minimum məbləğə çatdırılmaqla (280 manat) ödənilmişdir. İddiaçının əmək pensiyasının Qanunun 22-1.3-cü maddəsinə əsasən yenidən hesablanması zamanı onun Mərkəzi Filiala təqdim etdiyi 094784 nömrəli diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək, 21,07.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən 16.11,2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı xx.xx.2024-cü il tarixə 27296,05 manat təşkil edir ki, bu da bu qaydada hesablanmışdır: 1.(27 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 1 ay) + (306 : 12 ay : 30 gün x 2 gün)=8289,20 manat; 2.8289,20 manatın xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27296,05 manat. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1 -ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı təqdim etdiyi 094784 nömrəli diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 27 il 1 ay 2 gün sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 27 il 1 ay 2 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının məbləği 8289,5 manat təşkil edir: (27+1/12 ay)x306=8287,5 manat. Həmin kapitalın xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27290,45. SH- 27290,45:144=189,52. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək 11644,82 manat (2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitala əsasən əmək pensiyasının sığorta hissəsi: 11644,82:144=80,860. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləği 270,38 manat müəyyən edilmişdir: xx.xx.2024 - 189,52+80,86=270,38. Qanunun 6-1 -ci maddəsinə əsasən əmək pensiyasının məbləği 280 manata çatdırılmışdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5. 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; ...

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı pensiyasının məbləğinin daha çox olmalı olduğu qənaətində olduğunu bildirmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiyasının hesablanması ilə bağlı ətraflı məlumat təqdim edilmişdir. Məhkəmə hazırkı iddia ilə bağlı cavabdehin mövqeyini haqlı hesab edir. Belə ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı xx.xx.2024-cü il tarixə 27296,05 manat təşkil edir ki, bu da bu qaydada hesablanmışdır: 1.(27 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 1 ay) + (306 : 12 ay : 30 gün x 2 gün)=8289,20 manat; 2.8289,20 manatın xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27296,05 manat. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar