Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2474/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası X4nın sıralarında xidmətkeçmə müddətinin təqvimi hesablanmaqla 18 il 04 ay 16 gün xidmət ilinə görə təminat xərcinin 59 (əlli doqquz) faiz miqdarında 28.02.2021-ci il tarixdən əmək pensiyasının hesablanaraq, ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 ilə yaxın Daxili İşlər Nazirliyinin X4 sıralarında xidmət keçmişdir. Polis əməkdaşıdır. Xidmətkeçmə dövründə sağlamlığını itirmişdir və əlil olmuşdur. Azərbaycan Respublikası DİN Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (İndiki tabeliyində) Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (indiki Agentliyi) əyani ekspertiza komissiyasının 14.02.2011 -ci il tarixli qərarı ilə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. O, AR DİO-nı sıralarından səhhətilə baqlı pensiyaya çıxmışdır. Bundan əlavə isə onun təqvimi hesablama ilə DİO-nı sıralarında 18 il 04 ay 16 gün hərbi xidmət ili vardır. DİO-nı sıralarında xidmət keçən sıravi polis əməkdaşının xidmət keçmə müddəti Əsasnamənin 137.1-ci bəndinə əsasən 50 yaşına qədər müəyyən edilmişdir. 24.07.2021-ci il tarixdə onun 50 yaşı tamam olmuşdur. Bu yaşdan sonra onun yenidən DİO-nı sıralarına xidmətə qayıtmağı qeyri-mümkündür. 14.02.2011 -ci il tarixdən 28.02.2021-ci il tarixə 10 il ərzində (120 ay) İİ (ikinci) dərəcəli əlil olmuş polis əməkdaşı kimi cavabdeh orqandan pensiya almışdır. 14.02.2011-ci il tarixdən 06.02.2021-ci il tarixə kimi, 10 il ərzində TSEK-sı tərəfindən tibbi müayinələrdən keçmişdir. Tibbi Sosial Ekspertiza Komissiyasının 06.02.2016-cı il tarixli qərarı ilə 06.02.2021-ci il tarixə kimi ona Tibb-Sosial Yardım və Reabilitasiya xidmətləri təyin edilməmişdir. Bu haqda müvafiq sənədi o, cavabdeh orqana təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müddətinin müəyyən edilməsinə dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən ona 06.02.2021-ci il tarixdə etibarən müddətsiz İİ (ikinci) dərəcəli əlillik təyin edilməli idi. Lakin TSEK qanunun tələblərini kobudcasına pozaraq müddətsiz İİ (ikinci) dərəcəli əlliyini bərpa etməmişdir. Bu səbəbdən o, TSEK-ə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5062/2021 saylı,19.05.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. Müddətsiz İİ (ikinci) dərəcəli əlilliyi təyin olunana kimi ona, cavabdeh tərəfindən DİO-nı sıralarında xidməti müddəti təqvimi hesablanmaqla 28.02.2021-ci il tarixdən etibarən təminat xarcinin 59 faizi hesablanmaqla əmək pensiyası ödənilməli idi. Lakin cavabdeh orqan bunu etməmiş, əlil olmuş dövlət qulluqçusunun pensiya almaq hüququnu kobudcasına pozmuşdur. Bununla bağlı cavabdehə müraciət etsə də cavabdeh özünün 29.06.2021-ci il tarixli **********6 saylı məktubu ilə yalnız əlilliyinin bərpasına dair müvafiq məlumatların Mərkəzi Filiala təqdim olunduqdan sonra əmək pensiyasının bərpa edilməsi məsələsinə baxılacağını bildirmişdir. Şivan İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli 2-1(112)-1461/21 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iddiasına dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş 22.11.2021-ci il tarixli **********3 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı 24 iyun 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 25 aprel 2011-ci il tarixli 3 nömrəli məlumat vərəqəsinə uyğun olaraq Mərkəzi Filial tərəfindən cavabdehə 14 fevral 2011-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş əlilliyinin etibarlılıq müddətinin 06.02.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə ödənilən əmək pensiyası 28.02.2021-ci il tarixindən dayandırılmışdır (sonuncu pensiya ödənişi 367,45 manat). Qeyd olunanlara əsasən cavabdehə əmək pensiyasının ödənilməsi məsələsinə hazırda əlilliyinin təsdiq edəcək müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağı bildirilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;-hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;-hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;. -hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçu kimi əmək pensiyası hüququnu müəyyən edən 20 təqvim ili xidmət müddəti mövcud olmadığından (18 il 4 ay 16 gün) ona Mərkəzi Filial tərəfindən ödənilən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 izahatında iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1971-ci ildə Sabirabad rayonunda doğulmuş Mirzəyev X2 şəhəri, M.Müşviq küçəsi, ev 76 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialının 13.10.2021-ci il tarixli **********4 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 023963 saylı pensiya işinə əlavə olunmuş Daxili İşlər Nazirliyi tərəfindən əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş 25.04.2011-ci il tarixli məlumat vərəqinin surətindən müəyyən olunur ki, Mirzəyev X2 rayonu MB-nin polis nəfəri kimi 03.02.2011-ci il tarixdən ehtiyata buraxılmışdır. Məlumat vərəqində İddiaçı təqvimi xidmət illəri 18 il, 4 ay, 16 gün, güzəştli xidmət illəri 2 il 9 ay 3 gün, cəmi iş stajı və xidmət illəri 21 il 1 ay 19 gün, pul təminatı; vəzifə maaşı-152.00 manat, rütbə maaşı 100.00 manat, xidmət illərinə görə əlavə 63.00 manat, ərzaq payı əvəzində kompensasiya 64.00 manat, məharət dərəcəsi 15.20 manat, cəmi 394,20 manat qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin 25.05.2011-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 14.02.2011-ci il tarixdən 29.02.2012-ci il tarixə kimi əlilliyə görə 222,81 manat pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 33 saylı Tibbi Sosial ekspert Komissiyası tərəfindən 29.02.2016-cı il tarixli məlumatdan müəyyən olunur ki, xx.xx.1971ci il təvəllüdlü İddiaçı təkrar müayinə nəticəsində 29.02.2016-cı il tarixdən 06.02.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(112)-5062/2021 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddiaçının xəstəliyi ilə bağlı ona 05.02.2021-ci il tarixdən etibarən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli 2-1(112)-5062/2021 saylı qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29.06.2021-ci il tarixli **********6 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 25 aprel 2011-ci il tarixli 3 nömrəli məlumat vərəqəsinə uyğun olaraq Mərkəzi Filial tərəfindən ona 14 fevral 2011-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş əlilliyin etibarlılıq müddətinin 06.02.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə ödənilən əmək pensiyası 28.02.2021-ci il tarixindən dayandırılmışdır (sonuncu pensiya ödənişi 367,45 manat). Qeyd olunanlara əsasən əlilliyinin bərpasına dair müvafiq məlumatlar Mərkəzi Filiala təqdim olunduqdan sonra əmək pensiyasının bərpa edilməsi məsələsinə baxılacaqdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, DSMF Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 14 fevral 2011-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə ödənilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş əlilliyinin etibarlılıq müddətinin 06.02.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə ödənilən əmək pensiyası 28.02.2021-ci il tarixindən dayandırılmışdır. Hazırki iddia ərizəsində iddiaçı Azərbaycan Respublikası X4nın sıralarında xidmətkeçmə müddətinin təqvimi hesablanmaqla 18 il 04 ay 16 gün xidmət ilinə görə təminat xərcinin 59 (əlli doqquz) faiz miqdarında 28.02.2021-ci il tarixdən əmək pensiyasının hesablanaraq, ona ödənilməsini tələb edir. İddiaçının X4nda təqvimi xidmət illərinin 18 il 04 ay 16 gün təşkil etməsi işin mübahisə edilməyən halıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1.); hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2.); hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3.); hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (9.5.4.). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti-orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə ödənilmiş, əlilliyin müddətinin bitməsi ilə əlaqədar ona pensiyanın ödənilməsinin dayandırıldığı 28.02.2021-ci il tarixdən iddiaçı tərəfindən pensiyanın növünün dəyişdirilməsi barədə cavabdeh İdarəyə müraciət olunmadan ona 18 il 04 ay 16 gün xidmət ilinə görə təminat xərcinin 59 (əlli doqquz) faiz miqdarında əmək pensiyasının hesablanaraq ödənilməsi tələb olunmuşdur ki, cavabdeh inzibati orqana daxil olmuş iddiaçıya aid məlumat vərəqində onun xidmət illərinin 18 il 04 ay 16 gün təşkil etməsi və qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla tələbinin icrasının mümkün olmadığı bildirilmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2474/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2474/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver