Məhkəmə qərarları › İş №2-1(112)-2472/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2472/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2472/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi Filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.1977-ci il tarixli, İT-İ nömrəli əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən onun sığorta stajı xx.xx.2006-cı ilədək 22 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin xx.xx.2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1998-ci ildən xx.xx.2004-cü ilə kimi Şəmkir rayonunda yerləşmiş keçmiş Dəllər Tikinti Materialları Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını (bundan sonra – cavabdeh) göstərmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1472/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuşdur. 20 dekabr 1974-cü ildən 28 noyabr 1976-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Şəmkir rayonunda yerləşmiş xx.xx.1977-ci ildən xx.xx.1981ci ilə kimi X6 Kontorunda çilingər, xx.xx.1981-ci ildən xx.xx.2004-cü ilə kimi Dəllər Tikinti Materialları Kombinatında armatur sexində usta, çilingər, daha sonra isə armatur sexində rəis vəzifəsində işləmişdir. Lakin Dəllər Tikinti Materialları Kombinatının 1998-ci ildən sonrakı arxiv sənədləri arxivə təhvil verilməmişdir. Ona görə də, o, arxivə müraciət etdikdə Dəllər Tikinti Materialları Kombinatının 1998-ci ildən sonrakı arxiv sənədləri təhvil verilmədiyindən onun 1998-ci ildən 30 iyun 2004-cü ildə orada işləməyi barədə arxiv sənədləri aşkar edilməmişdir. İşlədiyi dövr əmək kitabçasında qeyd olunmasına baxmayaraq, Dəllər Tikinti Materialları Kombinatının 1998-ci ildən sonrakı arxiv sənədləri təhvil verilmədiyindən onun 1998-ci ildən 30 iyun 2004-cü ilədək orada işləməyi barədə arxiv sənədləri aşkar edilmədiyindən sığorta stajı 22 il 9 ay olmuşdur. Ona görə də, həmin orqan ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1977xx.xx.1981; xx.xx.1981-xx.xx.2004-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeydlər aparılmışdır. İddiaçının mübahisələndirilməyən 22 il 9 ay 2 gün sığorta stajına hərbi xidmətdə olduğu dövr-xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarix (2 il 22 gün), xx.xx.1977-xx.xx.1981-ci illlər arası Kirovabad şəhəri Qaz İstismar kontorunda işlədiyi dövr (3 il 10 ay 26 gün), xx.xx.1981-xx.xx.1998-ci illər arası Dəllər Tikinti materialları kombinatında işlədiyi dövr (16 il 9 ay 14 gün (Milli Arxiv İdarəsinin Şəmkir Filialının xx.xx.2020-ci il tarixli k-1-186 nömrəli arxiv arayışında İddiaçı Dəllər Tikinti kombinatında xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyini bildirdiyi üçün əmək kitabçasında qeyd edilən xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir) daxildir. Milli Arxiv İdarəsinin Şəmkir filialı tərəfindən verilən xx.xx.2020-ci il tarixli k-1-186 nömrəli Arxiv arayışına əsasən iddiaçı Dəllər Tikinti kombinatında xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin iddiaçının 2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2021-ci 11 oktyabr tarixli **********2 nömrəli xidməti məktub ünvanlanmışdır. Fondun **********7 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Nazirliyin "X1 Sisteminin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) sığortaolunan kimi uçota alınmamışdır. Beləliklə, iddiaçı Ə.C. Qurbanovun yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçun qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 64 il 6 aydır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 64,5 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan, iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 64,5 yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı tələb olunan ilkin şərti – yaş tələbini ödəyir. İddiaçının 25 il sığorta stajının olması məsələsinə gəldikdə, işdə olan iddiaçıya məxsus H3 №3073955 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974xx.xx.1976-cı il illərdə hərbi xidmət keçmişdir (2 il 22 gün). İşdə olan iddiaçıya məxsus ИТ-İ №0450343 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1981-ci illər arası Kirovabad şəhəri Qaz İstismar kontorunda (3 il 10 ay 26 gün) çilingər, xx.xx.1981-ci ildən xx.xx.2004-cü ilə kimi Dəllər Tikinti Materialları Kombinatında armatur sexində usta, çilingər, daha sonra isə armatur sexində rəis vəzifəsində işləmişdir (26 il 8 ay 11 gün). Cavabdeh iddiaçının 1998-2004-cü illərdə Dəllər Tikinti Materialları Kombinatında işlədiyi dövrü qəbul etməmişdir. Belə ki, işdə olan X4 Filialı tərəfindən verilmiş k-1-186 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 139 nömrəli əmr ilə Tikinti Materialları Kombinatına formovşik təyin edilmiş, xx.xx.1998-ci il tarixli 10k nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan X4 Filialının məktubdan görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 139 nömrəli əmr ilə Tikinti Materialları Kombinatına fəhlə təyin edilmiş, xx.xx.1998-ci il tarixli 10k nömrəli əmrlə işdən azad edilmişdir. Arayışda həmçinin qeyd edilmişdir ki, kombinatın 1999-cu ildən sonrakı illərin arxiv sənədləri filialda saxlanılmır. Məhkəmə qeyd edir ki, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək kitabçasındakı qeydlər şübhə doğurduqda həmin qeydlər arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri və sair ilə təsdiqləndiyi halda həmin dövrlər staj kimi qəbul edilə bilər. Buna görə də məsələnin araşdırılmsı məqsədilə məhkəmə tərəfindən də müvafiq sorğu verilmiş, X4 Filialı tərəfindən istinad olunan əmrlərin surəti məhkəməyə təqdim edilmişdir. Dəllər Tikinti Materialları Kombinatının xx.xx.1981-ci il tarixli, 139 nömrəli və xx.xx.1998-ci il tarixli 10k nömrəli əmrlərindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdə kombinatda formovşik vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdə uzun müddət işə gəlmədiyi üçün işdən azad edilmişdir. Həmçinin iş materiallarında olan X4 Filialının k-3-133 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Şəmkir Filialında mühafizə olunan Şəmkir rayon Dəllər Tikinti Materialları Kombinatının işçilərinə aid 1998-ci ilə dair əmr, əmək haqqı və 1999-cu ilə dair əmək haqqı kitablarında iddiaçının adı aşkar edilməmişdir. Göründüyü kimi, dövlət arxivində olan məlumatlarda iddiaçının xx.xx.1998-ci il tarixdə işdən azad edilməsi barədə əmr mövcud olmuş, eyni zamanda həmin tarixdən sonra, o cümlədən 1999-cu ildə iddiaçının həmin Kombinatda işləməsi barədə heç bir məlumat olmamışdır. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azərtikintisənaye” X3 Tikinti Materialları Kombinatının bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 309 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Cəmiyyətin özəlləşdirmə planında səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən özəlləşdirilmiş dövlət müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi arasında kollektiv müqavilələrin bağlanması və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“nın 1.7-ci bəndinə əsasən müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin Proqramın 4.2.1-ci maddəsinə əsasən əsas iş yeri həmin müəssisə hesab edilən işçilər özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə aid edilir: Məhkəmə qeyd edir ki, əmək kitabçasındakı qeydlər qəbul edildiyi halda iddiaçının müəssisənin özəlləşdirilməsinə başlandığı xx.xx.2001-ci il tarixə həmin müəssisədə 19 ildən çox iş stajı olur ki, belə olan halda onun adı səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olmalı idi. Lakin həmin siyahıda iddiaçının adının olmaması onun həmin tarixdə müəssisənin əmək kollektivinə daxil olmadığını, yəni həmin tarixdə müəssisədə işləmədiyini təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə Dəllər Tikinti Materialları Kombinatında işlədiyi dövrü sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Belə olan halda isə aydın olur ki, iddiaçının 64,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 25 ildən az, 22 il 9 ay 5 gün sığorta stajı mövcud olmuşdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına gəldikdə, məhkəmə qeyd edir ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İş materiallarında olan iddiaçının fərdi şəxsi hesabı haqqında məlumatlardan görünür ki, Nazirliyin "X1 Sisteminin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri bölümündən əldə edilən məlumatlara əsasən iddiaçı sığortaolunan kimi uçota alınmamışdır. Cavabdehin təqdim etdiyi məlumatdan görünür ki, “X1 X7”də xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi arayışlara əsasən onun 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüququnu pensiya kapitalına çevirdikdə isə, həmin məbləğ minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, işin istinad edilən hallarından aydın olur ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ikinci şərt, 25 il sığorta stajının olması, yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi müəyyən edilmir. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının əmək stajını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar