Məhkəmə qərarları › İş №2-1(112)-2465/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2465/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2465/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı Əzimov Namiq Bayram oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əzimov Namiq Bayram oğlunun Bakı şəhəri, Surxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 14, 50 mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.09.2021-ci il tarixli, 2-1(112)-10404/2021 nömrəli qərardadı ilə Əzimov Namiq Bayram oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətindədir. Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş 06.02.2016-cı il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışla təsdiq edir. Hazırda mülkiyyətində olan həmin mənzildə tək özü qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Lakin artıq beş ildən artıq müddət keçməsinə baxmayaraq onun qanuni mülkiyyət sahibi kimi öz əmlakı üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, hazırda onun xüsusi mülkiyyətində olan mənzilin əvvəlki mülkiyyətçisi satıcı qismində X7 ilə aralarında bağlanılmış 02 fevral 2016cu il tarixli, AN-İN seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.71 kv/m olan mənzili ona 30000 (otuz min) manata satmışdır. Aralarında bağlanılmış daşmmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə bağlanarkən daşınmaz əmlak ipoteka ilə yükül edilməmiş, həbs altında olmamlş və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Həmin müqavilənin 6cı bəndində göstərilmişdir ki, əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın qeydiyyatı tarixindən əmələ gəlir. Bundan ələvə müqavilənin 13-cü bəndində qeyd edilmişdir ki, müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur. Mənzilin yüklü olmaması barədə arayış notariat kontoruna təqdim edildikdən sonra mənzilin əvvəlki mülkiyyətçisi X7 ilə onun arasında daşınmaz əmlakın alqı-satqısı əməliyyatı həyata keçirilmişdir. Lakin, sonradan əvvəlki mülkiyyətçi X2 oğlu Əzimov Namiq Bayram oğlu ilə aralarında ailədaxili mübahisə olmuşdur. Namiq Əzimov anası X3 və ona qarşı “mənzilin özəlləşdirilməsinin və alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Namiq Əzimov bütün məhkəmə instansiyalarını uduzduqdan sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 13 may 2019-cu il tarixli, 2(102)-3223/2019 nömrəli qərarı ilə Əzimov Namiq Bayram oğlunun kassasiya şikayəti təmin edilməmişdir. X4 razılığı və xəbəri olmadan qanunsuz olaraq onun mənzilinə qeydiyyata düşmüşdür. O, bu barədə məlumatı 2 Saylı Asan xidmətin Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat bölməsindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış aldıqdan sonra bilmişdir. Suraxanı MKTB-də isə Namiq Əzimovun qeydiyytda olması öz əksini tapmamışdır. X9 formal olaraq onun mənzilində qeydiyyatda qalmaqla onun mənzil üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması ilə yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini də kobud pozur. O, ünvan 1 ünvanında yerləşən mənzilindən qanunsu olaraq qeydiyyatda lan Əzimov Namiq Bayram oğlunun qeydiyyatdan çıxarılması üçün Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İdarədən müraciətinə cavab olaraq ona ünvanlanmış 28.08.2021-ci il tarixli, 096- 22079Z-1221 №-li məktubla bildirilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması DİO-nın səalhiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Aidiyyəti üzrə məhkəmə orqanlarında müraciət etmək göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 06.02.2016-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 30.07.2021-ci il tarixli arayışdan görünür ki, 02.10.1978-ci il təvəllüdlü Əzimov Namiq Bayram oğlu ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 01.10.2021-ci il tarixli, **********26 nömrəli və 02.12.2021-ci il tarixli, **********19 nömrəli məktublardan görünür ki, ünvan 5 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Əzimov Namiq Bayram oğlunun ünvan 5 ünvanı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən qeydə alınmış İddiaçı və X6 arasında bağlanmış 02.02.2016-cı il tarixli, 4-Ə/250 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair işin materiallarından görünür ki, 02.02.2016-cı il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X6 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48,71 kvm. olan mənzili 30000 (otuz min) manata alıcı İddiaçı satmışdır Müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 543 №-li, 29 yanvar 2016-cı il tarixli Forma 2 arayışına əsasən mənzildə X6 1991-ci ildən qeydiyyatda olmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(102)-3223/2019 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Əzimov Namiq Bayram oğlunun cavabdehlər X3 və İddiaçı qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 saylı evin, 50 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, cavabdehlər arasında 2 saylı Bakı «ASAN Xidmət» mərkəzinin notariusunda bağlanmış, reyestrdə 4ə-250 nömrə ilə qeyd edilmiş 02 fevral 2016-cı il tarixli, AN-İ seriyalı № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və onun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə iddiası təmin edilərək mübahisəli mənzilin cavabdeh Ş.Əzimovanın adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Ş.Əzimova ilə İddiaçı arasında mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdeh Ş.Əzimovadan 30.000 manatın alınaraq digər cavabdeh İddiaçı verilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(103)-8854/2018 saylı qətnaməsi ilə iddiaçı Əzimov Namiq Bayram oğlunun cavabdehlər X3 və İddiaçı qarşı «mənzilin özəlləşdirilməsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2(010)- 3392/16 saylı qətnaməsindən cavabdeh Ş.Əzimova və cavabdeh İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2(010)-3392/16 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(102)-3223/2019 nömrəli qərarı ilə iddiaçı Əzimov Namiq Bayram oğlunun və vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli 2(103)-8854/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1170 №-li, 19.11.2021-ci il tarixli arayışdan görünür ki, Əzimov Namiq Bayram oğlu ünvan 3 ünvanında qeydiyyatdadır, yaşamır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.08.2021- ci il, 096-22079Z-1221 № li məktubdan görünür ki, müraciətinə əsasən araşdırma aparılmışdır. Nəzərinə çatdırılır ki, vətəndaşın qeydiyyatdan çıxarılması DİO-nın səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak hal-hazırda İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzili 02.02.2016-cı il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin alqı-satqı müqaviləsi hazırki iş üzrə üçüncü şəxs Əzimov Namiq Bayram oğlu tərəfindən mülki məhkəmə icraatı qaydasında mübahisələndirilsə də iddia tələbi təmin edilməmişdir. Üçüncü şəxs Əzimov Namiq Bayram oğlu mübahisəli mənzildə qeydiyyatda olsa da hal-hazırda həmin mənzildə yaşamır. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan, ailə üzvü olmayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxsin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs Əzimov Namiq Bayram oğlu qeyd olunan mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Əzimov Namiq Bayram oğlunun iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əzimov Namiq Bayram oğlunun ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar