Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2460/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi 17 may 2021-ci il tarixli **********6 nömrəli qərara əsasən iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək 514,57 manata çatdırılmış, 1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək artıq ödənilmiş 1.740,24 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi qərara alınmışdır. Qərar 17 may 2021-ci il tarixdə qəbul edilsə də, ona (iddiaçıya) rəsmi qaydada 13 avqust 2021-ci il tarixli qərarla verilmişdir. Hesab olunur ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərarda hansı səbəbdən 1 oktyabr 2017-ci il tarixdən 1 may .2021-ci il tarixədək ona artıq pensiyanın hesablanması, hesablamanın hansı qaydada aparılması, əgər həqiqətən də artıq pensiya hesablanıbsa bunun hansı şəxsin səhvi ucbatından baş verməsi barədə heç bir məlumat verilmir. Bundan başqa ona artıq məbləğ hesablansa belə, həmin məbləğin əmək pensiyasından onun razılığı olmadan tutulması da qanunsuz hesab edilir. Yəni cavabdeh məhkəmə qərarı olmadan öz üzərinə icra məmurunun səlahiyyətini götürərək iddia etdikləri məbləği iddiaçının razılığım olmadan əmək pensiyasından tutmaq barədə qərar qəbul etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı oltnadıqda məhkəmə qaydasında tutulur. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 8.1.2, 32.1, 33.1, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdehin 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 noyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçıya 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 21 aprel 1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 27 aprel 2021-ci il tarixli ərizəsinə əsasən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı pensiya təyinatı zamanı pensiya kapitalı və sığorta stajının düzgün hesablanmaması səbəbindən 1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək ödənilmiş əmək pensiyasının məbləğində 1.740,24 manat artıq ödəmə aşkar edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin məzmunundan görünür ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətini orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivəsində) idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Həmin Qanunun 67.1-ci, 67.2-ci, 67.4-cü və 67.5-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6.2-cı maddəsinə əsasən maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: (82.3.1) borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması, (82.3.2) pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi, (82.3.3) inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılırlar. Göründüyü kimi, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən həyata keçirilir. İnzibati aktı qəbul etmiş inzibati orqanın (hazırki işdə iddiaçı) tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək və onu müstəqil qaydada (məhkəmə qərarının qəbul edilməsi tələb olunmadan) aidiyyəti üzrə icraya yönəltmək hüququ vardır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 17 may 2021-ci il tarixdə 1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək ödənilmiş 1.740,24 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əsasən İddiaçı 21 aprel 1997-ci il tarixdən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın əmək pensiyasının yenidən hesablanmasına dair 27 aprel 2021-ci il tarixli müraciətinin araşdırılması nəticəsində 50 il 8 ay sığorta stajı (təhsil illəri də nəzərə alınmaqla) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının məbləği 514,57 manata çatdırılmışdır. Eyni zamanda, əmək pensiyası yenidən hesablanarkən 1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək ödənilmiş əmək pensiyasında artıqvermə müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 37.3.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İş materiallarına əlavə edilmiş pensiya işində olan 027921 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı 3 dekabr 2012-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Nəşriyyat-poliqrafiya şöbəsindən işdən azad edilməsi ilə əlaqədar 3 dekabr 2012-ci il tarixdə əmək pensiyasının məbləği 12 sentyabr 2009-cu il tarixdən 3 dekabr 2012-ci il tarixədək toplanmış pensiya kapitalı nəzərə alınmaqla 197,15 manatdan 211,77 manata çatdırılmışdır. Bundan sonra 1 yanvar 2017-ci il tarixədək vətəndaşın əmək pensiyasının məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi nəzərə alınmaqla 265,29 manata çatdırılmışdır. İddiaçının 20 sentyabr 2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının məbləği həmin Qanunun 37.3.1-ci maddəsinin tələbləri nəzərə alınmadan (6 il üçün hesablanma) yenidən hesablanaraq 1 oktyabr 2017-ci il tarixdən 317,18 manata çatdırılmışdır. Lakin həmin hesablanma vətəndaşın hüququ olmadığı halda (6 il tamam olmadan) həyata keçirildiyi üçün qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçının əmək pensiyasının məbləği 27 aprel 2021-ci il tarixli ərizəsinə əsasən təhsil illəri, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən 1 oktyabr 2013-cü il tarixdən 1 mart 2020-ci il tarixədək yığılmış pensiya kapitalı əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmış və 514,57 manata çatdırılmışdır: 1 oktyabr 2017-ci tarixdən 1 yanvar 2018-ci il tarixədək ödənilmiş məbləğ 317,18 manat, yenidən hesablanma 279,46 manat (37,72 manat x 3 ay = 113,16 manat); 1 yanvar 2018-ci tarixdən 1 yanvar 2019-cu il tarixədək ödənilmiş məbləğ 335,26 manat, yenidən hesablanma 295,39 manat (39,87 manat x 12 ay = 478,44 manat); 1 yanvar 2019-cu tarixdən 1 yanvar 2020-ci il tarixədək ödənilmiş məbləğ 345,32 manat, yenidən hesablanma 304,25 manat (41,07 manat x 12 ay = 492,84 manat); 1 yanvar 2020ci tarixdən 1 yanvar 2021-ci il tarixədək ödənilmiş məbləğ 402,64 manat, yenidən hesablanma 354,76 manat (47,88 manat x 12 ay = 574,56 manat); 1 yanvar 2021-ci tarixdən 1 may 2021-ci il tarixədək ödənilmiş məbləğ 448,54 manat, yenidən hesablanma 395,20 manat (53,34 manat x 4 ay = 213,36 manat); 1 may 2021-ci tarixdən 30 iyun 2021-cu il tarixədək ödənilmiş məbləğ 448,54 manat, yenidən hesablanma 514,57 manat (66,03 manat x 2 ay = 132,06 manat). Sığortaolunana artıq ödənilmiş əmək pensiyasının ümumi məbləği ona ödənilmiş əmək pensiyasının məbləği ilə yenidən hesablanmış məbləğ arasındakı fərqin həmin dövrdəki ayların (və ya günlərin) sayına vurulması yolu ilə hesablanmışdır. X2 Elektron informasiya Sistemindən (ƏMBEİS) alınan məlumata əsasən ərizəçi hazırda əmək fəaliyyəti ilə məşğul olur, işləyən əmək pensiyaçısıdır. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən vətəndaş X3 yaşa görə əmək pensiyası təhsil aldığı dövrlər də nəzərə alınmaqla 50 il 8 ay 26 gün sığorta stajı əsasında 1 iyul 2011-ci il tarixdə yenidən hesablanmış və əmək pensiyasının sığorta hissəsi 85,19 manatdan 98,55 manata çatdırılmışdır. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi, hüquqa və haqq- ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 noyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı əmək pensiyası 1 iyul 2011-ci il tarixdən 50 il 8 ay 23 gün sığorta stajına əsasən yenidən hesablanarkən əyani təhsil müddəti (4 il 9 ay 28 gün) nəzərə alınmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı əmək pensiyası 3 dekabr 2012-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə yenidən hesablandıqdan sonra 18 sentyabr 2013-cü il tarixdə Azərbaycan Tibb Universitetində işə daxil olduğu üçün onun əmək pensiyasının 6 illiyə görə yenidən hesablanma hüququ məktubda qeyd edildiyi kimi 2018-ci ilin dekabr ayında deyil, 18 sentyabr 2019-cu il tarixdə yaranmış olacaq. Vətəndaş hüququnun yarandığı 2019-cu il sentyabr ayında müraciət etmiş olduğu halda onun əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 1 oktyabr 2019-cu il tarixdən 7.484,40 manat pensiya kapitalına əsasən 408,31 manat, 1 yanvar 2020-ci il tarixdən 476,09 manat, 1 yanvar 2021-ci il tarixdən 530,36 manat, 1 yanvar 2022-dən 548,40 manat hesablanmış olacaqdı. Vətəndaşın əmək pensiyası qeyd edildiyi kimi hesablanmış olduğu halda rayon şöbəsinin 1 oktyabr 2017-ci il tarixdə səhvən 6 illiyə görə yenidən hesablanmış pensiya məbləğinə nəzərən 1 may 2022-ci il tarixdə 380,26 manat əskikvermə yaranmış olacaqdı. İddiaçı hal-hazırda əmək pensiyasının məbləği 553,18 manat təşkil edir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə yazılı ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərarın qismən ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Ərizədə qeyd olunur ki, İddiaçı Bakı inzibati Məhkəməsinə müraciət edərək DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğvni xahiş etmişdir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bütün bunları nəzərə alaraq məhkəmədən cavabdehin qəbul etdiyi 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarın qismən – “1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək artıq ödənilmiş 1.740,24 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi” hissəsində ləğv olunması xahiş edilir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: - (37.3.1) yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir: a) əmək (sosial sığorta) pensiyaları: yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə; b) sosial pensiyalar. Həmin Qanunun 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər – 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarını qismən mübahisələndirir və həmin qərarın “1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək artıq ödənilmiş 1.740,24 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi” hissəsində ləğv olunmasını tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, ona ödənilmiş pensiya məbləğinin qaytarılması barədə ayrıca qərar, yəni hazırda mübahisə predmetini təşkil edən 17 may 2021-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda müvafq hissədə mübahisələndirilən 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ iddiaçının gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 17 may 2021-ci il tarixli **********6 nömrəli qərar müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən, mübahisələndirilən hissədə qanunsuzdur və həmin qərarın qəbulu nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, iddia əsaslı sayılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında» 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək artıq ödənilmiş 1.740,24 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi” hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında» 17 may 2021-ci il tarixli **********6 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 1 may 2021-ci il tarixədək artıq ödənilmiş 1.740,24 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi” hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2460/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2460/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver