Məhkəmə qərarları › İş №2-1(112)-247/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-247/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-247/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının vəkili Vəkil , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) “torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 57 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 110 kv.metr torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Bələdiyyəsi üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 25 sentyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında ümumi sahəsi 110 kv.metr torpaq sahəsi verildiyi gündən hazıra kimi iddiaçının istifadəsindədir. O, Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında ümumi sahəsi 110 kv.metr torpaq sahəsinin icarə huququ əsasında dövlət qeydiyyatına alınması və icarə huququ əsasında çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi 20 aprel 2021-ci il tarixdə müraciətinə 02/493 saylı məktubla cavab olaraq bildirmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və həmin sərəncama əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılacaq torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. O, istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçüsünü təqdim edərək, dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin əsassız olaraq imtina cavabı almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, iddia olunan torpaq sahəsi yaşayış binasından 26 metr aralı yaşıllıq ağacları olan ərazidə yerləşir. Habelə, torpaq sahəsinə dair cizgi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Torpaq dövlət mülkiyyəti torpağıdır. İddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərə münasibətdə qeyd olunmuşdur ki, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv. metr torpaq sahəsindən 25 sentyabr 2007-ci il tarixdə Bakı şəhəri Nizami bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir və iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan: -Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.metr olan ərazi ticarət və iaşə məqsədilə 49 illiyə İddiaçı icarəsinə verilmişdir. - xx.xx.2007-ci il tarixli “torpaq sahəsinin icarəyə verlməsi haqqında” müqavilədən görünür ki, icarəyə verən Nizami Bələdiyyəsi və icarəçi İddiaçı arasında Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı əsasında müqavilə bağlamış, müqaviləyə əsasən icarəyəverən icarə əsasında ünvan 2si 110 kv.metr olan, gələcədə sahə adlanan ərazini icarəçiyə uzun müddətli – 49 il istifadəyə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən həmin müqavilə 49 il müddətinə bağlanır. 1.3-cü bəndinə görə isə torpaq sahəsi iaşə və ticarət məqsədi ilə verilir. İddiaçı hazırda bu müqaviləyə istinad edərək, onun ünvan 2si 110 kv.metr olan torpaq sahəsinə icarə hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın icarəyə verilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - - maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. - maddə 11.7. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. - maddə 11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. -bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. -bənd 9. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2007-cı il tarixdə bələdiyyə şəxsə torpaq sahəsi ayırmaq üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;

3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin icarəsinə verilməsi ilə bağlı qərar qəbul edir.

4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Məhkəmə tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış ünvan 2si 110 kv.metr olan torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi barədə sorğuya cavab olaraq İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Həmçinin məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Q.Qarayev prospekti, 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 110 kv.metr olan torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilib-edilməməsi barədə sorğu göndərilmiş, Cəmiyyət həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, məsələ ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilib edilməməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. Lakin qeyd edilməlidir ki, bu rəylərin alınmaması hələ iddiaçının tələbinin təmin olunmaması üçün əsas hesab edilə bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Məhkəmə qeyd edir ki, istinad olunan mövqe nəzərə alındıqda aydın olur ki, müvafiq rəylər olmasa belə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul olunduqda, onun qəbul olunmuş inzibati akta etimadı qorunur. Lakin işdən görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması zamanı həm maddi, həm də prosessual normalar pozulmuş, torpaq sahəsi səalhiyyətli orqan tərəfindən qəbul olunmamışdır. Belə ki, birincisi, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmamışdır. Çünki işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarda göstərilmişdir ki, vahid elektron kadastr bazasına əsasən torpaq sahəsi yaşayış binasından 26 metr aralı, yol kənarı yaşıllıq zolağında yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Həmçinin, Nizami Bələdiyyəsinin istifadəsində olan torpaq sahələrinin sərhədləri barədə elektron bazada məlumat yoxdur. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən həmçinin məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 08 may 2023-cü il tarixli, 10/699 nömrəli ekspert rəyində göstərmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.m torpaq sahəsinin Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı ilə ayrılmış 330 ha torpaq sahəsinin daxilində yerləşməsini nəzərə alaraq, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ciil tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.m torpaq sahəsinin ayrılan zaman bələdiyyə torpaqlarına aid olduğu müəyyən edilir. Göründüyü kimi, cavabdeh mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğunu bildirsə də, ekspert tərəfindən tərtib edilmiş rəydə həmin torpaq sahəsinin bələdiyyə torpağına aid olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Belə olan halda aydındır ki, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Çünki qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/699 nömrəli ekspert rəyi deyil, dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Məhkəmə bu qənaətə həm də ona görə gəlir ki, ekspert rəy tərtib edərkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı ilə Nizami Bələdiyyəsinə ayrılmış 330 ha əraziyə dair ayrıc göstəricilərinə istinad etsə də, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin sərəncama sənəd əlavə edilməmişdir. Həmçinin işdə olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamına əsasən Nizami Bələdiyyəsinə ayrılmış 330 ha torpaq sahəsinə dair ayrıc aktı ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Göründüyü kimi, ekspert rəyində istinad edilən ayrıc göstəricilərinin mötəbər olması iş materialları ilə təsdiq edilmir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin Nizami bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. İşdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya ayrılarkən həmçinin prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə İ-ci hissəsinə əsasən bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; Konstitusiyanın 145-ci maddəsinin İ-ci hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin İİ-ci hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Mübahisəli qərarın qəbul edildiyi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Qanun 16.4-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 16.5-ci maddəsinə görə bələdiyyənin bütün iclasları protokollaşdırılır. Həmin Qanunun 33.3-cü maddəsinə görə Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. İstinad olunan normalardan görünür ki, bələdiyyə əmlakının şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin Nizami Bələdiyyəsi tərəfindən onun icarəsinə verilməsi barədə bələdiyyə qərarını təqdim etməmişdir. Üçüncü şəxs isə yalnız bələdiyyənin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışı təqdim etmiş, məsələ ilə bağlı bələdiyyə qərarını məhkəməyə verməmişdir. Bundan əlavə, yuxarıda qeyd olunanlardan, həmçinin işdə olan torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışdan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi yaşayış binasından 26 metr aralı, yol kənarı yaşıllıq zolağında yerləşir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis texniki ekspertizası zamanı ekspert qarşısında həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq olub olmaması barədə sual qoyulmuş, ekspert 08 may 2023-cü il tarixli, 10/699 nömrəli rəyində həmin sualı birbaşa cavablandırmaqdan yayınsa da, torpaq sahəsinin yol kənarı ərazi olmasını qəbul etmişdir, hansı ki, bu da həmin ərazinin ümumi istifadədə olan torpaq sahəsi olması barədə nəticəyə gəlmək üçün kifayətdir. Məhkəmə qeyd edir ki, qanunverici ümumi istifadədə olan sahələrin şəxslərin istifadəsinə verilməsi ilə bağlı bir sıra fərqli müddəalar müəyyən etmişdir. Belə ki, yuxarıda istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun normalarından görünür ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz. Həmin Qanunda qısa müddəti dedikdə, hansı müddətin nəzərdə tutulması müəyyən edilməsə də, məsələyə Azərbaycan Respublikası Torpaq Məcəlləsi aydınlıq gətirir. Belə ki, həmin Məcəllənin mübahisəli torpaq sahəsi ayrılarkən qüvvədə olan 50-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısamüddətli — on beş ilədək və uzunmüddətli —on beş ildən 99 ilədək müəyyən oluna bilər. Belə olan halda aydındır ki, Nizami bələdiyyəsi ona ayrılmış ərazi olduğunu hesab etdiyi mübahisəli torpaq sahəsini ticarət və iaşə məqsədilə iddiaçıya yalnız qısa müddətli, yəni 15 ilədək icarəsinə verə bilərdi. Lakin müqavilədən görünür ki, həmin müqavilə uzun müddətli, 49 il müddətinə bağlanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunmasın. Ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar