Məhkəmə qərarları › İş №2-1(112)-2469/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2469/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2469/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «məlumat vərəqəsinin müvafiq əlavələr göstərilməklə aidiyyəti quruma göndərilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı «məlumat vərəqəsinin müvafiq əlavələr göstərilməklə aidiyyəti quruma göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 11 avqust 1998-ci il tarixdən 8 may 2019-cu il tarixədək AR Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 11 avqust 2018-ci il tarixdə xüsusi rütbəsi olmaqla 20 təqvim ili iş stajı toplamış və bununla da onun Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pensiya hüququ yaranmışdır. Ona «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14-cü maddəsinə uyğun olaraq 2019-cu ilin iyul ayından əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyinatı AR Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məlumat vərəqəsinə əsasən aparılmışdır. Lakin sözügedən məlumat vərəqəsi əsasında pensiya hesablanarkən əmək haqqına əlavələr öz əksini tapmamış, buna görə də nəzərdə tutulan məblığdən xeyli az pensiya hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli 38 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əlavələrdən qanunvericiliklə nəzərdə tutulmuş dövlət ödənişləri də həyata keçirilmişdir. Dəfələrlə AR Dövlət Gömrük Komitəsinə müraciət edərək, pensiyanın düzgün hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələr göstərilməklə yeni məlumat vərəqəsinin göndərilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə, həmin qurumdan Dövlət Gömrük Komitəsi tərəfindən məlumay vərəqəsinin düzgün tərtib edilmədiyi bildirilmişdir. Belə olan halda, onunla bərabər çalışan və əmək pensiyası alan iş yoldaşlarından fərqli olaraq ona təyin olunmuş pensiya məbləği fırqlənir və qeyri-bərabərlik yaranır. Sonuncu dəfə AR Dövlət Gömrük Komitəsinə müraciət edərək məlumat vərəqəsinin işlədiyi dövrdə aylıq vəzifə maaşına edilən əlavələrlə yenidən tərtib olunmasını xahiş etmişdir. Komitənin cavab məktubunda ona yenidən bildirilmişdir ki, bu məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması məqsədəuyğundur. Hesab olunur ki, AR Dövlət Gömrük Komitəsi trəfindən ona ünvanlanmış həmin məktub qanunsuzdur və əsassız olaraq onun Konstitusiyada təsbit olunmuş hüquqlarını məhdudlaşdırır. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 24, 25, 26, 38, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 1.0.5, 1.0.5, 4.1, 8, 9, 20-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 20, 52.1, 71.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli, “«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 28 mart 2014-cü il tarixli və “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarlarına əsaslanaraq, iddiaçıya 2014 – 2018-ci illərdə (60 ay) ödənilmiş əmək haqqı və əlavələrin (təminat xərcliyi, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclər nəzərə alınmaqla) ödənilməsi göstərilməklə tərtib edilən məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdeh AR Dövlət Gömrük Komitəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının iddia tələbi büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və 2014-cü il tarixdən 2018-ci il tarixədək, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun 1 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» AR Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saytı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlann təqdim olunması» Qaydalarının 2ci bəndində isə, təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmətkeçmə haqqında» Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə göra əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı barəsində AR Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi «Əmək pensiyaları haqqında» AR Qanununa və AR Naziriər Kabinetinin 17 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına uyğun olaraq hazırlanmış və DSMF aidiyyəti qurumuna təqdim edilmişdir. İddiaçı iddiasında 2014 – 2018-ci illərdə, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə DSMF-nin aidiyyəti qurumuna təqdim edilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Qeyd edilən Qanun eyni zamanda indiki qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiya hüquqlarını da nəzərə alır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərindən aydın görünür ki, İddiaçı iddia ərizəsində 2014 – 2018-ci illərdə, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə DSMF-nin aidiyyəti qurumuna təqdim edilməsi tələbi də əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununda iddiaçının qeyd olunana tələbini tənzimləyən hər-hansı bir normanın olmaması da hazırki iddia tələbinin əsassız olmasının bariz sübutudur. Göstərilənlərə və İPM-in 12, 58.7, 64.1, 68.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – AR Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – AR Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir: - (3-cü bənd) bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1998 – 2019-cu illərdə 20 ildən artıq gömrük orqanlarında xidmət etmiş və 8 may 2019-cu il tarixdə onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdeh AR Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının barəsində “məlumat vərəqəsi” tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna göndərilmişdir. İddiaçı həmin məlumat vərəqisində göstərilənlərlə razılaşmamış və onun 2014 – 2018-ci iilərdə əmək haqqına bütün əlavələr əks olunmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə araşdırılmasında iddiaçının istəyinə görə yeni tərtib ediləcək “məlumat vərəqəsi”ndə göstərilməli xüsusat onun əmək haqqına əlavə qismində aldığı “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavə”dən ibarət olduğu məlum olur Məhkəmə qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericilik gömrük orqanlarının xüsusi rütbəli əməkdaşını hərbi qulluqçu ilə bərabər tutaraq ona pensiya təyinatını “təminat xərcliyi” ilə şərtləndirir, hansı ki, bu barədə onun xidmət etdiyi orqan tərəfindən müvafiq məlumat vərəqəsi tərtib edilərək DSMF orqanına göndərilməsi nəzərdə tutulur. Lakin nəzərə alınmalıdır ki, iddiaçının gömrük orqanlarında xidmətinə 2019-cu ilin yanvar ayının 1-dən sonra xitam verilmişdir və həmin tarixdən qüvvədə olan qanunvericilik normaları büdcədənkənar vəsaitlər hesabına verilən əlavə və digər ödənişləri təminat xəcliyini müəyyən edən məbləğlər sırasından istrisna edir. Belə olan halda məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində gömrük orqanlarında xidmət etmiş əməkdaş kimi onun büdcədənkənar vəsaitlər hesabına aldığı əlavənin təminat xərcliyinin bir elementi qismində barəsində tərtib olunan məlumat vərəqəsində göstərilməməsi qanunsuz hərəkət sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh AR X3 imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı «məlumat vərəqəsinin müvafiq əlavələr göstərilməklə aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «məlumat vərəqəsinin müvafiq əlavələr göstərilməklə aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar