Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2460/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər X3 xx.xx.1989-cu il tarixli Qərarına əsasən "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarına" görə mənzil şəraitimin və məişət şəraitimin yaxşılaşdırılması vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına hərbi xidmətə çağrılmışdır. Müddətli hərbi xidməti başa vurduqdan sonra o müddətdən artıq həqiqi Xidmətdə hərbi qulluqçi kimi xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə başlanılmış 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. Talışkənd, Suqovuşan və Ağdərə rayonu ərazisində gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Bu xidmətlərinə görə "Cəsur döyüşçü", "Laçının azad olunmasına görə " medalları ilə təltif olunmuşdur. O xx.xx.2020-ci ildə Talışkənd uğrunda gedən döyüşdə sol kürək nahiyəsində odlu silahla açılan atəş nəticəsində yaralanmış və qapalı kəllə-beyin travması almışdır. 6 gün müalicə olunduqdan sonra onun təkidi ilə, yenidən ön cəbhəyə gedib mənfur düşmənlərə qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Ağdərə rayonu ətrafında gedən döyüşdə yenə də, sağ aşağı ətrafın post-travmatik sinir pozulması ilə müşahidə edilən xəsarət almış və buna görə Naftalan, Gəncə və Şəmkir mərkəzi xəstənalarında stasionar müalicədə olmuşdur. Aldığı həmin travmalardan istər Gəncə, istərsə də Bakı şəhərində Məştağa qəsəbəsində və psioloji sağlamlıq mərkəzində müalicələrdə olmuş və hal-hazırda da psixi pozuntu ilə əlaqədar mütəmadi olaraq müalicələr alır. Psixi pozuntu ilə əlaqədar Bakı şəhəri Hərbi hospitalında dəfələrlə müalicə olunduqdan sonra hərbi xidmətə yararsızlığı müəyyən edilmiş və hərbi xidmətdən ehtiyata buraxılmışdır. Aldığı xəsarətlərə görə 3-cü qrup müharibə əlilidir. Bunları qeyd etməkdə məqsədi odur ki, xəstəliyinə görə daim Bakı şəhərində olmalı və müalicələr almalıdır. Bakı şəhər X3 xx.xx.1989-cu il tarixli Qərarına əsasən "Bakı şəhərində mənzil ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarına " görə mənzil şəraitinin yaxşılaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müharibə əlili kimi mənzil və məişət şəraitimin yaxşılaşdırılmasını istəyir. Bununla əlaqədar olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən ona göndərilmiş 5- 10/2-Ş-28-068/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə onun Bakı şəhərində müharibə əlili kimi mənzil şəraitinin yaxşılaşdırılmasından imtina edilmişdir. Ona görə də Bakı şəhər X3 xx.xx.1989-cu il tarixli Qərarına əsasən ''Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarına" uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən mənzil və məişət şəratimin yaxşılaşdırılması vəzifəsinin Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qüvvədə olan Bakı Şəhər X3 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bildirilmişdir ki, Qaydalrın 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyat düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürürlər. İddiaçının təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qediyyatının Ağcabədi rayonunda olduğu, lakin Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Bakı şəhəhrində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müraciəti əsasında məsələyə yenidən baxıla bilər.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı mənzil növbəsi məsələsinə köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli 5-10/1-Ş- 28-068/2024 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxılmışdır. Qüvvədə olan Bakı şəhər X3 xx.xx.1989-cu il tarixli qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Resublikası Prezidentinin müvafiq sərəncamlarının icarsını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bildirilmişdir ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatının Tərtər rayonunda olduğu, Bakı şəhəri, Binəqədi rayonunda isə xx.xx.2024-cü il tarixindən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının müraciətində qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Hesab edilmişdir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı üçüncü dərəcə əlillik (35%) təyin edilmişdir. (Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasyalar, özünə xəsarətlərlə. Diffuz urla müşayiət olunan tireotoksikoz, diffuz toksiki ur)
7. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
8. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərar və ona əlavə edilən sənədlər idarədaxili mühafizə müddəti bitdiyi üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. X1 X2 Elmidar Şahin oğlunun vergi ödəyicisi və icarəçi kimi qeydiyyatı aşkar edilməmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adəna son 5 ildə qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. İddia ərizəsinin məzmunundan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı üçüncü dərəcə əlillik (35%) təyin edilmişdir. (Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasyalar, özünə xəsarətlərlə. Diffuz urla müşayiət olunan tireotoksikoz, diffuz toksiki ur)
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
21. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
25. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatının Tərtər rayonunda olduğu, Bakı şəhəri, Binəqədi rayonunda isə xx.xx.2024-cü il tarixindən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının müraciətində qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.
26. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər X3 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).
27. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).
28. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
29. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərar və ona əlavə edilən sənədlər idarədaxili mühafizə müddəti bitdiyi üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. X1 X2 Elmidar Şahin oğlunun vergi ödəyicisi və icarəçi kimi qeydiyyatı aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adəna son 5 ildə qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır.
32. Məhkəmə nəzərə alır ki,dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Odur ki, iddiaçının fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var və hazırda Bakı Şəhər X3 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın tətbiqi vətəndaş üçün əlverişsiz vəziyyətin yaranmasına səbəb olur və cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsəd arasındakı ağlabatan mütənasiblik pozulmuşdur.
33. Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot norması müəyyən edilməmiş, lakin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, məhkəmə iddiaçının mənzil şəraitini süni surətdə pisləşdirməsi halını müəyyən etmir və iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotundan imtinanın onun fərdi vəziyyətinə uyğun olmayan hal kimi qiymətləndirir.
35. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
36. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X4 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva