Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2470/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosu həmin Büroda vəkil kimi fəaliyyət göstərən cavabdehin üzvlük haqqını ödəmədiyinə görə barəsində intizam icraatının başlanılması məsələsinə baxılaraq müvafiq qərar qəbul edilməsinə dair Azərbaycan Respublikası Vəkillər X1 müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2024-cü il tarixli qərarı ilə həmin müraciət əsasında cavabdehin barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırılmışdır ki, cavabdeh 2023-cü ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə üzvlük haqqı və büronun saxlama xərclərini ödəməmişdir. Cavabdehin yaşayış veri bəlli deyil, telefonu işləmir. O, büroya gedib-gəlmir, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Vəkillərin reyestrinə əsasən cavabdehin istifadəsində olan +994 50 *** ** ** mobil telefon nömrəsinə dəfələrlə zəng edilsə də, həmin nömrəyə telefon söndürülmüş vəziyyətdə olmaqla zəng çalmadığından, onunla əlaqə yaratmaq, müraciətlə bağlı yazılı izahatını almaq və Vəkillərin İntizam Komissiyasının iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Maliyyə və təchizat şöbəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya ödənilməli olan üzvlük haqqı üzrə 660 manat məbləğində borcu vardır. Araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh 10 ildir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərmiş və 2023-cü ilin iyun ayından hal-hazıradək Büro ilə heç bir əlaqə saxlamamışdır. Cavabdeh üzvlük haqqını altı aydan artıq müddətdə ödəməməklə xx.xx.2024-cü il tarixinə iddiaçıya ödənilməli olan üzvlük haqqı üzrə borcu 660 manat təşkil etmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməməklə və xx.xx.2024-cü il tarixinə üzvlük haqqı üzrə borcu 660 manat təşkil etməklə, qanunvericiliyin tələblərini pozaraq, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əmələ (hərəkətə) yol verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq məhkəmə araşdırmasının yekunlaşdırılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Vəkillər X2 25 yanvar 2024-cü il tarixli, 01 saylı iclas protokolundan çıxarışdan görünür ki, cavabdehin barəsində Bakı şəhəri 2 saylı Vəkil Bürosunun büronun müdiri Rəna Məmmədovanın təqdimatı əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi yekdilliklə qərara alınmışdır. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun müraciəti əsasında cavabdehin barəsində başlanılmış intizam icraatı üzrə aparılmış araşdırmanın nəticəsinə dair Vəkillərin İntizam Komissiyasının 31 may 2024-cü il tarixli Rəyində göstərilmişdir ki, Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixinə iizvlük haqqı üzrə borcu 660 manat təşkil edərək, Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 4.3-cü və 5.13-cü bəndlərinin tələblərini pozaraq, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əmələ (hərəkətə) yol verilmişdir. Azərbaycan Respublikası Vəkillər X2 10 iyul 2024-cü il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İntizam Komissiyasının rəyinin nəzərə alınması, cavabdehin xx.xx.2024-cü il tarixinə üzvlük haqqı üzrə borcu 660 manat təşkil edərək, Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azerbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 4 3-cü və 5.13-cü bəndlərinin tələblərini pozaraq, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əməli (hərəkəti) törətdiyinə görə, Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması yekdilliklə qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun 27 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, cavabdeh 2023-cü ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə üzvlük haqqı və büronun saxlama xərclərini ödəməmişdir. Onun yaşayış yeri bəlli deyil, telefonu işləmir. O, büroya gedibgəlmir. Bu səbəbdən də onunla heç bir əlaqə saxlanmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqı üzrə 660 AZN borcu vardır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin 8ci bəndinə əsasən Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Göründüyü kimi hazırkı iddia ümumi hüquq münasibətləri ilə bağlı olmaqla, birbaşa qanunun göstərişindən irəli gələn bir tələbdir. Cavabdeh Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatdadır. Bu səbəbdən məhkəmə hazırkı iddanı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər (9.1). Vəkillər Kollegiyasının Rəyasət Heyəti: bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir (11.3). Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir (21). Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir (22.1). Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir (22.2). Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər (22.3). Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır (22.4). İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir (22.5). Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər (22.8). Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmaqla vəkil kimi Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. O, 2023-cü ilin iyun ayından etibarən Vəkillər Kollegiyasının üzvlük haqqını və Vəkil Bürosunun saxlama xərclərini ödəməmiş və Büro ilə heç bir əlaqə saxlamamışdır. Cavabdehin olduğu yeri müəyyən etmək mümkün olmamış və Vəkil Bürosu tərəfindən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bu səbəbdən 2 saylı Vəkil Bürosunun müraciəti əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qərar qəbul edilərək cavabdeh barəsində intizam icraatı başlanmış və araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən cavabdehin vəkillik fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsində göstərilmişdir ki, İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Qanunun qeyd edilən müddəalarından görünür ki, vəkil üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə onun fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Göründüyü kimi cavabdeh 6 aydan artıq müddətdə vəkil bürosuna üzvlük haqqını ödəməçmiş və büro tərəfindən onunla əlaqə saxlamaq mümkün olmamışdır. İşin məhkəmə araşdırması zamanı cavabdehin yaşayış yerinə məhkəmə bildirişləri göndərilsə də, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin onun işdə olan əlaqə nömrələrinə zəng vurulsa da, cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2470/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2470/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver