Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2470/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan, yəni 14 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Son olaraq iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşdan, yəni 14 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 29 iyun 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız ona pensiyanın təyinini həyata keçirməmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı ərizə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı müraciətinə müvafiq sənədlər əlavə etmədiyindən iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Məktubda iddiaçı tərəfindən əlavə sənəd (sənədlər) təqdim ediləcəyi halda inzibati orqanın müraciətə yenidən baxaraq araşdırılacağı qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən müvafiq sənədlər Filiala təqdim edilməmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubla iddiaçının hüquqları pozulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırır ki, cavabdeh güzəştli iş stajını təsdiq edən arayışın olmaması əsası ilə iddianın mümkün sayılmamasını xahiş etsə də, inzibati orqan irəli sürdüyü bu mövqeyi də haqlı olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunmalıdır ki, iddiaçı onda olan sənədlər ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh güzəştli arayışın olmaması əsası ilə imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müəssisələr hal-hazırda mövcud deyil. Nəzərə alsaq ki, iddiaçı pensiya kateqoriyasına keçmək istəyən şəxs olduğundan və onun işlədiyi müəssisələrin mövcudluğu ilə bağlı məlumatı olmadığından, onun tərəfindən bu istiqamətdə araşdırma aparmaq bir o qədər çətindir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində araşdırma aparmaq, güzəştli arayış olmadan belə iddiaçının işlədiyi vəzifələrin güzəştli olub-olmamasını müvafiq olaraq Siyahıda göstərilən vəzifələr ilə uyğunlaşdırmaq kimi səlahiyyətə malik olduğu halda, güzəştli arayışın olmaması ilə kifayətlənmiş və iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etsə də, güzəştli arayışın cavabdehə təqdim edilməməsi iddianın mümkünlük şərtlərinin ödənilmədiyinə əsas vermir. Odur ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Diplomun və Azərbaycan Dövlət Neft və Sənaye Universitinin nəznində Bakı Neft- Energetika Kolleci tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 23 avqust 1977-ci il tarixində Bakı baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuş və 06 mart 1981-ci il tarixində “Soyuducu kompressorlu maşın və qurğular” ixtisası üzrə əyani şöbədə tam kursu bitirmişdir. Hərbi biletə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakportxolodilnikdə maşinist; xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək meyvətərəvəz soyuducu bazasında maşinist; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək meyvə-tərəvəz soyuducu bazasında maşinist, çilingər; xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çlingər; xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Mkdermott X3” Şirkətində quraşdırıcı; xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək həmin Şirkətdə quraşdırıcı vəzifəsində; xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də istehsalat sahəsində qablaşdırıcı vəzifəsində işləmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Azəryeyintisənaye Dövlət Şirkətinin Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bakı Qənnadı Kombinatında (Əmr № 100K) Kompressor-soyuducu şöbəsində 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə (Əmr № 76K) eyni şöbədə 4-cü dərəcəli maşinist vəzifəsinə keçirilmiş, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı nın 35-ci bəndinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti vəzifəsinə uyğun olaraq zərərli peşə sayılır) xx.xx.1990-cı ildə (Əmr № 19) quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, lakin həmin dövrdə də faktiki gördüyü iş maşinist (ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) olmuşdur. Vəzifə adının niyə quraşdırıcı çilingər yazıldığı məlum deyil. Hesab olunur ki, ştat məsələləri ilə əlaqədar belə yazılmışdır. xx.xx.2002-ci il tarixdə (Əmr № 17K) öz xahişi ilə işdən azad edilmişdir. X1 pensiya işindən görünür ki, həmin şəxs 06 may 2002-ci il tarixdən 13 avqust 2007-ci il tarixədək Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən MakDermott X3 Şirkətində işləmiş, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən həmin şəxsə güzəştli arayış (quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində (kod ******* a-14612) altında nəzərdə tutulması) verilmişdir, bununla da onun pensiyası güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:
1. İddiaçının güzəştli iş stajını təsdiq edən güzəştli arayışın olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. Məhkəmə iddiaçının təhsil aldığı dövrlə bağlı isə bildirir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan diplomun və arayış surətindən görünür ki, İddiaçı 23 avqust 1977-ci il tarixində Bakı baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuş və 06 mart 1981-ci il tarixində “Soyuducu kompressorlu maşın və qurğular” ixtisası üzrə əyani şöbədə tam kursu bitirmişdir. Bu səbəbdən, Məhkəmə iddiaçının xx.xx.1977-xx.xx.1981-ci il tarixədək (03 il 06 ay 14 gün) aldığı təhsil müddətini iş stajına daxil edilməli olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (05 ay 01 gün) hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə təşkil edir. Məhkəmə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakportxolodilnikdə maşinist; (01 il 08 ay) -xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək meyvə-tərəvəz soyuducu bazasında maşinist; (17 gün) -xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək meyvə-tərəvəz soyuducu bazasında maşinist, çilingər; (01 il 06 ay 07 gün) -xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çlingər; (19 il 02 ay 12 gün) -xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Mkdermott X3” Şirkətində quraşdırıcı; (02 il 01 ay 26 gün) -xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Mkdermott X3” Şirkətində quraşdırıcı; (02 il 09 ay 01 gün) -xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də istehsalat sahəsində qablaşdırıcı vəzifəsində işləmişdir. (03 il 03 ay 20 gün) Məhkəmə iddiaçının işlədiyi dövrlər ilə bağlı bildirir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakportxolodilnikdə maşinist işlədiyi müddət onun təhsil aldığı müddət ilə üst-üstə düşür. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən iddiaçının razılığı əsasında onun təhsil müddətini tam, Bakportxolodilnikdə maşinist vəzifəsində işlədiyi müddəti isə xx.xx.1981-xx.xx.1981 kimi nəzərə alır. Beləliklə, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti işlədiyi müddət ilə birgə nəzərə aldıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1977-xx.xx.1981; xx.xx.1981-xx.xx.1981; xx.xx.1981-xx.xx.1981; xx.xx.1981xx.xx.1983; xx.xx.1983- xx.xx.2002; xx.xx.2002-xx.xx.2004; xx.xx.2004- xx.xx.2006 = 28 il 01 ay 13 gün) çox təşkil edir ki, bu da öz növbəliyində ümumi iş stajı ilə bağlı şərtin ödənildiyini göstərir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq qeyd edir ki, iddiaçının güzəştli iş stajının olub-olmaması ilə bağlı araşdırma aparılarkən onun aşağıda göstərilən müəssisələrdə işlədiyi dövrlərə ayrı-ayrılıqda münasibət bildirilməlidir: - Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) işlədiyi; - “Mkdermott X3” Şirkətində işlədiyi müddət. Məhkəmə iddiaçının Bakı Karamel Fabrikində (Bakı Qənnadı Kombinatında) işlədiyi müddətə münasibət bildirir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çlingər vəzifələrində işləmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi həmin vəzifələrin güzəştli olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, müəssisənin mövcudluğu, özəlləşdirilib-özəlləşdirilməməsi ilə bağlı araşdırma apararaq aidiyyəti orqanalara sorğular vermişdir. Sorğulara cavab məktublarından məlum olmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Azəryeyintisənaye Dövlət Şirkətinin Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi Bakı Karamel Fabriki (Bakı Qənnadı Kombinatında) özəlləşdirilmiş və "xxxx" ASC yaradılmışdır. Məhkəmə tərəfindən iddiaçının həmin dövrlərdə işlədiyi həmin vəzifələrin güzəştli olub-olmaması ilə bağlı aidiyyəti olaraq "xxxx" ASC-yə sorğu ünvanlanmış və məlum olmuşdur ki, həmin vəzifələr güzəştlə şərtlərlə pensiya hüququ verən vəzifələrə aiddir. Belə ki, "xxxx" ASC İddiaçı xx.xx.1983-cü ildə Bakı Qənnadı Kombinatında (Əmr № 100K) Kompressor-soyuducu şöbəsində 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edildiyini, xx.xx.1985-ci ildə (Əmr № 76K) eyni şöbədə 4-cü dərəcəli maşinist vəzifəsinə keçirildiyini, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı nın 35-ci bəndinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti vəzifəsinə uyğun olaraq zərərli peşə sayılır) xx.xx.1990-cı ildə (Əmr № 19) quraşdırıcı çilingər vəzifəsinə keçirildiyini, lakin həmin dövrdə də faktiki gördüyü iş maşinist (ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) olduğunu təsdiq etmişdir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə Bakı Qənnadı Kombinatı hal-hazırda mövcud olmasa da, iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, daha sonra özəlləşdirilməsi və səhmlərin özəlləşdirilərək "xxxx" ASC olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş sorğuya cavab məktubu iddiaçının güzəştli vəzifələrdə işlədiyini təsdiq edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, əmək kitabçasında iddiaçının xx.xx.1990-ci il tarixdən quraşdırıcı çilingər vəzifəsində işlədiyini qeyd olunsa da, həmin dövrdə də onun məhz maşinistin əmək funksiyalarının icra etməsi "xxxx" ASC tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—14341 kod altında nəzərdə tutulan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri peşəsi güzəştli pensiya hüququ verən peşəyə aiddir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndində “Ümumi peşələr” bölməsində göstərilən ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsi güzəştli pensiya hüququ verən peşəyə aiddir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabriki (Bakı Qənnadı Kombinatında) işlədiyi müddət güzəşti iş stajına daxil edilməlidir. Məhkəmə iddiaçının “Mkdermott X3” Şirkətində işlədiyi müddətə münasibət bildirir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən də göründüyü kimi iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Mkdermott X3” Şirkətində quraşdırıcı vəzifəsində işləmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının həmin vəzifədə işlədiyi müddətin güzəştli olub-olmaması ilə bağlı araşdırılma aparılmış, müəssisəsinin mövcud olmadığına görə "xxxx" MMC, “Azfen” BM və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna sorğular verilmişdir. "xxxx" MMC və “Azfen” BM iddiaçının həmin müəssisələrdə işləmədiyini əsas gətirərək quraşdırıcı vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olub-olmamasının müəyyən edilməsini onların səlahiyyətlərində olmadığını bildirmişdirlər. Lakin məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı ilə yanaşı “Mkdermott X3” Şirkətində “quraşdırıcı” vəzifəsində işləmiş hər hansı şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağı ilə bağlı araşdırma aparmış, X1 pensiya işini tələb etmişdir. Vətəndaşın pensiya işinə daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, həmin şəxs 06 may 2002-ci il tarixdən 13 avqust 2007-ci il tarixədək Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən MakDermott X3 Şirkətində işləmiş, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən həmin şəxsə güzəştli arayış (quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində (kod ******* a-14612) altında nəzərdə tutulması) verilmişdir, bununla da onun pensiyası güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmişdir. Göründüyü kimi iddiaçı ilə eyni vəzifədə işləyən MakDermott X3 Şirkətinin əməkdaşına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir ki, bu zaman Heydər Əliyev adına Bakı dərin özüllər zavodu “quraşdırıcı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində (kod ******* a-14612) altında nəzərdə tutulan vəzifə olduğunu təsdiq etmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının işlədiyi MakDermott X3 Şirkətinin mövcud olmaması və ya Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən “quraşdırıcı” vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olan vəzifəyə aid olub-olmaması ilə bağlı məhkəmə sorğusuna cavab verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan bir haldır və ona əlavə məsuliyyət yaratmamalıdır. Məhkəmə kassasiya instansiya məhkəməsinin formalaşmış mövqeyini də nəzərə alaraq hesab edir ki, iddiaçı ilə eyni vəzifədə işləyən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən və onun həmin vəzifədə işlədiyi dövrün güzəştli olmasını təsdiq edən güzəştli arayış mövcud olduğundan, iddiaçıya güzəştli arayışın olmaması əsası ilə həmin dövrün sığorta stajına daxil edilməsindən imtina edilməsi bərabərlik məfhumu baxımından əsassızdır. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək “Mkdermott X3” Şirkətində quraşdırıcı vəzifəsində işlədiyi müddətdə də güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 06 aydan çox (xx.xx.1983-xx.xx.2002; xx.xx.2002-xx.xx.2006 = 22 il 06 ay 08 gün) təşkil edir ki, bu da güzəştli iş stajının ödənildiyini göstərir. Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 29 iyun 2019-cu il tarixdə (etirazda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov