Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2466/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış evinə pasport qeydiyyatına alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına pasport qeydiyyatına alınma ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar həmin yaşayış evində 2013-cü ildən yaşayırlar. Sözügedən ünvanda yerləşən yaşayış evi həmin evin mülkiyyətçisi olan X1 qardaşı X2 ilə iddiaçı arasında bağlanmış 19 mart 2013-cü il tarixli, 01 No-li daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə əsasında ev İddiaçı1 mülkiyyətinə keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən yaşayış evi üzərində hüquqların İddiaçı1 keçməsinə dair X3 tərəfindən 16 may 2013-cü il tarixli, AR-1 257547 No-li etibarnamə verilmişdir. İddiaçılar bildirir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evində 8 ildir ki ailə üzvləri ilə birlikdə yaşayırlar və evin kommunal xərclərini vaxtı-vaxtında ödəmişdirlər. İddiaçılar yaşayış evinə qeydiyyata düşmək üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, polis idarəsindən imtina cavabı almış və məhkəməyə müraciət etmişdirlər.
3. CMS-Azemis Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 ünvan 1 ünvanında pasport qeydiyyatına alınmışdırlar.
4. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
5. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
6. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva