Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2468/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 48a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 19 saylı vəkil bürosunun vəkili), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 1999-cu ilin 23 iyun tarixindən başlayan Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyində Mərkəzi mühasibatlığın baş mühasibi vəzifəsində işlədiyi müddət dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla qulluq stajına görə ona 20% əlavənin hesablanması, çalışdığı vəzifəsinə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və 25 dekabr 2015-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 01.03.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 27.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının “dövlət qulluğu stajının faktiki qulluq dövrü 14 il 06 ay müddətlə götürülməklə, əvvəlki illər də daxil olmaqla pensiyasının yenidən hesablanması, əsassız yerə ona ödənilməmiş pensiyanın, qulluq stajına görə əlavələrin əvvəlki illər də daxil olmaqla hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəyişdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Daha sonra 05.10.2021-ci il tarixdə yenidən dəqiqləşmə ərizəsi təqdim edərək “İddiaçı dövlət qulluğu stajının faktiki qulluq dövrü 14 il 04 ay müddətlə götürülməklə, müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla pensiyasının yenidən hesablanması, qulluq stajına görə əlavələrin müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəyişdirilməsini xahiş etmiş və həmin iclasda iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 05.10.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxx 1954-cü il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi, yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) yazılı ərizə ilə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, pensiya təyin olunarkən onun hakimiyyət səlahiyyəti verən dövlət qulluqçusu kimi işlədiyi vəzifə nəzərə alınmayıb və həmin vəzifənin icrasına görə ona əlavə haqq hesablanmalı olduğu halda bu edilməmişdir. Eləcə də dövlət qulluğu stajı da düzgün hesablanmamışdır. Yəni 20%-lə hesablanmalı olduğu halda 5%-lə hesablanmışdır. Cavabdeh 16 sentyabr 2020-ci il tarixli, **********4 N-li məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəklii iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən İddiaçı 25 dekabr 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-102,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 187,54 manat olmaqla orta aylıq əmək haqqı 879,54 manat təşkil etmişdir. Bununla əlaqədar ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 13 il 6 ay qulluq stajına görə orta aylıq əmək haqqının (879,54 manat) 70 faizi-615,68 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 25.12.2015-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16146,70 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 21016,31 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 4869,61 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən iddiaçının əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 13 il 6 ay dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 560,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-112,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 205,93 manat olmaqla orta aylıq əmək haqqı 957,93 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 mart 2018-ci il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (879,54 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (957,93 manat) arasındakı fərq məbləğinin (78,39 manat) 45 faizi-35,28 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (615,68 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 650,96 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 01.03.2018- 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11717,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 15872,76 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 4155,48 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-168,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 308,89 manat olmaqla orta aylıq əmək haqqı 1396,89 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (957,93 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1396,89 manat) arasındakı fərq məbləğinin (438,96 manat) 45 faizi-197,53 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (650,96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 848,49 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 01.09.2019-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10181,88 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 14575,07 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 4393,19 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 25.12.2015-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13418,28 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada İddiaçı yazılı razılığını qısa müddət ərzində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda həmin maddəyə uyğun olaraq onun əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildirir ki, Mərkəzi Filial tərəfindən cari ilin sentyabr ayından etibarən İddiaçı əmək pensiyası 848,49 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. İddiaçı müraciəti əsasında pensiya işinə aid sənədlərin araşdırılması zamanı hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavənin ərizəsində qeyd etdiyi işlədiyi dövrdə ona ödənildiyinə dair hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, müvafiq qaydada təsdiq edilmiş Əmək kitabçasına əsasən İddiaçı 14.05.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 25.12.2015-ci il tarixədək müxtəlif müəssisə və vəzifələrdə işləmişdir, həmçinin 23.06.1999-cu il tarixdən 01.02.2001-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mərkəzi mühasibatlığın baş mühasib, 01.02.2001-ci il tarixdən 01.05.2001-ci il tarixədək işlər müdirinin müavini-baş mühasib vəzifəsində işləmişdir. 01.05.2001-ci il tarixdən iki ay müddətinə ləğvetmə komissiyasının üzvü təyin edilmişdir. 03.07.2001-ci il tarixdən 01.08.2001-ci il tarixədək müvəqqəti olaraq baş mühasib vəzifəsinin icrası həvalə edilmişdir, 01.08.2001-ci il tarixdən 02.01.2003-cü il tarixədək İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın inkişafı və dövlət əmlakının idarə edilməsi departamentinin baş mühasibi vəzifəsində işləmişdir. 02.01.2003-cü il tarixdən Sahibkarlığın inkişafı departamentinin baş mühasibi vəzifəsində işləmişdir. 01.02.2007-ci il tarixdən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin ləğv edilməsi ilə əlaqədar yaradılmış ləğvetmə komissiyasının üzvü təyin edilmişdir. 01.02.2007-ci il tarixdən Əmək Məcəlləsinin 70 “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. 19.04.2007-ci il tarixdən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin ləğv edilməsi ilə bağlı yaradılmış komissiyanın işinin başa çatması ilə əlaqədar ləğv etmə komissiyasının üzvlüyündən azad edilmişdir. 15.07.2009-cu il tarixdən Azərbaycan Respublikasının Milli X2 təsərrüfat şöbəsinə müvəqqəti olaraq aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. 01.12.2009-cu il tarixdən 25.12.2015-ci il tarixədək Maliyyə təsərrüfat şöbəsinə daimi aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilmiş və 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 01.05.2013-cü il tarixdə 1 dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, İddiaçı 18.06.2020-ci i tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən İddiaçı 25 dekabr 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının dövlət qulluqçusu kimi iş stajı 13 il 6 ay hesablanmış və ona uyğun pensiya hesablanmışdır. İş materiallarında olan əmək kitabçasından görünür ki, İddiaçı dövlət qulluqçusu kimi iş stajı 13 il 6 ay deyil 14 il 4 ay təşkil etmişdir. Belə ki, 23.06.1999-01.07.2001-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatında mərkəzi mühasibatlığın baş mühasibi, işlər müdirinin müavini-baş mühasib vəzifəsində, 03.07.2001-02.01.2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı və dövlət əmlakının idarə edilməsi departamentinin baş mühasibi vəzifəsində, 02.01.2003-19.04.2007-ci illərdə Sahibkarlığın inkişafı depmartamentində baş mühasib vəzifəsində, 15.09.2009-25.12.2015-ci illərdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Aparatında maliyyə-təsərrüfat şöbəsində aparıcı məsləhətçi vəzifəsində qulluq keçmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Azərbaycan Respublikasında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək dövlət orqanlarında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə aparılmışdır. Həmin “Siyahı”nın 2.9-cü bəndinə əsasən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları aparatında maliyyə şöbəsinin rəisi (baş mühasib) vəzifəsi təminedici şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda iddiaçının müvfiq dövlət orqanlarında işlədiyi baş mühasib və aparıcı məsləhətçi vəzifələri inzibati vəzifələrə aid edilməklə dövlət qulluğu vəzifələri kimi nəzərdə tutulmuşdur. İddiaçı 25 dekbar 2015-ci ildə dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası müəyyən edilir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ 25.12.2015-ci il tarixində yaransa da, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə həmin tarixdən sonra, yəni 18.06.2020-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması, lakin onun dövlət qulluğunda iş stajı 14 il 04 ay əvəzinə 13 il 06 ay götürülməklə hesablanması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı dövlət qulluğu stajının faktiki qulluq dövrü 14 il 04 ay müddətlə götürülməklə, müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla pensiyasının yenidən hesablanması, qulluq stajına görə əlavələrin müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı dövlət qulluğu stajının faktiki qulluq dövrü 14 il 04 ay müddətlə götürülməklə, müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla pensiyasının yenidən hesablanması, qulluq stajına görə əlavələrin müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2468/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2468/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver