Məhkəmə qərarları › İş №2-1(112)-2471/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2471/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2471/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür və ona xx.xx.2022-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. İN yanında DVX-nin xx.xx.2024-cü il tarixli, **********305800 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının vergi orqanlarından azad olunması ilə əlaqədar Mərkəzi Filial tərəfindən onun dövlət qulluqçusu kimi əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir: “…“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Vergi orqanlarında qulluğunuza xitam verilməsi ilə əlaqədar sizə 28 mart 2024-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 31 il 1 ay 11 gün qulluq illərinizə uyğun olaraq, vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın 1440,68 manatın (son 24 ay ərzində ödənilmiş 106809,28 manatdan 61375,21 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 10857,60 manat hissəsi çıxıldıqdan sonra qalan 34576,47 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi- 1152,54 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür.” İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə əvvəlki illər də daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə ödənişlər (10857.4 manat) nəzərə alınmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin aprel ayından dövlət qulluqçusu kimi əmək pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - cavabdeh) tərəfindən ona dövlət qulluqçusu kimi yaşa görə 1152,54 manat əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən əmək pensiyası təyin edilməsinə dair inzibati aktda, onun əvvəlki illərdə istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş 12305,28 manat kompensasiyanın məbləği nəzərə alınmayıb. Belə ki, əvvəlki illər də daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş kompensasiyanın məbləği 12305,28 manat olmuş və bu vəsaitlərdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin mühasibatlığı tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir. Cavabdeh tərəfindən pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə son 24 ay ərzində ödənilmiş 12305.28 manat dəyərində kompensasiyanın məbləği deyil, son 24 aya aid ödənilmiş 1447.88 manat kompensasiyanın məbləği əsas götürlmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin Qaydaların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Qaydaların 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Qanunvercilikdən göründüyü kimi pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı dövlət qulluqçusunun son 24 aya aid olan aldığı dövlət məvacibindən deyil, son 24 ay ərzində aldığı dövlət məvacibindən hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik nəzərə alınmaqla dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın məbləği son 24 aya aid olan ödənilmiş 1447.88 manat məbləğ deyil, son 24 ay ərzində ödənilmiş 12305.28 manat götürülməlidir. İddiaçı cavabdehə müraciət edərək 10857.4 (123xx.xx-1447.88) manat kompensasiya fərqindən əlavə pensiya hesablanması üçün yenidən baxılmasını xahiş etmişdir. Cavabdehin ona ünvanlanmış 15 avqust 2024-cü il tarixli 3-17-1/2-A- 195450/2024 saylı cavab məktubundan görünür ki, cavabdeh onun ərizəsində göstərilənləri nəzərə almayaraq əmək pensiyamı yenidən hesablamaqdan imtina etmiş və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyini, eyni zamanda büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 10857,40 manat hissəsinin pensiya hesablanan məbləğdən azaldıldığı bildirilmişdir. Halbuku, Milli Gəlirlər Baş İdarəsinin təqdim etdiyi məktuba əsasən 12305.28 manat kompensasiya məbləği 2024-cü ilin mart ayında ödənilmişdir. Bununla da cavabdeh onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-4-cü bəndlərinə əsasən istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiya illər üzrə ayrılıqda hesablanmır. Kompensasiya müəyyən edilmiş bir günlük əmək haqqının məbləğini məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablanır və bu məzuniyyət əvəzi pul ödənişidir. Oxşar məhkəmə qərarlarının birində Bakı İnzibati Məhkəməsinin mövqeyi də belə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 20.12-ci maddəsində qeyd olunmuş qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi və dövlət məvacibinin hesablanması qaydası, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla müəyyən edilir və bu Qaydalar əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin Qaydların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır və 9-cu bəndində isə qeyd edilmişdir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. İstifadə olunmamış əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş 10857,4 manat kompensasiya məbləği son 24 aya aid olan pul ödənişidir, illər üzrə ayrılıqda hesablanması qanunvericiliyin tələblərinə ziddir və əmək pensiya təyinatı ilə əlaqədar dövlət məvacibi müəyyən edilərkən bu pul ödənişlər də nəzərə alınmalıdır. Həmin pul vəsaiti məcburi dövlət sosial sığortasına cəlb edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununun 20.30cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Həmçinin Qanuna 1 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.11-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin pensiyası iki hissədən ibarət olur: sığorta hissə və qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrinə əsasən bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi metodologiyalar əsasında həyata keçirilir. Belə ki, əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən məbləğlərə münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Qanunun 20.30-cu maddəsinə əsasən yalnız qulluq stajına görə əlavənin məbləğinin müəyyən edilməsi zamanı onların büdcədənkənar vəsaitlər hesabına aldıqları əlavələr orta aylıq əməkhaqqının, dövlət məvacibinin və ya təminat xərcliyinin tərkibində nəzərə alınmır. Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyinin tərkibində də büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr və digər ödənişlər nəzərə alınmır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1162/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1966/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-691/2022 nömrəli 25 may 2022-ci il tarixli, 2-1(102)- 664/2024 nömrəli 5 aprel 2024-cü il tarixli qərarlarında qeyd olunduğu kimi dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. İddiaçı vergi orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 28 mart 2024-cü il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 31 il 1 ay 11 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 1440.68 manatın (son 24 ay ərzində ödənilmiş 106809.28 manatdan 61375.21 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 10857.60 manat hissəsi çıxıldıqdan sonra qalan 34576.47 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi 1152.54 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qanuna 1 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.11-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29cu maddəsinə 1 yanvar 2023-cü il tarixdən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya müvafiq artım ona vergi orqanlarının sabiq əməkdaşı kimi pensiya müəyyən edildiyi tarixdən sonra olduğundan müraciətində göstərdiyi əsasla əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin düzgün hesablanmamasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); ... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. … Azərbaycan Respublikasi Prezidentinin Fərmani ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” ...

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır.

Hazırkı iş üzrə iddiaçının hüquqi marağı istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş 10857.40 (123xx.xx-1447.88) manat kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasına yönəlmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********305800 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuş və iddiaçıya pensiya hesablanması üçün Dövlət Vergi Xidməti tərəfindən “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış” verilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-xx.xx.2024-cü il tarixlər üzrə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 3 nömrəli əlavəsinə uyğun Arayış tərtib edilmişdir. Əlavə olaraq qeyd edilir ki, son 24 ay üzrə istifadə edilməmiş məzuniyyət günləri üçün son haqq hesab məbləği 3321,19 (büdcədən 1447,68, büdcədənkənar vəsaitdən 1873,51) manat təşkil etmişdir. Bakı şəhəri X2 və Uçotun Təşkili baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, sabiq əməkdaş Fikrət Abdurəhmanova xx.xx.2007-xx.xx.2024-cü iş ili üzrə 272 (iki yüz yetmiş iki) gün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə əsasən 12305.28 (on iki min üç yüz beş manat 28 qəpik) kompensasiya məbləği hesablanmışdır. Ondan son 24 ay üzrə isə istifadə edilməmiş məzuniyyət günləri üzrə 1447.68 (bir min dörd yüz qırx yeddi manat 68 qəpik) manat məbləğ hesablanmşdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi 10857.40 (əslində 10857.6) (123xx.xx- 1447.68) manat kompensasiya məbləği 2022-ci ilədək olan dövrə aiddir, qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə dövlət qulluğunun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya iddiaçının iddia etdiyi 10857.40 (əslində 10857.6) manat onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2022-2024-cü illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Oxşar ilər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-659/2023, xx.xx.2023-cü il tarixli 2-1(102)-1042/2023 və xx.xx.2024-cü il tarixli 2-1(102)-2691/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar