Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2462/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 863 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********48 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Qala 3 nömrəli Zeytun Sovxozunun ərazisinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər olduğu halda həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 863 saylı sahədə yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsinə və üzərində tikilən evinə mövcud vəziyyətdə mülkiyyət hüquqlarının tanınmasını, tanınmış hüququnun həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 863 saylı sahədə yerləşən 1155 kv.metr ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona xx.xx.1999-cu ildə Qala qəsəbəsində 863 saylı sahədə 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan bu günə kimi fasiləsiz olaraq onun istifadəsindədir. Həyətyanı torpaq sahəsində ev inşa etmiş, evinin bütün kommunal xətləri çəkilmişdir. Yaranmış zərurətlə əlaqədar ona ayrılan torpaq sahəsini və üzərində inşa etdirdiyi tikiliyə sənəd almaq məqsədi ilə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. İmtina səbəbi kimi ayrılan torpaq sahəsinin elektron kadastr baza məlumatına əsasən Qala 3 nömrəli zeytun sovxozunun ərazisinə aid olduğu bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1906 saylı Sərəncamına əsasən Abşeron rayonuna məxsus 3 nömrəli Qala-Zeytun sovxozunun ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri inzibati ərazi üzrə yerli icra hakimiyyətinə təhvil verilmişdir. Bu Sərəncamdan sonra yerli icra hakimiyyətinin sərəncamına əsasən torpaq sahələri vətəndaşlara fərdi yaşayış evləri tikmək məqsədi ilə ayrılmışdır. Ona 1999-cu ildə torpaq sahəsi ayrılmışdır. Lakin 1993-cü ildən X3 ərazisində olan torpaq sahələri vətəndaşlara ayrılmışdır. 23 ilə yaxındır ki, torpaq sahəsindən fasiləsiz olaraq istifadə edir. Torpaq sahəsini sənədləşdirmək məqsədi ilə Xəzər RİH-nə məktubla müraciət edərək, ona ayrılan sahəyə yerləşmə sxeminin verilməsini xahiş etmişdir. Onlar da öz növbəsində xx.xx.2021-ci il tarixdə yerli baxış keçirərək, mühəndis tərəfindən ölçü işləri apararaq onun istifadəsində olan torpaq sahəsinə cizgi plan verilmişdir. Həmin ərazidə yerləşən torpaq sahələri sərəncamla ayrılan torpaq sahələridir. Hətta bir çoxuna çıxarış verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddiaçının fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair İdarəyə rəsmi müraciəti olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Qala 3 nömrəli Zeytun Sovxozunun ərazisinə aiddir. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m, faktiki ölçüsü isə 1150 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli, **********48 saylı və xx.xx.2022-ci il tarixli, **********29 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında xx.xx.1993-cü il tarixli, 1908 nömrəli Sərəncamına əsasən Əzizbəyov rayonu, Qala-Pirallahı dəmir yolu ilə Şüvəlan- Türkan avtomobil yolunun kəsişdiyi yerdə Abşeron rayonunun 3 nömrəli X3 ərazisində fərdi yaşayış massivinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Vət. İddiaçı Qala qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2651 nömrəli Sərəncamından görünür ki, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 5-də yaşayan İddiaçı Qala qəsəbəsində 863 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdən görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin cizgisi tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır, üzərində yaşayış evi movcuddur. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki sahəsi 1155 kv. metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 863 saylı torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Qala 3 nömrəli Zeytun Sovxozunun ərazisinə aiddir. Sovxoz ərazilərinə dair Ayrıc Aktlarının kağız nüsxələri (arxiv əsasları) 1 saylı Bakı Ərazisində saxlanılmamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Abşeron rayonu, keçmiş Qala 3 nömrəli Zeytunçuluq Sovxozundan 717.66 ha hissəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Belə ki, Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2651 nömrəli Sərəncamı verildiyi zaman bu ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla Abşeron Rayonu İcra Hakimiyyətinin istifadəçiliyində olmuşdur. Hal-hazırda vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Vət. İddiaçı Qala qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2651 nömrəli Sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin yerli icra hakimiyyəti orqanına deyil, Qala 3 nömrəli Zeytun Sovxozunun ərazisinə aid olmasına istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, işdə olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-12/2-1192/2023 nömrəli məktubuna əsasən sözügedən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonu, keçmiş 3 nömrəli Qala- Zeytun sovxozunun istifadəsindən alınmış və vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün verilmiş 650 hektar torpaq sahəsinin hüdudlarında yerləşir. Cavabdeh özü də məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda və ortofoto xəritəsindən çıxarışda həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğunu və Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Abşeron rayonu, keçmiş Qala 3 nömrəli Zeytunçuluq Sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 717.66 ha sahə daxilində yerləşdiyini bildirmişdir. xx.xx.2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hazırda Qala 3 nömrəli Zeytunçuluq Sovxozu mövcud deyil və onun torpaqları Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə verilmişdir. Mübahisəli torpaq sahəsi isə həm ayrılan vaxt, həm də sonradan yerli icra hakimiyyətinin istifadəsində olan torpaq sahəsinə aid olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, artıq mövcud olmayan quruma ayrılmış torpaq sahəsinin ərazisi olması əsası ilə iddiaçıya imtina verilməsi onun hüquqlarını pozur. Çünki iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericilik həmin sənədi hüququların dövlət qeydiyyatı üçün nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı 1155 kv.metr sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 863 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2462/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2462/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver