Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2474/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Xətai Rayon İcra Hakimiyyəti) qarşı “çıxarışda müvafiq düzəlişlərin edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışda düzəliş edilməsini, daha dəqiq daşınmaz əmlakın ümumi sahəsinin 312,9 kv.metr deyil, 618 kv.metr kimi qeyd edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubunda göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən **********1-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evi söküldüyündən müraciətdə qeyd olunan sahə fərqinin araşdırılması məsələsi mümkün olmamışdır.
3. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixdə ona verdiyi RX seriyalı ******* nömrəli çıxarışda onun ünvan 1 ünvanında yerləşən xüsusi fərdi yaşayış evinin daşınmaz əmlakın ümumi sahəsi qrafasında aidiyyəti düzəlişi ediməsi, yəni 312,9 rəqəminin 618 (Xətai RİH-nin başçısı və 12 çinli məmurunun və Azərbaycan dövlətinin adından qərar verən məhkəmə hakimlərinin öz daxili inamı əsasında imzaları ilə təsdiq etdikləri 618) rəqəmi ilə əvəz olunması, habelə Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışında qeyd edilən 0.025 ha torpaq sahəsinin planölçüsünün və yerləşmə koordinatlarının kağız üzərində qeyd olunan surətinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, şəxsi ev tikintisi üçün Xətai RİH-nin xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə ona Xətai rayonu, Babək prospekti, 2210cu məhəllədə 250 kv.metr torpaq sahəsi ayrılmışdır. O, 2003-cü ildə evi tikib başa çatdırmış, xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi (FM seriyalı, 035032 nömrəli) almışdır. Vəsiqədə evin yaşayış sahəsi 180 kv.metr, ünvan Turşu küçəsi 23/25 kimi göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, “Qara Şəhər” ərazisində onun 2 ədəd evi var idi. Həmin evlər Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə yerləşdiyi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1967 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”nın (bundan sonra sözügedən plan) təsir dairəsinə düşmüşdür. Sözügedən ərazidən əhalinin köçürülməsi, mülklərin sökülməsi və kompensasiyanın ödənilməsi Bakı ŞİH-nin xx.xx.2007-ci il tarixli 262 saylı sərancamı ilə ADEC AİŞ-nə həvalə edilmişdir. 2007-ci ilin sonunda ADEC AİŞ AR Dövlət Əmlakının İdarə X4 Komitəsi ilə birlikdə ərazidə yerləşən mülklərin və torpaqların inventarizasiyasını aparıb, başa çatdırmışdır (Xətai RİH-nin başçısı X3 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 114 saylı məktubundan). 2008-ci ilin yanvar-aprel aylarında ADEC AİŞ sözügedən ərazidə yerləşən mülkləri, o cümlədən ona məxsus 2 evini də müqavilə əsasında sökmüşdür. Evləri söküb, altındakı çirkli torpağı təmizləyib, mülklərini bərpa edəcəyi barədə onunla müqavilə bağlanmışdır. 2013-cü ilin mart ayının 12-də ADEC AİŞ onun hər iki evini əvvəlkindən də yaxşı vəziyyətdə bərpa etdirib, ona qaytarmışdır. ADEC AİŞ onun evini bərpa etdirdikdən sonra evdə sadə təmir işləri belə aparılmamışdır. 2013cü ilin yayında Xətai RİH-nin əməkdaşlarından təşkil edilmiş 70-80 nəfərdən ibarət dəstə orada yaşayan vətədaşların “Ağ Şəhər” lahiyəsi çərçivəsində bərpa edilmiş mülklərinə, o cümlədən onun evlərinə basqılar etməyə başladı. Xətai RİH evlərin 2007-ci ildə Maliyyə Nazirliyi tərəfindən qiymətləndirildiyini, o cümlədən onun Turşu küçəsi 23/25 ünvanında yerləşən xüsusi evinə 200100 manat (256 565 ABŞ dolları) qiymət qoyulduğunu bildirmişdir. O, 10 illik bank faizlərinin bu pula əlavə edilməsini tələb etmiş, lakin Xətai RİH buna razı olmamışdır. Ona bildirilmişdir ki, sözügedən ev xüsusi mülk olsa da, altındakı torpaq dövlətindir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(82)-126/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1440/2018 saylı, AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-2360/2018 saylı qərarlarına əsasən xx.xx.2019-cu il tarixdə mülkiyyəti təsdiq edən RX seriyalı, ******* nömrəli çıxarışı natamam şəkildə, yəni evin yaşayış sahəsi 2 dəfə az göstərilməklə, habelə torpağın planölçüsü və koordinatları qeyd edilmədən əldə etmişdir. Həmçinin evin ünvanı da dəyişmiş, Turşu küçəsi 23V ünvanı verilmişdir. Xətai RİH tərəfindən tərtib edilmiş “Razılaşma aktı”nda onun evinin yaşayış sahəsinin ölçüsü 618 kv.metr göstərilmişdir. Bu rəqəm Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli 2-1(112)-4079/2021 saylı, xx.xx.2021-ci il tarixli MXMT (112)-46/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(112)-4150/2022 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-257/2022 saylı, xx.xx.2021-ci il tarixli MXMT(103)-59/2021 saylı, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli MXMT(102)-50/2021 saylı qərarlarında öz əksini tapmışdır. Bu səbəbdən o, çıxarışda müvafiq düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin imtina aldığı üçün məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş, həmçinin bildirmişdir ki, fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2ci maddəsində qeyd olunan ərizə ilə İdarəyə bu günədək müraciət etməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən “Ağ Şəhər” kompleksinin tikintisi layihəsi çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış 222,8407 hektar torpaq sahəsinin daxilində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktub ünvanlanmışdır.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Xətai Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs iclasda iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
10. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
12. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
13. Məhz göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
14. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi şərti olaraq iki hissədən ibarətdir:
1. xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışa düzəliş olunaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsinin 312,9 kv.metrdən 618 kv.metrə düzəliş edilməsi,
2. xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən 0.025 ha torpaq sahəsinin plan-ölçüsünün və yerləşmə koordinatlarının verilməsi.
15. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı qeyd edir ki, işdə olan xx.xx.2019-cu il qeydiyyat tarixli RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 312,9 kv. metr olan, həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,025 ha təşkil edir.
16. İş materiallarına əlavə edilmiş 23V saylı fərdi yaşayış evi ilə bağlı xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir, “A” tikilisi 2 mərtəbədən ibarət olmaqla, ümumi sahəsi 212,8 kv.metr, “B” tikilisi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 100.1 kv.metrdir.
17. İddiaçı hazırda həmin fərdi yaşayış evinin həqiqi sahəsinin 312,9 kv.m deyil, 618 kv.metr olmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
18. Bundan əlavə, iş materiallarından görünür ki, həmin fərdi yaşayış evi artıq mövcud deyil, sökülmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, fərdi yaşayış evi faktiki ölçü işləri aparılan ərazidə mövcud deyil, iddiaçının şifahi məlumaına əsasən sökülmüşdür.
19. Həmçinin işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli Qərarından görünür ki, işin halları kimi müəyyən olunmuşdur ki, “ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alğı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği - 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai Filialında olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında ödənişin təyinatı – “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278 530, 00 azn məbləğində vəsaiti təhvil almışdır.”
20. Eyni zamanda iş materiallarında olan Bakə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-896/2023 saylı qərardadında göstərilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 171 №li cavab məktubda qeyd edilir: Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xəttlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunmuşdur - yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat. Vət.İddiaçı yuxarıda qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X5 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir
21. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Razılaşma aktından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 189 saylı sərəncamı ilə təsdiq edilmiş komissiya ünvan 1 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618,0 kv. metr tikilisi və 2,5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminatı 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat olaraq müəyyənləşdirmişdir.
22. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi köçürülmə həyata keçirilən əraziyə düşmüş, bununla əlaqədar həmin torpaq sahəsi və üzərində yerləşən əmlak qiymətləndirilmiş, əmlakın dəyəri müəyyən edilməklə iddiaçının bank hesabına köçürülmüş, fərdi yaşayış sahəsi isə sökülmüşdür.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının çıxarış verilməsini xahiş etdiyi əmlak artıq mövcud olmadığından onun faktiki sahəsinin müəyyənləşdirilməsi, o cümlədən sahəsinə dəyişiklik edilməklə yeni çıxarış verilməsi, həmçinin alınan torpaq sahəsinə dair plan və ölçünün verilməsi mümkünsüzdür.
25. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
26. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
27. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı halda çatmaq istədiyi məqsədə nail olmaq üçün baxılan iddia ilə deyil, onun mülkiyyətində olan əmlak və torpaq sahəsinə dair əlavə kompensasiya ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.
28. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.
29. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova