Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2474/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında ona təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixindən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 uzun illər daxili işlər orqanlarında işləmişdir və 25 noyabr 2016-ci il tarixində vəfat etmişdir. İddiaçıya 30 noyabr 2016-ci il tarixindən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir və hal-hazırda həmin pensiyanı alır. Pensiyanın məbləği ərinin təminat xərcliyinin 35 faizi, yəni 333,50 manat təşkil edir.Keçmiş polis əməkdaşlarının ailə üzvlərinə düşən pensiyanın miqdarının 35 faiz təşkil etməsi “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsi ilə tənzimlənir.10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun ilə həmin maddəyə dəyişiklik edilmiş, bu dəyişiklik 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir və həmin dəyişikliyə əsasən ailəyə düşən ümumi pensiya məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda, pensiya məbləği təminat xərcliyini 80 faizinə çatdırılmalıdır. X1 vəfat etməsinə görə ailədə yalnız bir nəfər pensiya alır, bu da odur. Pensiya məbləği ərinin təminat xərcliyinin 35 faizini təşkil edir. Nəticə etibarilə onların ailəsinə düşən ümumi pensiya məbləği 35 faizdir və bu səbəbdən həmin məbləğ 80 faizə çatdırılmalıdır. DSMFyə müraciət barədə 4 dekabr 2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qeyd etdiyi məzmunda məktub ilə müraciət etmişdir. İdarə tərəfindən ona ünvanlanmış 20 dekabr 2019-cu il tarixli **********8 nömrəli məktubla qeyd edilmişdir ki, Qanunun 20.17.2-ci maddəsinə 10 mart 2017-ci il tarixində edilmiş dəyişiklik ona şamil edilmir, çünki bu dəyişiklik ona pensiya təyin olunduqdan sonra baş verib. Konstitusion prinsipə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bundan əlavə Qanunun 29.3-cü maddəsinə əsasən “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.Yuxarıda qeyd olunmuş maddə (Qanunun 29.3-cü maddəsi) və Konstitusiyanın 149-cu maddəsi göstərir ki, onun ərinin təminat xərcliyi sonradan artırıldıqda, onun aldığı pensiya yenidən hesablanmalıdır. Hal-hazırda ərinin təminat xərcliyi 952.85 manat təşkil edir və ona hesablanacaq pensiya məbləği 762.28 manat (952.85 x 80% = 762.28) təşkil etməlidir.Onun aldığı pensiya məbləği 01 iyul 2017-ci il tarixindən artırmalı idi, yəni ona ərinin təminat xərcliyinin 35 faizi deyil, 80 faizi miqdarında pensiya təyin olunmalı idi. Nəticə etibarı ilə 01 iyul 2017-ci il tarixindən ona daha az məbləğdə pensiya ödənilir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. Belə ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2016-cı il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən məhrum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlar nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir, iddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin qanunda edilmiş dəyişiklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.1-ci və 20.17.2ci maddələrinə 2017-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq, 50 və va 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Qanunda edilən dəyişikliklər, əgər həmin Qanunda başqa hal nəzərdə tutulmursa, qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətinin aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdıran halları əhatə edir. Nazirliyin qaldırılan məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı normativ-hüquqi aktların tələblərini rəhbər tutaraq hüquqi vəziyyətini yaxşılaşdıran qanunun qəbul edildiyi tarixdən etibarən ərinin təminat xərcliyinin 80 faizi həcmində pensiyanın yenidən təyin edilərək ona ödənilməsinə dair göstəriş verməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiyanın yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, idarə tərəfindən 30 noyabr 2016-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə mərhum həyat yoldaşı X3 təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. 01 sentyabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhum Ə.Ə.Məmmədovun vaxtilə sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 451,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi - 179,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 112,75 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 952,85 manat təşkil etmişdir. Mərhum həyat yoldaşının təminat xərcliyinin (952,85 manat) 35 faizi - 333,50 manat məbləğində pensiya müvafiq kart hesabına köçürülür.Sözügedən Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Onun pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. İddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmiş və həmin pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2016-cı il tarixdən mərhum ərinin təminat xərcliyinin 35 faizi məbləğində pensiya təyin edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliklərlə təyin edilmiş pensiyanın məbləğində artımlara səbəb ola biləcək dəyişiklik edilsə də, həmin dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilməmiş və bununla bağlı cavabdehin hüquqi mövqeyi ondan ibarətdir ki, dəyişikliklərin qüvvəyə mindiyi tarix xx.xx.2017-ci il il olduğundan, iddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən müraciət təmin edilməməlidir. Məhkəmə cavabdehin hüquqi mövqeyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. xx.xx.2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində iddiaçının pensiyası ərinin təminat xərcliyinin 80 faizinə çatdırılmış, bununla da hüquqi vəziyyəti yaxşılaşdırılmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Qanunda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri əlavə edilmişdir (1.76-cı bənd). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericiliyin tələbini ifadə edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə, qeyd edilən normaların tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya xx.xx.2017-ci il tarixdən ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdən İddiaçı ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2474/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2474/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver